Vəsaitlərin geri qaytarılmaması hazırda kifayət qədər geniş yayılmış hadisədir. Bu o deməkdir ki, borcalan kredit müqaviləsinin şərtlərinə əməl etmir.

Borcun qaytarılmaması hallarına bunları aid etmək olar: əsas borc və kreditə görə faizlərin ödənişi cədvəlinə uyğun olaraq ödəmələrin edilməməsi və ya vaxtında aparılmaması, ödəniş vaxtının keçməsi, istənilən ödənişlərdən yayınmaq üçün uzunmüddətli cəhdlər və s.

Belə vəziyyətin qarşısını almaq üçün kreditorlar müştərilərini öz həyatlarını və müqavilədən irəli gələn bütün riskləri sığorta etməyə, müqaviləyə zamin cəlb etməyə və s. məcbur edə bilər. Amma adətən hətta bu addımlar belə borcların vaxtında qaytarılmasını təmin etmir. Ona görə də kredit təşkilatları vəsaitlərinin geri qaytarılması üçün «alternativ» variantları nəzərdən keçirməli olur.

Hüquqi üsullar

Bu problemin sivil həlli yollarını hüquqşünaslar tapa bilərlər. Baku Law Centre şirkətinin hüquqşünası, borcların qaytarılması problemi üzrə mütəxəssis Tahir Əliyevin sözlərinə görə, borcun qaytarılması prosesini iki mərhələyə bölmək lazımdır.

«Birinci mərhələ soft collection adlanır. İlkin mərhələdə borclu olan şəxslər borcların verilməsilə bağlı öhdəlikləri barədə məlumatlandırılır və ödənişin edilməsi faktı əsaslandırılır. Vaxtı ötmüş borcla işin ilkin mərhələsi borclu şəxslər və zaminlərlə distant əlaqədən ibarətdir (telefon zəngləri, SMS, xəbərdalıq məktublarının göndərilməsi). Bu mərhələdə borclu şəxslərin 50%-i borclarını qaytarır.
İkinci mərhələ hard collection adlanır. Bura borclu şəxslər və zaminlərlə əlaqə proseduru daxildir (görüşlər, borclu şəxsin yaşayış, iş yeri üzrə axtarışı və s.)», - deyə mütəxəssis bildirir.

Əgər danışıqlar səmərə vermirsə, borcların məhkəmə vasitəsilə alınması variantına dəstək olaraq KİV, internet-resurslar vasitəsilə məsələyə ictimaiyyətin dəqqətini cəlbetmə faktından istifadə etmək olar. Adətən bu, məsələni məhkəməyə qədər həll etməyə imkan verir, çünki hesab olunur ki, məhkəməyə müraciət avtomatik olaraq «qara PR» qismində çıxış edə bilər. Belə halda borcun alınması üçün edilən təsir həm də borclu şəxsin nüfuzuna da yönəlmiş olur. Əgər borclu şəxs nüfuzunun ləkələnməsindən çəkinirsə və sahibkarlıq fəaliyyətində kiçik subyekt deyilsə, bu da çox vaxt lazımi səmərəni verir.

Əgər razılaşmaq mümkün olmayıbsa, artıq kreditor öz haqqını növbəti mərhələdə də tələb etməli olacaq. Kreditorun leyhinə çıxarılan məhkəmə qərarından sonra borcların geri qaytarılması məhkəmə icraçıları tərəfindən həyata keçirilir.

Bu iş üzrə Azərbaycan hüquqşünaslarının xidmətlərinin qiyməti barədə məlumat ala bilməsək də, MDB ölkələrində belə xidmətlər «nəticəyə uyğun olaraq» qaytarılan borcun 10-30%-i həcmində ödənilir (problemin mürəkkəbliyindən asılı olaraq). Belə yanaşma, bir qayda olaraq, maliyyə baxımından artıqlaması ilə özünü doğruldur. Çünki adətən borcla yanaşı məhkəmə cavabdeh şəxsdən hüquqi xidmətlərə görə ödənilən məbləği də tələb edə bilər. Bundan əlavə vəsait və zamanla yanaşı, kreditor həm də öz əsəblərinə də qənaət edir.

