Azərbaycanda KİV-də reklam və elanların yerləşdirilməsi üzrə xüsusi bir struktur yaradılacaq.Bu haqda Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov məlumat verib.


Onun sözlərinə görə, yeni strukturun funksiyası reklam və elanların bərabər şəkildə bütün KİV qurumlarında yerləşdirilməsi ilə bağlı olacaq.


“Yeni təşkilat, Mətbuat Şurası və yaxud prezident yanında KİV-ə dəstək fondu çərçivəsində xüsusi bir struktur kimi fəaliyyət göstərə biləcək.”-deyə, Ə.Amaşov qeyd etdi. O, bildirmişdir ki, bu yaxınlarda Prezident Admistrasiyası ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənovun qəzet redaktorları ilə görüşü zamanı KİV ilə bağlı müxtəlif məsələlər, o cümlədən KİV-də reklam yerləşdirilməsi, küçədə qəzet paylanması və s. müzakirə olunmuşdu.


“Bu baxımdan, yaxın günlərdə firma-distribüter direktorları, baş redaktorlar, həmçinin qəzet köşklərinin sahiblərinin iştirakı ilə tədbir keçiriləcək”- Ə. Amaşov bildirmişdir.