Dünyanın ilk TV reklamı “Bulova” saat şirkətinin 1941-ci il 6 noyabrda “NBC” kanalında, beyzbol matçı fasiləsində yayımlanan 9 saniyəlik video-çarxı hesab olunur. İlk reklam çarxının büdcəsi isə cəmi 9 dollar olmuşdur.



Günümüzdə reklamlarla həyatımızın bir çox sahəsində qarşılaşırıq. Məşhur sima gördüyümüz reklamlar isə diqqətimizi daha tez cəlb edir.


Reklamlarda məşhurların rol alması bütün zamanlarda populyar olub. Hədəf kütlə çox zaman məşhur simaların daha çox inandırıcı olduğunu düşünür. Bu cür reklamların təməl hədəfi insanların diqqətini bir məhsula, xidmətə, fikrə və ya markaya çəkməkdir. Diqqət çəkmə, inandırmaq kimi vasitə olaraq məşhur insanların reklamlarda çəkilməsi tez-tez qarşılaşdığımız bir haldır.


Bazarda öz mövqeyini tutmaq və tanınmaq istəyən markalar öncə öz məhsullarını reklam etməyə başlayırlar. Bir çox markalar və şirkətlər reklam çarxları üçün məşhur simalara üz tuturlar. Tanınmışların reklama çəkilməsi xarici ölkələrdə, qonşu Türkiyədə də daha geniş yayılıb.


Rəqabətin çox olduğu zamanda markalar bazara yeni məhsul çıxarırsa, reklamlarında məşhur simaları çəkməklə hədəf kütləsinə qısa zamanda çatmağa çalışır.


Ölkəmizdə də xalqın önəm verdiyi, inandığı və sevdiyi məşhurlar reklam çarxlarında çəkilir. Reklamlara çəkilən arasında müğənni və aktyorlar üstünlük təşkil edir. Son vaxtlar idmançıların və yuxarı yaşın məşhurları reklam çarxlarında rol alırlar. Bir markanın reklamlarında bir neçə məşhur da çəkilə bilər.


Ciddi markaların reklam çarxlarında orta və yuxarı yaşın məşhur simalarını görürük. Təbii ki, reklama çəkilən məşhurların ictimai nüfuzu, tanınması, auditoriyaya təsiri və statusu önəmli rol oynayır. Buna görə də, markaya seçiləcək simaya önəm verilməlidir. Verilən mesaja, markaya və məhsula uyğun məşhur seçilməzsə, istənilən nəticə əldə etmək mümkün olmur.