“Bir il sonranı fikirləşirsirsinizsə, bir toxum əkin!
On il sonranı fikirləşirsinizsə, bir ağac əkin!
əgər bir əsr sonranı düşünürsünüzsə, gəncləri tərbiyə edin!”



Nə qədər müdrik və nə qədər gələcəyə hesablanmış bir deyim. Təbii ki, girişi bu deyimlə başlamağım əbəs deyil. Minilliklərin süzgəcindən süzülüb gəlmiş bu fikrin həqiqəti tam çılpaqlığı ilə əks etdirməsi inkaredilməzdir.



Yaşadığımız dünyada hər bir dövlətin inkişafı da məhz bu həqiqətin nə dərəcədə dərk olunması və ona əməl olunmasından asılıdır. Bəli, söhbət cəmiyyətin əsas hərəkətverici qüvvəsi olan gənclikdən gedir. Gənclik inkişaf, tərəqqi, gənclik ümid deməkdir. O, bir nurdur ki, məqsədi keçmişi aydınlatmaq, bu günü dünənin fonunda dərk etmək, gələcəyə isə inamla irəliləməkdir. Bir sözlə, gənclik – sabaha gedən yoldur. Çətin, ağır, eyni zamanda şərəfli bir yol. Bu yolun yolçuları olan gənclərin çiyinlərində məsuliyyət adlı bir yük vardır. Təbii ki, xalqın rifahı, gələcəyi, dövlətin qüdrəti bu məsuliyyət yükünün necə dərk olunmasından asılıdır. Son zamanlar qloballaşan dünyamızın reallığından doğan qənaət bizə gəncliyin inkişafının nə dərəcədə vacib olduğunu anlamağa imkan verir.



İndi isə bizi əsas məsələnin – Azərbaycan, türk gəncliyinin gələcəyə hesablanmış inkişaf imkanlarını təhlil edək. Dünyanın hal – hazırkı mənzərəsinə diqqətlə nəzər yetirsək, heç düşünmədən demək olar ki, bu ölkəmizin həm daxili, həm də xarici siyasətində başlıca rol oynamalıdır. Bu gün biz gənclər bu şərəfli yolda ilk öncə hara? , niyə? , kim üçün? , kimilə? gedəcəyimizi dəqiq müəyyənləşdirməliyik. Əslində cavab belə demək mümkündürsə çox sadədir. Bəli, bizlər vətən naminə, millət naminə, öz şəxsi mənafeyini xalqın mənafeyi üçün qurban verməyi bacaranlarla tariximizi, kökümüzü yaşatmaq, xalqımıza layiq olduğu xoşbəxtliyi bəxş etmək üçün inkişafa, tərəqqiyə doğru getməli olduğumuzu unutmamalıyıq. Lakin buna həm sözdə, həm də əməldə riayət etməliyik. Bunun üçün bu gün bizə mane olacaq hər bir şeyi dəf etməliyik və ya dəf etməyə borcluyuq. Inkişaf üçün ilk öncə müstəqillik lazımdır ki, bunu da artıq tanrıya şükürlər olsun ki, əldə etmişik. Şəhid qanı bahasına olsa belə azadlıq adlı nemətdən dadmaq imkanı qazanmışıq və artıq o azadlıq ağacları bir daha yıxılmamaq üzrə kök salıb. Bundan sonra o ağaca balta çalmaq istəyənlər qarşılarında biz gəncləri görəcəklər. Qoy buna heç kimin şübhəsi olmasın. Çünki gənclər vətən üçün ölməyin onları ölümsüzlüyə qovuşduracağını artıq çoxdan dərk edib. Bu günkü gəncliyin dərk etdiyi bir həqiqət vardır: Azadlıq ağacları şəhid qanları ilə suvarıldıqca daha çox bar verəcəkdir. Qısa desək, azərbaycan gənci getdiyi yolda ona utanc verəcək keçmişə malik deyil, əksinə o, öz keçmişilə fəxr edir, qürur duyur və onu daim yaddaşlarda yaşadır. Məhz demokratik siyasətin metodlarından biri də tarixi yaşatma metodudur. Böyük öndər Atatürk demişkən “Türk çocuğu əcdadını tanıdıqca daha böyük işlər görmək üçün özündə qüvvə tapacaqdır. ” Bəs Azərbaycan gənci yuxarıda sadalananları həyata keçirmək üçün nə etməlidir?! Işin əsas olan tərəfi də bax elə bu nə etmək məsələsidir. Əvvəla qeyd edim ki, gənclərin inkişafı proqram kimi dövlət tərəfindən qəbul olunaraq əsas strateji tədbirlər sırasına daxil edilməlidir. Bir sözlə azərbaycan gənci atdığı hər addımda öz dövlətinin dayağını və dəstəyini hiss etməlidir. Ümidverici nəticələr əldə etmək üçün gənclərin ilk növbədə aşağıdakı müstəvilərdə yetişdirilməsi çox vacibdir: 1) ideologiya müstəvisi 2) təşkilat müstəvisi 3) siyasi müstəvi 4) təbliğat müstəvisi. Bu 4 müstəvinin hər birində sərbəst hərəkət etmə imkanına malik hər bir gənc təbii olaraq rəqib üçün potensial güc faktoruna çevriləcəkdir. Qey edək ki, yuxarıda sadalanan sahələr üzrə gənclərin inkişafı bir çox qabaqcıl ölkələrdə öz müsbət nəticələrini vermiş və verməkdədir. Bu sahələrin hər biri ayrıca təhlil olunmalı, dövlət tərəfindən həmin sahələr üzrə xüsusi mütəxəssislər hazırlanmalı və ən əsası da bu işə ictimaiyyətin bütün fəal üzvləri cəlb olunmalıdır. Indi isə onların ayrıca qısa şərhini verək. Bunlardan ən vacibi, nəinki gənclərin, ümumilikdə dövlətin inkişafında başlıcı rol oynayan ideoloji müstəvidir. Hər bir gənc öz dövlətinin ideologiyasına bələd olmalı, onu tam mahiyyətilə dərk etməlidir. Bunun uçün gənclər ideoloji cəhətdən maarifləndirilməlidir. Bu isə ailədən başlayıb məktəblərdə, ali təhsil müəssisələrində, xüsusi dövlət idarə orqanlarında və digər sahələrdə davam etdirilməlidir. Bu cür tədbirlər gənclər arasında əqidə birliyinin, bir-birinə hörmətin, sevginin möhkəmlənməsinə gətirib çıxaracaqdır.




