22-25 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 25-ci dəfə Azərbaycanın ən irimiqyaslı sərgilərindən biri – Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” sərgisi keçiriləcək. 1995-ci ildə təsis edilmiş bu sərgi öz yubileyini yeni loqotip ilə qarşılayır. Sərgi 25 illik uğurlu fəaliyyəti ərzində dünyanın 35-dən artıq ölkəsini təmsil edən 5000-dən çox şirkəti bir araya gətirib.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, bu müddət ərzində sərgi bütün Xəzəryanı regionun inşaat bazarı üçün etibarlı işgüzar platforma kimi özünü sübut edib.


Sərgidə işgüzar əlaqələr qurulur, inşaat sənayesi üçün innovativ texnologiya və avadanlıqlar nümayiş etdirilir. “BakuBuild” sərgisi fəaliyyət göstərdiyi illər ərzində ölkə bazarında yeni texnologiyaların tətbiqinə və yerli istehsalı inkişaf etdirən və təkmilləşdirən investisiyaların cəlb olunmasına şərait yaradıb. Bir çox şirkət uzun illərdir ki, sərgidə iştirak edərək öz tarixini sərginin tarixi ilə bölüşür.


“BakuBuild” sərgisi öz yubileyində Avropa, Asiya və MDB ölkələrini təmsil edən 200-dən çox şirkəti bir araya gətirməklə, iştirakçıların beynəlxalq əlaqələrini daha da gücləndirmək niyyətindədir. Sərgidə Almaniya, BƏƏ, İran, İtaliya və digər ölkələrin milli qrupları iştirak edir. Türkiyə ilk dəfə olaraq sərgidəmilli qrupla çıxış edəcək.


Rusiya isə öz regional stendləri (Kirov, Kurqan, Lipetsk, Samara, Smolensk, Tümen, Vladimir vilayətləri, eləcə də Başqırdıstan, Qaraçay-Çərkəz, Mordoviya, Şimali Osetiya-Alaniya) ilə sərgidə debüt edəcək. İştirakçılar arasında “Assa Abloy”, “AZROS-PL”, “JAF”, “Caspian Electric”, “Faxreddin-K”, “Nabucco”, “NB Group”, “Pimapen”, “Kronospan”, “Taleh-I”, “Universal Makina”, “Akkord Cement” (Qazax sement zavodu), “Texnonikol” və s. şirkətlər yer alır. Sərginindaimi iştirakçısı - “NB Group” şirkətiqeydiyyat sponsoru qismində çıxış edir.


“BakuBuild 2019” sərgisində inşaat materialları, dam örtükləri və izolyasiya, eləcə də interyer, bəzək materialları, dizayn, boya, lak və döşəmə örtükləri, landşaft memarlığı və dizaynı, fasad, qapı-pəncərə, işıq və elektrotexniki məhsullar, inşaat avadanlıqları və texnologiyaları kimi sektorlar ilə tanış olmaq mümkün olacaq. İştirakçılar sərginin peşəkar ziyarətçilərinə inşaat sənayesinin ən son yenilik və nailiyyətlərini əyani şəkildə nümayiş etdirəcək, sərginin qonaqları isə təqdim edilən məhsulları birbaşa sərgidə sınaqdan keçirə biləcəklər.


Sərginin əlavə tədbirlər proqramı ziyarətçiləri işgüzar görüşlər, panel müzakirələri və müəllif layihələrinin təqdimatları kimi çoxsaylı imkanlarla sevindirəcək.


Beləliklə, yubiley proqramı çərçivəsində 5 oktyabr tarixində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağında quşlar üçün yuvalar və yemləmə evcikləri quraşdırılacaq. Nəbatat Bağında aparılan abadlıq işləri sərginin daimi iştirakçıları və təşkilatçıları üçün xoş ənənəyə çevrilib. Beləliklə, “BakuBuild” sərgisinin tərəfdaş və dostları tədbirin yubileyini qeyd etməklə, quşların say və növ tərkibinin qorunub saxlanmasına öz töhfəsini verəcəklər.


İlk dəfə olaraq, “Сaspian Еvent Оrganisers” (СEO) şirkətinin təşəbbüsü və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə 25-ci Yubiley Azərbaycan Beynəlxalq İnşaat sərgisi çərçivəsində alıcı missiyası təşkil olunacaq. Missiya müxtəlif ölkələrdən olan potensial müştərilər üçün maksimum səmərəli və rahat iş şəraitinin yaradılması məqsədi ilə həyata keçiriləcək.


Sərgi çərçivəsində Azərbaycan Memarlar İttifaqı tərəfindən “Architect Talks” layihəsinin və gənc memarlar arasında müsabiqənin keçirilməsi planlaşdırılır.


“BakuBuild” sərgisi ilə eyni platformada Xəzər Beynəlxalq Mebel, İnteryer və Dizayn “Caspian MebelExpo” sərgisi keçiriləcək. Bu il sərgidə yumşaq mebel, mətbəx qarniturları, otaqlararası qapılar və mebel ləvazimatlarını təqdim edəcək yerli və xarici istehsalçılar iştirak edəcəklər.


Beləliklə, “BakuBuild” sərgisi yeni loqotip və böyük tarixi ilə müasir biznesin inkişaf təmayülləri ilə ayaqlaşaraq, qısa vaxt ərzində hədəf auditoriya ilə üzbəüz görüşlər keçirməyə və yerində və dərhal biznes qurmağa imkan yaradır.