SEO - İngilis dilindəki “Search Engine Optimization” sözlərinin qısaldılmasıdır. SEO – saytda düzgün addımlar atmaq yolu ilə, heç bir ödəniş etmədən axtarış sistemlərininin nəticələrində ilk sıralarda tapılmasıdır. Diqqətlə oxudunuzsa, ilk sıralarda dedik. Bir çoxları bu hissəni “1.sırada çıxmaq” kimi anlayır və bu da daha sonra SEO işi görənlərə problem yaradır. Çünki Google-da 1.sıraya çıxmaq yalnızca sizin əlinizdə deyil. Bu rəqiblərin gördüyü işlər, yer aldığınız sektordakı rəqabət və alqoritmlərdən də aslı bir prosesdir.


Nəzərə alaq ki, şirkətin sayt istifadəyə verməkdə əsas məqsədi öz məhsul yaxud xidmətlərini daha çox kütləyə çatdırmaq və bunun nəticəsində satışlarını artırmaqdır. Axı heç kəs saytı özü üçün yaratmır. Müştərilər hazırda hər şeyi Google-da axtarır. Yuxarıda qeyd etdiyimiz satışların artması, məhsul yaxud xidmətinizi daha çox insana çatdırmaq üçün isə atmalı olduğunuz bir neçə addım var. SEO vebsayta istifadəçi cəlb etməyin ən effektiv üsullarından biridir.

1.Yaxşı kontent (məzmun) istehsal edin.


21-ci əsrdə “Content is king” ifadəsi bu sahədə olanların tez-tez istifadə etdiyi ifadələrdəndir. Google verdiyi bəzi açıqlamalarda yaxşı kontentin hər zaman öndə olacağını və dəyərləndiriləcəyini vurğulayır. Məzmun dedikdə bu ümumiyyətlə bir blog, video, sosial media postu və foto kontent ola bilər. İnternetdə milyonlarla kontent var. Bu kontentin böyük hissəsi məlumat üçün yararlı deyil. İnsanlar keyfiyyətli məlumat axtarırlar. Bu keyfiyyətli məzmun insanların suallarına cavab verməli və onlara faydalı olmalıdır.

2. SEO analiz alətlərindən istifadə edin.


Xüsusi saytlar var ki, siz bu saytlar vasitəsilə SEO analiz edə bilər və hansı addımların atılması lazım olduğunu görə bilərsiniz. Bu saytlardan bəzilərində izahlı şəkildə nə etmək lazım olduğu qeyd edilir


Bəzilərini sizə təqdim edirəm. Linklərə daxil olaraq saytınızı analiz edə bilərsiniz.


woorank.com
seositecheckup.com
seohocasi.com
seoptimer.com
seobility.net
gtmetrix.com


3. Yaxşı Title (başlıqlar), Description və Keywords yazın.


Saytda qoyduğunuz başlıqdan əlavə Google axtarış sistemində sizin səhifənizin bir başlığı olmalıdır. Bu başlıq sizin səhifənizi istifadəçiyə elə təqdim etməlidir ki, o şəxs sizi seçsin. Bir növ satışa yardımçı başlıqlar yazmalısınız.

Açıqlayıcı description yazın. Saytdakı hər bir səhifənin təsviri yazılmalıdır. Bu təsvir sayta daxil olduqda görünmür və yalnız axtarış nəticələrində istifadəçilərə görünür. Həmçinin meta description adlanan bu təsvir də Google botlarına səhifəniz haqqında məlumat verir. Aşağıdaki şəkildə title və description nə olduğunu göstərilir.



Açar sözləri saytınızda çox işlədin. Saytınızda yerləşdirdiyiniz məlumatlar, bloqlar, xəbərlər, xidmətlər və s. bölmələrində olan yazılarda axtarışda ön sırada çıxmaq istədiyiniz açar sözləri çox işlədin. Bu açar sözlər haqqında yazılara xüsusi önəm verin. Ancaq “Açar söz, açar söz, açar söz” şəklində olması düzgün deyil, bu mənfi haldır.


Bloq yazın. İnsanlara fayda vermək çox önəmli amildir. Mənim fikrimcə marketinqin qızıl qaydalarından biridir. İzləyicilər, müştərilər və sayt istifadəçiləriniz üçün davamlı bloqlar yazın. Bu bloqlar, əsasən hədəf qoyduğunuz açar sözlər ilə bağlı geniş və keyfiyyətli olmalı, həm də insanlara axtardıqları sualların cavabını vermə bilməlidir.

Saytınızın mobil versiyasına önəm verin. İstifadəçilərin əksəriyyəti telefon vasitəsilə axtarış edir. Bu da sizin böyük bir kütlənizin saytınızın mobil versiyasından istifadə etməsi deməkdir. Saytınız bu istifadəçiləri nə qədər çox razı salsa sizin SEO nəticləriniz də yüksək olacaqdır. Saytınızın mobil versiyasında olan problemləri aradan qaldırın və rahat bir vəziyyətə gətirin.

Kiçik sahibkarlar və biznesə yeni başlayıb bu fəaliyyətlərə büdcə ayıra bilməyənlər üçün nəzərdə tutduğum bu yazı həmin şəxslərin özlərinin görə biləcəyi başlanğıc addımları əhatə edir. SEO daha dərin və kompleks bir işdir və nəticə almaq elə də asan deyil. Əgər bloqu oxuyub öz saytınız üçün addımlar atmaq istəsəniz YouTube-dan istifadə edərək də yazılanları daha doğru həyata keçirə bilərsiniz.


Müəllifin digər məqalələrini oxumaq üçün orxansalmanov.com saytına daxil ola bilərsiniz.


Orxan Salmanov