Mayın 4-də Heydər Əliyev sarayında məktəblilərin iştirakı ilə ümummilli lider Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş “Tarix yaradan şəxsiyyət” adlı yubiley konserti keçiriləcək.
Facemark.az xəbər verir ki, bu barədə məlumat Elm və Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub. Konsertdə məktəblilər ulu öndərin ən sevdiyi mahnıları səsləndirəcək, həmçinin Heydər Əliyevə həsr olunan bədii qiraət və digər ədəbi-bədii kompozisiya nümunələri nümayiş etdirəcəklər. Bununla yanaşı, tanınmış mədəniyyət və incəsənət xadimləri də uşaqlarla eyni səhnəni bölüşəcəklər.
Tədbirdə Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər inkişaf mərkəzləri, Bülbül adına orta ixtisas musiqi məktəbi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyası və digər incəsənətyönümlü təhsil müəssisələrinin şagirdləri böyük səhnədə çıxış edəcəklər. Heydər Əliyevin həyat yolu, zəngin və çoxşaxəli irsi, zəngin dövlətçilik təcrübəsini özündə əks etdirən videoçarxlar da nümayiş olunacaq.
Konsertdə Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri, eləcə də Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 1500-ə yaxın şagirdin tamaşaçı qismində iştirakı nəzərdə tutulur.