Facemark.az Fərid Abdıyevin yeni köşə yazısını təqdim edir!


Hər bir müəssisə vaxtaşırı məhsul və xidmətlərinin rəqabət qabiliyyətliliyini təhlil etməli və rəqabət üstünlüyü əldə etməyə imkan verən tədbirlər həyata keçirməlidir. Məhsulun rəqabət qabiliyyətliliyi dedikdə texniki və dəyər parametrlərinə, istehlak xüsusiyyətlərinə və onu xarakterizə edən digər parametrlərə görə bazarda olan rəqib məhsullardan üstün olması və bunun sayəsində müəssisənin rəqabət üstünlüyü əldə edilməsi başa düşülür. Başqa sözlə, məhsulun rəqabət qabiliyyətliyi onun rəqib məhsullarla müqayisədə daha sərfəli satılma, rəqabətə davam gətirmə qabiliyyətidir.


Məhsulun rəqabət qabiliyyətliliyi məhsulun texniki parametrlərinin və istehlak özəlliklərinin, həmçinin dəyər parametrlərinin rəqib məhsulların müvafiq göstəriciləri ilə müqayisə edilməsi əsasında müəyyən edilir.


Məhsulun rəqabət qabiliyyətliliyinə verilən tərifdən göründüyü kimi onun əsasını məhsulun keyfiyyəti təşkil edir. Məhsulun keyfiyyəti onun xarakteristika və özəlliklərinin istehlakçıların bəyan edilən və ya nəzərdə tutulan tələbatlarına uyğunluq səviyyəsidir. Məhsulun keyfiyyəti bir sıra amillərlə müəyyən edilir. D. Qrivin məhsulun keyfiyyətini aşağıdakı 8 elementin təşkil etdiyini qeyd edir:


- Məhsulun istifadəsinin effektliliyini, yəni məhsulun özünün əsas funksiyasını yerinə yetirə bilmə qabiliyyətini;


- Məhsulun unikal xüsusiyyətlərini, yəni özünün əsas funksiyasına əlavə olaraq təklif etdiyi digər üstünlüklərin məcmusunu;


- Şəraitə uyğunlaşmanı, müəyyən üstsnlük səviyyəsinə cavab verən norma və standartlara uyğunluğu;


- Etibarlılığı, qüsurların olmamasını və ya müəyyən edilmiş dövr ərzində işdə gözlənilməz, planlaşdırılmayan fasilələrin olmamasını;


- Davamlılığı (uzunömürlülüyü), yəni məhsulun (resursun) normal istismar müddəti və ya onun köhnəlib sıradan çıxana qədər istifadə edilmə tezliyini;


- Servisi, yəni satışdan əvvəl, satış prosesində və satışdan sonra təklif edilən servis xidmətinin miqyasını, sürətini və effektliliyini;


- Estetikliyi və ya xarici görünüşü, məhsulun dizaynını, zahiri görünüşünü, rəngini, dadını və s.;


- Qavranılan keyfiyyətini, yəni məhsulun və ya ticarət markasının reputasiyasını və ya qavranılan imicini.


Müəssisələrdə keyfiyyətin idarə edilməsi sisteminin formalaşdırılması müəssisənin hər bir işçisinin keyfiyyətin idarə edilməsində iştirakını və müəssisəsinin biznes fəaliyyətinin, həmçinin məhsulun təkmilləşdirilməsinə dair təkliflər vermə qabiliyyətinə malik olmasını nəzərdə tutr. O, 3 istiqaməti - keyfiyyətin təmin edilməsini, keyfiyyətin idarə edilməsini və keyfiyyətin yüksəldilməsini əhatə edir. Keyfiyyətin təmin edilməsi məhsulun həyat dövranının hər bir mərhələsində məhsulun keyfiyyət üzrə müəyyən edilmiş tələblərə uyğun gəlməsinə və istehlakçı məmnunluğunu təmin etməyə yönəldilən və sistematik həyata keçirilən tədbirlər kompleksidir.


Keyfiyyətin idarə edilməsi məhsulun istehsalı texnologiyasının idarə edilməsi, məhsulda, həmçinin onun istehsalı prosesində və keyfiyyət sistemində olan çatışmazlıqların aşkar edilməsi və onları yaradan səbəblərin aradan qaldırılması prosesidir.


Keyfiyyətin yaxşılaşdırılması isə müəssisənin məhsulun texniki istismar parametrlərinin və hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə, istehsal elementlərinin təkmilləşdirilməsinə yönəlik idarəetmə fəaliyyətidir.


Məhsulun keyfiyyəti konkret bazara görə müəyyən edilir. Belə ki, gəlirlik səviyyəsi, istehsal mədəniyyəti və savadlılıq səviyyəsi müxtəlif olan ölkələrdə məhsulun keyfiyyəti müxtəlif cür qiymətləndirilə bilər. Məsələn, gəlirlik səviyyəsi, istehsal mədəniyyəti və savadlılıq səviyyəsi yüksək olan ölkələrin istehlakçıları baha, yüksək servis və xüsusi qulluq tələb edən yüksək keyfiyyətli məhsulların satın alınmasına üstünlük verdiyi halda gəlirlik səviyyəsi, istehsal mədəniyyəti və savadlılıq səviyyəsi aşağı olan ölkənin istehlakçıları ucuz, xüsusi bacarıq və bilik, gündəlik qulluq və yüksək servis tələb etməyən aşağı keyfiyyətli məhsulu yüksək keyfiyyətli məhsuldan daha üstün tuta və onun satın alınmasına üstünlük verə bilər. Buna görə də istehsalçılar məhsulun keyfiyyətini müəyyən edərkən hədəf seqmentinin xüsusiyyətlərini nəzərə almalıdırlar.