Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan Telekanallarının və Platforma yayımçılarının Youtube baxışları üzrə 2023-cü il I rüb üçün reytinq cədvəli" haqqında araşdırma yazısını təqdim edir!


Feedspy.net tərəfindən təqdim edilmiş statistikaya əsasən 2023-ci ilin ilk rübündə telekanalların youtube kanalları toplamda 366 milyondan çox izlənmişdir. Ötən illə müqayisədə reytinq cədvəlində bir sıra yenilikləri müşahidə edirik.


Ötən ilin ən çox izlənən youtube kanalı XƏZƏR TV-yə aid olsa da, yüksələn xətlə inkişaf edən İTV 93.4 milyon baxışla 2023-cü ilin birinci rübünün birincisi olmağı bacarıb. Aylar üzrə reytinq cədvəlinə nəzər yetirsək telekanal fevral ayı istisna olmaqla rüb üzrə birinci yerdə qərarlaşıb. Belə ki, iki Youtube kanalına malik İTV yanvar ayında 35,5, fevral ayında 36.1, mart ayında isə 21.6 milyon izlənilmişdir.


Reytinq cədvəlinin ikincisi 77,3 milyondan çox izlənən son zamanlar daha da aktivləşən ARB TV-dir. Hazırda telekanalın 5 youtube kanalı olsada, son 3 ayda toplam baxışın 36.3 milyonu yəni 46.9 faizi “ARB MUSİC” kanalı vasitəsilə əldə edilmişdir.


Qeyd edək ki, fevral ayında “ARB MUSİC” kanalının 26 milyondan çox izlənməsi həmin ay üzrə telekanalı reytinq cədvəlinin birincisi etmişdir.


Ötən illə müqayisədə 2 pillə geriləyən XƏZƏR TV rüblük reytinq cədvəlində 3-cü yerdə qərarlaşmışdır. Ənənəvi olaraq telekanalın ən çox izlənən youtube kanalı KOMEDİXANA-dır. Belə ki, rüb ərzində toplam 5 youtube kanalı ilə 54.7 milyon izlənən telekanalın 19.4 milyon yəni 35.4 faiz baxışı “KOMEDİXANA” adlı Youtube kanalı sayəsində formalaşmışdır. XƏZƏR TV-nin hazırda ən çox geriləyən youtube kanalının 3.3 milyon baxışla “XƏZƏR MUSİC“ olduğunu deyə bilərik.


Siyasi gündəmin aktivliyindən birbaşa asılı olan xəbər kanallarında qisməndə olsa geriləmə müşahidə edirik.


Son aylarda ölkənin və dünyanın siyasi gündəmində yüksək aktivlik müşahidə edilməyindən, xəbər kontent istehsalçısı “ARB 24” TV ötən illə müqayisədə 2023-cü ilin ilk rübündə bir qədər geriləyərək 47.7 milyon baxışla reytinq cədvəlinin dördüncü yerində qərarlaşmışdır.


Son illərdə ölkəmizdə telekanallar Youtube kanallarının baxışlarını artırmaq üçün kanalın daxilində SEO optimizasiyası etmək ilə yanaşı müxtəlif adda telegram kanallarından və google search reklamlarından aktiv istifadə edir. Sirr deyil ki, aylar üzrə Youtube baxış saylarının dəyişkən olma səbəblərindən biridə məhz budur.




Reytinq cədvəlini beşincisi 40.9 milyon baxışla ATV telekanalıdır. Ötən illə müqayisədə bir qədər geriləyən telekanalın ən yüksək baxış topladığı youtube kanalı “ATV SHOW”, ən az isə “ATV NEWS”-dır. Telekanalın geriləməsində əsas rol oynayan “ATV MUSİC” kanalının ötən illərlə müqayisədə daha az izləndiyini müşahidə edirik. 1.42 milyon abunəçisi olan “ATV MUSİC” kanalı rüb ərzində cəmi 4.2 milyon izlənilmişdir.


2022-ci ildə toplam 59.1 milyon izlənən AZTV, cari ilin ilk rübündə 22.6 milyon baxışla reytinq cədvəlinin altıncısı ola bilmişdir. I rüb üçün qənaətbəxş göstərici nümayiş etdirən telekanal növbəti rüblərdə də izlənmə dinamikasını yüksək saxlaya bilərsə, ötənilki baxış göstəricilərini rahatlıqla üstələyə biləcəyini proqnozlaşdırmaq olar.


Rus dilində kontent istehsalçılarından olan “CBC AZƏRBAYCAN”ın izlənmə dinamikası ötən il ilə müqayisədə kəskin fərq olmadığını deyə bilərik. Belə ki, ötən il toplam 71.9 milyon izlənən kanal, 2023-cü ilin ilk rübündə 20.7 milyon baxışla cədvəlin yeddincisi ola bilmişdir.


Cədvəlin son dördlüyünü təşkil edən CBC SPORT, MTV, REAL TV, SPACE TV-nin ötən illə müqayisədə gerilədiyini müşahidə edirik.


Televiziyaların Youtube kanallarında geriləmələr kontent siyasətinin dəyişməsi, zəif SEO optimizasiyası, copyrightla bağlı şikayətlər(strike) və.s başqa səbəblər ola bilər


Televiziya mövsümünün bitməsinə ortalama 3 ay qaldığını nəzərə alsaq, kanalların ötənilki göstəriciləri üstələmək üçün yaxşı imkanının olmasını deyə bilərik.