Facemark.az Ramin Fərəcullayevin "Azərbaycan telekanallarının "YouTube" reytinqi" haqqında araşdırma yazısını təqdim edir!


Son illərdə Azərbaycanda "YouTube" platformasına artan maraq yerli telekanalların "YouTube" hesablarında özünü göstərir.


Ənənəvi medianın əsas oyunçularından olan televiziyalar son illərdə sosial media hesablarını ən yüksək səviyyədə təkmilləşdirərək izləyicilərini artırmağa çalışırlar.


Belə ki, Azərbaycan telekanalları da dünya praktikasına uyğun olaraq televiziyada yayımlanan verilişləri, filmləri, serialları "YouTube" hesablarında paylaşaraq ən böyük kontent istehsalçısına çevrilib.


Feedspy.net saytının təqdim etdiyi statistikalara əsasən ilin ilk 8 ayında Azərbaycan telekanallarının "YouTube" kanallarında toplamda 500 milyondan çox baxış göstəricisin olduğunu müşahidə edirik.


10 illik "Youtube" kanalı tarixinə malik "Xəzər" televiziyası 161 milyondan çox baxış ilə reytinq cədvəlinə liderlik edir. Kontentlərini ümumi, xəbər, musiqi, film və komediya kateqoriyaları üzrə yayımlayan telekanalın 5 "Youtube" kanalı mövcuddur.


Qeyd edək ki, “Komedixana” adlı "YouTube" kanalı ilin ilk 8 ayında 67 milyondan çox baxış toplayaraq telekanalın reytinq cədvəlinə liderlik etməsində 40 faizdən çox paya sahibdir.





Reytinq cədvəlinə nəzər yetirərkən 1-ci yer sahibi ilə 2, 3, 4-cü yerlərdəki kanallar arasında 60 faizdən çox fərqin olduğunu görürük. Buna səbəb kimi telekanalın 5 "Youtube" kanalı ilə toplam 3.5 milyondan çox abunəçi kütləsinə malik olmasını da göstərmək olar.


2-ci yerdə qərarlaşan "ATV" telekanalı da "Xəzər" televiziyası ilə oxşar "YouTube" idarəetməsi strategiyası formalaşdıraraq 5 "YouTube" kanalına sahibdir. Telekanalın toplam 101 milyondan çox baxış toplamasında “ATV SHOW” adlı "YouTube" kanalının payı 50 faizdən yüksəkdir.





Rebrendinqdən sonra köklü dəyişikliklərə nail olan "İctimai" televiziya 2022-ci ilin 8 ayında da "YouTube" platformasında yüksək göstərici göstərməyə davam edir. “İTV Plus” və “Yeraltı” adlı daha 2 "Youtube" kanalı olan telekanal əsasən bütün kontentini “İTV” adlı "YouTube" kanalında paylaşır. Reytinq cədvəlində 95 milyondan çox baxış sayıyla 3-cü yerdə qərarlaşan telekanal operativ və eksklüziv xəbər sujetləri ilə izləyicilərin diqqətini cəlb edə bilib.





Son 2 ildə reytinqli şou və sosial yönümlü verilişlərlə fərqlənən "ARB" telekanalı "İTV"dən çox az fərqlə 4-cü yerdə qərarlaşıb. Yalnız 1 "YouTube" kanalı olan telekanal kifayət qədər böyük nəticə göstərərək ilin ilk 8 ayında 94 milyona yaxın baxış toplaya bilib.


Dövlət tədbirləri, rəsmi səfərlərin eksklüziv yayımçısı olan "AzTV" son 1 ildə böyük inkişaf yolu qət etdiyini deyə bilərik. Belə ki, rəsmi xəbərlərin əsas yayımçısı olan telekanal öz kateqoriyasına görə uğurlu nəticə göstərərək ilin ilk 8 ayında 22 milyondan baxış toplaya bilib.


Sosial-siyasi analitik verilişləri ilə spesifik izləyici kütləsi olan “ARB 24” öncəki illərə nisbətən nəticələrini yaxşılaşdıraraq 6-cı yerdə qərarlaşa bilib. 9 milyona yaxın baxış toplayan telekanalın "YouTube" kanalının baxış sayının az olmasının spesifik kontent kateqoriyasının və rəqiblərindən daha az abunəçi sayının olması ilə əlaqələndirə bilərik.


Musiqi kanalı olaraq mövqeləşən "MTV" məşhur aparıcıların telekanala gəlməsi ilə sosial media hesablarıda aktivləşib. 8 ayda 4 milyondan bir qədər çox baxış toplayan telekanal əyləncə kateqoriyasına görə aşağı baxış toplasa da, böyümə potensialı kifayət qədər yüksəkdir.





Rebrendinqdən sonra böyük ümidlər bəslənən "Space" TV-nin proqramında şou və sosial yönümlü verilişlər olsa da əhəmiyyətli səviyyədə sosial mediada aktivlik yarada bilmir. 8 ayda 3.8 milyon baxış toplayan telekanal potensial baxış sayından aşağı göstərici göstərdiyi deyə bilərik.


Xəbər kanalı olaraq mövqe tutan "REAL" TV-nin "Facebook" üzrə orta aktivlik göstəriciləri olsa da, uzun müddətdir "YouTube" platformasında arzuedilən nəticə göstərə bilmir. Belə ki, 125 min abunəçisi olan kanal 8 ayda cəmi 1.8 milyondan çox baxış toplaya bilib.