Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “Qarant Sığorta” cari ilin ikinci rübünün hesabatını verib. Ikinci rübün sonuna sığorta yığımları üzrə göstərici 5073225.58 manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 64.50% çoxdur. Son üç ay ərzində yığımların artımı isə 2,915,339.74 manat olmuşdur. “Qarant Sığorta” ən çox avtomobillərin könüllü sığortası, əmlak sığortası və digər sığorta növləri üzrə yığım əldə etmişdir.
Şirkətin sığorta hadisələri üzrə ödənişlərinin həcmi isə 2012-ci ilin yanvar iyun ayları üzrə 726,453.29 manat olmaqla son üç ay ərzində 2 dəfədən çox artmışdır.
“Bu ilin ikinci rübü bizim üçün çox uğurlu olub. Biz Azərbaycan sığorta bazarının ən gənc sığorta şirkəti olsaq da sığorta yığımlarına görə TOP 15 sığorta şirkətinin siyahısına daxil olmuşuq. Müştəri etibarını qazanmaq bizə daima məmnunluq və qürur hissi verir. Yüksək xidmət göstərmək isə “Qarant Sığorta”-nın mənəvi məsuliyyəti kimi dərk edilir. Əsas məqsədimiz olan cəmiyyətin sığorta barədə bilgilərini artırmaq sahəsində də, 2012-ci il ərzində cəmiyyətə yönəlik bir sıra layihələr nəzərdə tutulub.” – deyə şirkətin İdarə Heyətinin Sədri Fuad Allahverdiyev 2012 – ci ilin ikinci rübünün nəticələrini şərh edərkən bildirib.
Bu ilin ikinci rübündə “Qarant Sığorta” ASC-nin İnsan resurları departamentinin müdiri Ayan Büniyatzadə İESEC-in təşkilatçılığı ilə insan resursları və kadr hazırlığı sahəsində nəşr olunmuş kitaba dair tövsiyyələr vermişdir. Eyni zamanda İnsan resursları departamentinin əməkdaşları Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Bakıda keçirtdiyi 3 əmək yarmarkasında iştirak etmişdirlər. Cəmiyyətin qeydinə qalmağı özünə mənəvi borc bilən “Qarant Sığorta” ASC bu il baş vermiş sığorta hadisəsi ilə bağlı vətəndaşın ailə vəziyyətini nəzərə alaraq reqress tələbindən imtina etmiş və həmin şəxsin müalicəsinə də, yardım göstərmişdir.
Xatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə bir çox sığorta növü üzrə xidmət təklif edir.