Dekabrın 7-9-da Bakı İdman Sarayında İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə I Yerli İstehsalat və İstehsal Texnologiyaları Sərgisi keçiriləcək.
Facemark.az "Report "a istinadən xəbər verir ki, KOBİA-dan bildirilib.
Məlumata görə, sərgidə ölkəmizdə fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsullar, eləcə də müasir istehsal avadanlıqları və texnologiyaları nümayiş olunacaq. Sərginin keçirilməsinin məqsədi yerli məhsulların alınmasını təşviq etmək, onları geniş istehlakçı auditoriyasına tanıtmaqdır.
Sərgidə yerli istehsalçıların son illər ərzində əldə etdikləri nailiyyətlər, yerli brendlər və onların istehsal texnologiyaları barədə məlumat almaq mümkün olacaq.
İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğuluq Agentliyi və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəsmi tərəfdaşlığı ilə keçiriləcək sərgi çərçivəsində həmçinin müxtəlif müsabiqələr, təqdimatlar və “B2B” görüşlərin keçirilməsi nəzərdə tutulur.