Martın 13-də Milli Məclisdə "Ali təhsil haqqında" qanun layihəsi ilə bağlı Elm və Təhsil Nazirliyi ilə birgə ictimai dinləmə keçirilib.
Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub. İctimai dinləmədə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri iştirak ediblər.
Dinləmədə açılış nitqi ilə çıxış edən Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı 570 təklif daxil olub. Sədrin sözlərinə görə, təkliflər müzakirə edilib və 301 təklif qanun layihəsində nəzərə alınıb. Qanun layihəsi 12 fəsil 55 maddədən ibarətdir. Komitə sədri əlavə edib ki, doktorantura təhsilinə köklü şəkildə qanun layihəsində yer verilib.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsündən danışıb. Nazir bildirib ki, bu gün orta ixtisas təhsili müəssisələri əmək bazarı tərəfindən tam anlaşılmır. Ali təhsil müəssisələrinə akademik muxtariyyətin verilməsini doğru istiqamət kimi qiymətləndirən nazir əlavə edib ki, ilk məsələ fakültələrin muxtariyyətidir.
Daha sonra çıxış edən ali təhsil müəssisələrinin rəhbərləri reytinqlərdə irəliləmə yollarından danışıblar.
Dinləmədə ali təhsil müəssisələrində rəqabətlilik, qəbul qaydaları, keyfiyyətli ali təhsil, doktorantura təhsilinin müasirləşdirilməsi və digər məsələlərə də toxunulub.