6-7 noyabr tarixlərində “JW MARRIOTT Absheron Baku”-da “Medinex” - Tibb İnnovasiyaları Sərgi və Forumu keçiriləcək.


Facemark.az-a təşkilatçılardan verilən məlumata görə, “Medinex” - tibb və səhiyyə innovasiyalarını əhatə edən Qafqaz regionunda ən iri və Azərbaycanda yeganə tədbirdir.


“Medinex” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir.


“Medinex” sərgisi 3 zonadan ibarət olacaq.


- Showcase zonasında səhiyyə sahəsində qlobal inkişaf trendləri ilə tanış olmaq, məhsul və xidmətləri təqdim etmək, potensial tərəfdaşlarla tanış olmaq və mövcud əlaqələri möhkəmləndirmək mümkün olacaq.


-Tibb sahəsinin sabahını artıq bu gün görmək imkanı yaradacaq digər zona – İnnovasiyalar zonası sərgi qonaqlarına tibb sahəsinin ən müasir layihələrini və nailiyyətlərini, inqilabi prototiplərini və gələcəyin texnologiyalarını və avadanlıqlarını nümayış edəcək.


- Sərgini müşayiət edəcək əlavə tədbirlər, çoxsaylı biznes görüşlər, tibbdə futurologiya mövzusunda təqdimatlar, müxtəlif təqdimatlar, sessiyalar Prezentasiya zonasında yer alacaq.


“Medinex” sərgisində Tibbdə informasiya texnologiyaları; tibbi texnika və avadanlıq; tibbi məhsullar; dərman vasitələri, vitaminlər və bioloji aktiv əlavələr; ortopediya, stomatologiya, stomatoloji avadanlıq və alətlər, stomatoloji xidmətlər; optika və oftalmologiya; pediatriya və ixtisaslaşmış pediatrik xidmətlər; innovativ laboratoriya avadanlıqları və texnologiyaları; farmasevtik avadanlıq; tibb müəssisələri və apteklər üçün avadanlıq; tibbi turizm; yaşlı nəsil üçün məhsullar; diyetologiya; tibbi təhsil; BeFit – sağlam həyat tərzi kimi sektorlar təqdim olunacaq.