Kollektor fəaliyyəti

Borcların geri qaytarılması üzrə geniş yayılmış üsullardan biri də kollektor agentliyinə müraciətdir. Bu qurum kreditor və borclu şəxs arasında vasitəçilik edir, borcun qaytarılması üzrə aparılan işə görə müəyyən faiz alır. Adətən agentliklərin özləri kreditor rolunda çıxış edə bilər. Yəni ilkin kreditor borcla bağlı hüquqlarını agentliyə satır. Belə xidmətlər borcun məbləğinin 20-50%-i həcmində ödənilə bilər.

Son dövrədək Azərbaycanda kollektor agentlikləri yox idi. Birinci belə qurum, demək olar, bu yaxınlarda yaranıb. 2011-ci ilin dekabrında kapitalı 100 manat olan «BOA» məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatından keçib. T.Əliyevin sözlərinə görə, kollektor agentlikləri uğurla inkişaf edəcəklər. «Məsələ burasındadır ki, bizim ölkədə borclu şəxslərin əksəriyyəti bildirirlər ki, onlar sadəcə borclarını unudurlar və əgər kreditor məhkəməyə qədər bu barədə yada salsaydı, onlar bu işi məhkəməyə qədər həll edərdilər. Mənim təcrübəmdə belə hallar tez-tez baş verir», - deyə mütəxəssis bildirir.

Qanundan kənar

Dünya təcrübəsi göstərir ki, adətən kollektor agentliklərinin fəaliyyəti onların tətbiq etdikləri üsullar, hədə-qorxu gəlmələri, həmçinin fiziki məhv etmə kimi hallar səbəbindən qanundan kənara çıxır. Amma bütün bunlar qanunilik adı altında edilir, amma belə halların qanuniliyi məsələsi həmişə açıq qalır.

FinEko agentliyi xəbər verir ki, bir sıra Azərbaycan banklarında yenidən kollektor şöbələri yaranıb. Onlar borclu şəxslərdən zorla pulu almaq üzrə ixtisaslaşıblar. Bir qayda olaraq belə şöbələr peşəkar idmançılardan ibarət olur, vəsaitə ehtiyacı olmur və bankların borcu qyatarmama böhranına bir növ reaksiyası kimi büruzə olunur. Vaxtı ötmüş borclar artıq kredit portfelinin 6,5%-ni təşkil edir və bu göstərici artmaqda davam edir.

Müqayisə üçün deyək ki, dünya təcrübəsinə əsasən, ümumi portfeldə vaxtı ötmüş kreditlərin münasib xüsusi çəkisi 4-5% olur. Bir tərəfdən, belə bir fikir var ki, «kollektorların» xidmətlərindən istifadə edən təşkilatın potensial tərəfdaşlar arasında nüfuzu aşağı düşə bilər, amma digər tərəfdən, bu addım zamanın tələbidir.

«Biznes Dialoq» işgüzar klubunun təsisçisi Aleksandr Məhərrəmovun sözlərinə görə, bəzi hallarda borclu şəxslərlə barter etməklə razılaşmaq olar.

«Elə hallar olur ki, əldə edilən məhsul və xidmətlərə görə müəyyən səbəblərdən pul ödəyə bilməyən şirkət bunun əvəzini eyni qiymətdə xidmətlər təqdim etməklə verir. Bu halda hər iki tərəf qazanır: şirkət borcunu silir, kreditor isə öz itkisini alternativ yolla qaytarır və süründürməçilikdən canını qurtarır», - deyə ekspert bildirir.

Beləliklə, bu mövzu ilə bağlı kreditorların problemə baxışları fərqlənir. Hər şirkət ona ucuz başa gələn və vaxtına qənaət edən üsuldan istifadə edir.


Biznesinfo.az