Zaman – zaman mənfur düşmənlərimizin xalqımızı əsasən məhz ideoloji cəhətdən məhv etməyə çalışmaları hamımıza bəllidir. Xalqın ən böyük faciəsi onun süurunun məhvidir. Ona görə də ideoloji maarifləndirməyə xüsusi diqqət ayırmaq labüddür və bunun üçün mümkün bütün üsullardan istifadə etmək lazımdır. Italiyalı Makiavellinin dediyi kimi “siyasi fəaliyyət dövlətin xeyrinə yönəlmişsə, onun həyata keçməsi üçün bütün vasitələrə əl atmaq olar. ” İkinci mühüm amil isə təbliğat amilidir. Ideologiya ilə təbliğatın düzgün aparılmasını gəncləri yetişdirmək üçün görüləcək işlərin yarısı saymaq olar. Məhz düzgün təbliğatla xalqa, vətənə, millətə sevgi hisslərini, sadiqlik, mərdlik, cəsarət kimi keyfiyyətləri aşılamaq olar. Həqiqətən də təbliğat nəticəsində gənclərin ilk öncə duyğu, daha sonra qənaət, daha sonra isə davranışlarını düzgün qiymətləndirmək mümkündür. Əgər hər il ABŞ-da təbliğata 5 milyard dollar xərcləndiyini nəzərə alsaq, əsl mahiyyət bizə tam aydın olar. Ümumilikdə əgər biz demokratik cəmiyyətdə yaşayırıqsa və eyni zamanda azərbaycan gəncliyinin inkişafını istəyiriksə, bir şeyi beynimizə əbədilik həkk etməliyik: TƏBLİĞATSIZ İDEOLOGİYA, İDEOLOGİYASIZ DEMOKRATİYA OLA BİLMƏZ. Bax bunu bu gün hər bir vətəndaş mütləq dərk etməli və əməl etməlidir. Təşkilatlanma amili də gənclərin yetişməsində vacib rol oynayır. Çünki nə nailiyyəti, nə də məğlubiyyəti bir nəfər qazanmır. Ağıl ağıldan üstündür prinsipini nəzərə alsaq uğur qazanmaq üçün gənclərin sistemli təşkilatlanmasına, müxtəlif yerli, xarici, özək təşkilatlarda birləşməsinə nail olunmalıdır. Ancaq belə olan halda real nəticə əldə etmək və düşmən diasporaların çoxluğu şəraitində onlarla kollektiv mübarizə aparmaq mümkündür. Onu da qeyd edək ki, gənclərin yaxşı təşkilatlanması və özünəməxsus uğurlu idarəetmə sistemləri yaratması elə bir başa dövlətin işlərinə də yardımçı olur. Uzunçuluq olmasın deyə təkcə ağıllı, bacarıqlı kadrların yetişməsini, əsas da milli mənafeyə xidmət edən gənclərin yetişməsini misal göstərmək olar.




