Bu yazıda iş yerində işçilər arasında yaranan konfliktlərdən söhbət açıram. O işçilər arasında ki, onlar birlikdə vahid komanda əmələ gətirir, onlar vahid məqsədə doğru irəliləyir. Bəli, normalda bütün işçilər ümumi məqsədə doğru çalışmalıdır.Əgər işçilər inansalar ki, hədəfləri eynidir, digərinin gördüyü iş özünü də hədəfə daha tez yaxınlaşdırır, bu zaman niyə konflikt olsun ki?


Bunun təmin olunması liderin başlıca vəzifəsidir. Bu təmin olunmayıbsa – yəni resurslar düzgün səfərbər olunmayıbsa, motivasiya yeterincə deyilsə, işçilərin hamısı şirkətin ümumi məqsədlərini eyni dərəcədə başa düşmürsə, bu, liderin yerində olmamasının göstəricisidir.
Motivasiya birbaşa liderliklə bağlı məsələdir. Şirkətdə motivasiya sistemində axsama olarsa, işçilərin ümumi məqsədlərə doğru irəliləməsi təmin oluna bilməz. Sistemin dəyişilməsinə ehtiyac var. Bəzən daha “asan” çıxış yolu kimi işçiləri dəyişirlər, sonra da şikayət edirlər ki, bu vəzifəyə kim gəlirsə, xeyri olmur. Əslində elə deyil. Motivasiya sistemini düzgün şəkildə, işçinin marağı təmin olunmaqla qur. Konflikt maraqdan doğar. Bu qədər sadə.


Qeyd edək ki, işçilər arasında narazılıq həmişə olub. Bundan sonra da olacaq.Burada söhbət konfliktin tamamilə aradan qaldırılmasından yox, minimumlaşdırılmasından gedir.
İşçi xaraktercə konfliktə meylli ola bilər. Və ya konflikt üçün hansısa səbəb ola bilər. Amma bütün hallarda işçini konfliktə getməkdən saxlayan nələrsə (motivlər) olmalıdır. İş yerində sağlam atmosfer qurulmalıdır. Məsələn, lider işçilərin problemini dinləməli, işçiləri fikirlərini söyləməyə təşviq etməlidir. İşçi hiss etsə ki, şikayəti, təklifləri “eşidilir”, bu halda bir çox stresslərdən xilas olacaq, özünü tək hiss etməyəcək. Hər bir işçinin psixoloji durumu, şəxsi problemləri ilə maraqlanmaq da mühüm şərtdir. Bir halda ki, işçinin şəxsi problemləri onun işinə birbaşa təsir edir, deməli, bu, şirkət üçün də böyük əhəmiyyət kəsb edir.


İşçilərlə münasibətdə ədalətlilik nə qədər yüksək səviyyədə gözlənilərsə, konfliktlərin azalmasına, sağlam iş mühitinin formalaşmasına səbəb olar. Əks halda, rəhbərlik tərəfdən müxtəlif işçilərə fərqli məsafənin saxlanılması, “xəbərçilik”in normal qarşılanması iş mühitini çirkləndirər, konfliktlərin çiçəklənməsinə səbəb olar. Mümkün deyil ki, “xəbərçilik”ə rəvac verən liderin hörməti olsun. Rəhbər əməldə sübut etsə ki, bütün işçilərə məsafəsi eynidir, ayrıseçkilik yoxdur, bu halda sözünün çəkisi olacaq.


Konflikt mühitinin yaranmasına səbəb bəzən işdə qeyri-müəyyənliklərin çox olması ilə bağlı olur. Bunun qarşısını almaq məqsədilə bəzi şirkətlər "açıq menecment" həyata keçirirlər. Açıq menecment – şirkətə aid məlumatların işçilərlə bölüşülməsini nəzərdə tutur. Şəffaflığa üstünlük verilir. Bu halda işçidə şirkətə qarşı inam artır, bağlılıq yaranır. Əks halda, nə qədər gizlilik olsa, o qədər qeyri-müəyyənlik, anlaşılmazlıq olacaq.


Konfliktlərin minimuma endirilməsi şərtlərindən biri də tərəflərin problemlərə nə dərəcədə konstruktiv yanaşmalarından asılıdır. Səmimi olaraq konfliktin yaranmamasına çalışan hər bir kəs nəzərə almalıdır ki, öz davranışına təsir imkanı daha çoxdur, problemlər böyüdülməməlidir. Təqsirkar axtarmaqdansa, bütün səyləri problemin həllinə yönəltmək lazımdır.