Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının illik ümumi yığıncağı keçirililib. Görüşdə Federasiyaya üzv olan yaradıcı sahələri təmsil edən assosiasiya və birliklər, kreativ şirkətlərin nümayəndələri və yaradıcı sahələrdə çalışan fərdi sahibkarlar iştirak edib.
İlk olaraq, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri Vasif Eyvazzadə Federasiya üzvlərini salamlayıb və ölkəmizdə son illərdə yaradıcı sənayelərin inkişafı istiqamətində görülən işlərdən, bu sahədə dövlət-özəl tərəfdaşlığı ilə baş tutmuş tədbirlər və layihələrdən bəhs edib, eləcə də yaradıcı sənayelərin inkişafı ilə əlaqədar qarşıda dayanan hədəflər və öhdəliklər barədə iştirakçılara məlumat verib. Xüsusi olaraq, yaradıcı sənaye sahələri üzrə aktiv təşkilatlanma proseslərindən bəhs edərək, son illərdə neçə-neçə yeni yaradıcı birliklər və müasir assosiasiyaların yaradıldığını, dövlət qeydiyyatına alındığını qeyd edib, həmçinin buna paralel olaraq sahəvi məsələlərin həllində tərəfdaşlıq mexanizmlərinin daha da asanlaşdırılmasından və bu yolla birgə bir neçə ortaq təşəbbüslərin, layihələrin və tədbirlərin uğurla baş tutduğunu iştirakçıların diqqətinə çatdırıb.
Ardından, Federasiyanın İdarə heyətinin sədr müavini Telman Məlikzadə Federasiya üçün Britaniyalı ekspertlərlə birgə hazırlanmış təşkilati strategiya haqqında məlumat verib və strateji istiqamətlər (təşkilatdaxili, xarici və sektoral) üzrə nəzərdə tutulan fəaliyyətlər haqqında vacib məqamları qeyd edib. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənədinin yaradıcı sənayelərin inkişafı üzrə müvafiq fəaliyyətlərin icrasında məsul qurumlarla birgə yaradıcı sənaye təmsilçilərinin də aktiv birgə iştirakda rol almasının vacibliyini qeyd edib.
Sonra, Federasiya üzvləri ilə təşkilati məsələlər, yaradıcı sənayelərdə fəaliyyət göstərən təşkilatların fəaliyyətləri, yeni yaranmış təşkilatların üzləşdiyi çətinliklər, eləcə də beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirə aparılıb və ayrı-ayrı sahələrə dair aktual məsələlər ətrafında tövsiyə və təkliflər səsləndirilib.
Sonda, müzakirə predmeti olaraq görüşdə səsləndirilən aktual təklif və tövsiyələr əsasında Federasiya üzvləri tərəfindən müvafiq qurumlara müraciətlərin hazırlanıb göndərilməsi razılaşdırılıb.
Yığıncaqda Moda Dizaynerləri birliyi, Marketinq Peşəkarları birliyi, “Sintetik” ictimai birliyi, Gilavar Foto Klubu, Azərbaycan Animasiya Assosiasiyası, Arts Council Azerbaijan, Endorphin reklam agentliyi, ”Next Group”, “Veb Koder”, “INNOVAMEDIA”, “Fərəh-Rövşən”, “Qlobal Kommunikasiyalar və İnnovasiyalar”, Education HUB, “Narimanfilm”,“FİL AGENCY”, “Facemark” şirkətlərinin və ƏSA teatrının nümayəndələri, eləcə də Federasiyaya fərdi qaydada üzv olmuş yaradıcı peşəkarlar və sənətkarlar iştirak etmişdir.