Dördüncü digər mühüm amil isə gənclərin siyasi fəallığının artırılması, yəni onların elə gənc yaşlarında idarəçilik və digər xidməti orqanlarda təmsil olunmalarına şərait yaradılmasıdır. Çünki mili məsələlərdə hər fərdin zehninin sərbəst fəaliyyətdə olması şərtdir. Sərbəst, eyni zamanda nəticəyə əsaslanan fəaliyyət üçün də ən yaxşı sferalardan biri də siyasi müstəvidir. Həm də milli məsələlərdə siyasi müstəvi ətrafına siyasi maraqları olanlardan daha çox əqidə insanları toplaşmalıdır. Yenə də xüsusi vurğu ilə qeyd edirəm ki, milli məsələdə sağlam əqidəli gənclərin gücünə tam arxalanmaq, etibar etmək olar. Bu sahədə sərbəst hərəkət üçün biz gənclərə ilk öncə bilgi, qabiliyyət, bacarıq və təcrübə lazımdır. Təbii ki, bu yolda gənclərə sağlam fikirli yaşlı nəsil, böyüklərimiz köməyini əsirgəməyəcəkdir. Unutmayaq ki, düşüncələr, sağlam fikirlər qocalmır. Gəncliyin inkişafını istəyiriksə bütün bunların hamısı mütləq mənada nəzərə alınmalıdır. Bir də azərbəycan gənci bütün bu işləri görmək üçün özündə möhkəm xarakter formalaşdırmalı və ətrafına yeni fikirli dostlar toplamalıdır. Sözün əsl mənasında inkişafa meylli dostlar. Daha yerində sayan dostlar yox. Məhz bu cür dostlar haqqında hələ çox-çox əsrlər əvvəl Plutarxın dediyi bir fikri yada salmaq istərdim. “Mənə hər şeydə mənimlə razılaşan, mən başımı əyəndə o da əyən dost lazım deyil. Ona qalsa mənim kölgəm də dostumdur.” Həqiqətən də gənclik öz kölgəsi ilə deyil, sağlam düşüncəli insanlarla əməkdaşlıq etməlidir. Bəlkə də bəzi oxucular üçün bu məqalə sıradan bir nəzəri fikirlə dolu məqalə təsiri bağışlayacaqdır. Lakin bu heç də belə deyil. Yuxarıda sadalananlar artıq öz təsdiqini çoxdan tapıb və hələ də istifadə edilməkdədir. Biz gənclərin borcu da təcrübələrdən maksimum yararlanmaqdır. Çünki bu işi bu gün bizlər başa çatdırmalıyıq. Necə deyərlər, xalqımız artıq öz gənclərindən çox şey gözləyir və umur. Xoşbəxtdir o gənclər ki, öz gəncliyi dönəmində onlarla əyləncə meylli təsirlərin mövcudluğu şəraitdə bütün bunlardan imtina etməyi bacarır və xalqının zəfər tarixinə öz adlarını həkk etdirməyə çalışır. Babalarımızın əmanəti olan torpaqlarımızı düşmən hücumundan qorumaq, onu işğaldan azad etmək bir nömrəli vəzifəyə çevrilməlidir. Bunu heç cür bir sonrakı nəslə buraxmaq olmaz. Əks halda bu günün gənci sabah öz oğlu qarşısında başıaşağı olacaqdır. Lakin inanıram və buna əminəm ki, gənclər bu məsuliyyəti çox yaxşı dərk edir və azərbaycan gənci inkişafa meyllidir, o hələ adından çox söz etdirəcəkdir. Ümid edirəm və inanıram ki, bu gün gənclər günü kimi qeyd etdiyimiz tarixi çox yaxında zəfər günü, qisas gününə çevirməyə gənclik özündə qüvvə tapacaqdır. Onda bunu da nəzərə alaraq rahatlıqla deyə bilərik: Gənclik günümüz, zəfər günümüz, qisas günümüz mübarək! Sonda Hötenin aşağıdakıfikrini yada salmaq istərdim:



“İdeyalar xarakterlərlə qovuşduqda minillərlə dünyanı heyrətə salan hadisələr əmələ gəlir”.



Dünyanı heyrətə salacaq xarakterə sahib olma arzusu ilə AMİN ! ! !