Hər peşənin öz kriteriyaları vardır. Hər sənətin öz zəruri tələbləri və pozulmaz prinsipləri mövcuddur. Biznesdə də belədir. Onun hər mərhələsində yaradıcı insana ehtiyac var.
Yaradıcılıq olan yerdə, məşğuliyyət sahəsindən asılı olmayaraq, mütləq effekt əldə olunacaqdır.
Həyatın heç də bizdən asılı olmayan, təkzibolunmaz qanunları var. Hər şey inkişafdadır. Hətta sükunətdə belə olan obyekt molekulyar səviyyədə hərəkətdədir.
Müasir həyatın xarakteri onunla fərqlidir ki, gündəlik tempi xeyli yüksəlmişdir, təkdən cəmə, sadədən mürəkkəbə doğru təkamül daha intensiv və hərəkətverici vüsət qazanmışdır.
Bu mənada marketinq, xüsusilə son zamanlar, ciddi inkişaf və yenilənmə mərhələsinə qədəm qoymuşdur, daha effektiv olmuşdur, klassik yükdən qurtularaq, həyatın reallıqlarına uyğunlaşmağa və fəaliyyətinin ağırlıq mərkəzini səmərəli nəticələr əldə etməyə yönəltmişdir.
Müasir marketinqin ən ümdə özəliyi hədəf kütləyə bir amorf struktur kimi deyil, daim hərəkətdə olan insan kütləsi kimi baxmasındadır, hər bir fərdin ehtiyaclarını qarşılamağı özünə mühüm strategiya seçməsindədir. Başqa sözlə desək, öndə gələn onilliklərdə hər bir işçinin (robotlar xaric, o , sadəcə intizamlı icraçıdır) kreativliyi uğurun başlıca faktoruna çevriləcəkdir. Bu mənada xüsusilə kreativ tipli marketoloqlara tələb yüksələcəkdir və strateji qərarların qəbulunda onların xüsusi çəkisi xeyli artacaqdır.
Kreativliyin dörd istiqamətini fərqləndirirlər- leqal kreativlik (hüquqi müdafiəyə qadir yaradıcılıq), psixoloji kreativlik (asssosiativlik), bioliji kreativlik (qavrayış), ilhamlandırıcı kreativlik (yaradıcı təxəyyül). Bu bütün insan fəliyyəti sahələri üçün aktualdır və bu mənada kreativ marketoloq günün tələbidir. Çünki real kreativ işləyir və nəticə verir. Əgər sükan arxasında oturan kreativ marketoloq olarsa, təbii... Uğurlu kreativ uğurlu ixtira qədər çətindir. Bu baxımdan biznes üçün kreativ marketoloq əsil uğur mənbəyidir. Ağıllı şirkətlər kreativ marketoloq axtarışına tələbələr arasında başlayırlar. Seçirlər, dəstək verirlər, işə qəbul edirlər, onun yetişməsində son dərəcə mühüm rol oynayırlar. Şirkətdə onun fəaliyyəti üçün əlverişli şərait yaradırlar. Təəssüf ki postsovet məkanında münasibət Qərbdən fərqlənir. Bu fərq müsbətə doğru deyil, mənfiyə doğru meyllidir.
Bu isə marketoloqa, təkrar edirik, kreativ marketoloqa tələb yaratmır. Ehtiyac olmayan yerdə marketoloqlar öz üzərində işləmirlər, kreativliyi tam olaraq reklam və media agentliklərinin öhdəsinə buraxırlar. Bu baxımdan yanaşsaq, kreativ təbiətli və dünyagörüşlü marketoloqların az olmasına heç də heyrətlənməyin. Nə əkiriksə, onu da biçirik. Gözümüz də Qərbdə qalır...
Bəlkə heç belə marketoloqlara ehtiyac yoxdur? Bizdə şirkət yönətimində elə insanlar var ki, onların yanında marketoloq fikir söyləməməyə çalışır. Karlik imperiyalarına çevrilən şirkətlərin əksəriyyətində kreativlik şirkət rəhbərinin qışqırıq-bağırtısı ilə bətndə boğulur. Mən,mən, mən, mənəm, mənəm, mənəm olan yerdə kreativ marketoloq dovşanın beşinci ayağı qədər fəaliyyətsiz, maşının altıncı təkəri qədər gərəksizdir.
Yaradıcı təfəkkürə sahib olan, kreativ təxəyyülünü ideya zəminində işlək mexanizmə çevirən adamlar həmişə diqqət mərkəzində olmuşlar və onları ideya generatoru kimi yüksək dəyərləndirmişlər. Şirkət daxilində ciddi fəaliyyət blokunda çalışan marketoloqdan da ideya yeniliyi və kreativ cəsarət istənilir. Deməli, kreativ marketoloqun şirkət üçün birinci və mühüm özəlliyi onun bir ideya generatoru olmasındadır.
Yeni bazar yaratmaq və ya bazara yeni məhsul çaxarmaq istəyirsənsə, sənə YENİ İDEYA lazımdır. Lider mövqeyində olmaq istəyirsənsə, sənin məhsulların innovativliyi ilə seçilməlidir. Bundan ötrü də yaradıcı təxəyyülə sahib marketoloq tələb olunur. Yeni reklam aksiyası və ya strateji kampaniya keçirmək istəyirsənsə, yeni ideyaya ehtiyac var.Belə ideyalar göydən düşmür, ayaq altında qalır. Bundan ötrü yaradıcı təfəkkürə sahib və obrazlı düşünə bilən marketoloq tapmalısan.
Sıradan olan ideyadan söhbət getmir. Yaradıcı ideyadan, qazandıran, satdıran, imic gətirən, loyallığı gücləndirən, yeni-yeni müştərilər cəlb edən kreativdən söhbət gedir. Kreativin özü icra məharəti olmadan da effekt verməyəcək. Əslində kreativ marketoloq uğuru özündə ehtiva edə bilir.
Əlbəttə, başqa yolla da getmək olardı. Bir çoxlarının etdiyi kimi, yamsılamaq, başqalarından oğurlamaq, şablon yollarla getmək də mümkündür. Amma biz ciddi marketinqdən, ciddi biznesdən, saxta olmayan kreativdən bəhs edirik. Bu sabaha, uğura və zirvəyə aparan yoldur. Yolu da hər kəs özü seçir. Bizcə, ən doğrusu kreativ düşünən marketoloqla gedilən yol və gəlinən nəticədir.
Düşünürük ki, müasir texnologiya inkişaf etdikcə, rəqabət mühitində gərginlik artdıqca, yeni fikir və ideyaları gündüz lampa ilə aradıqları zaman hər kəs, o cümlədən, postsovet məkanında da, insanlar kreativ mütəxəssisləri, o cümlədən yaradıcı marketoloqları hər yerdə axtaracaqlar.
Yaradıcı marketoloq zamanın ruhunu yaxşı hiss edir. Həmişə trendin ön cərgəsində dayanır. Fərqli ideyalarla və şablondan uzaq qərarlarla seçilir. Onun fəaliyyəti spontan olmur, araşdırmalara və gələcək trendlərə əsaslanır. Yeri gəlmişkən, əgər marketoloq fərqli yolla getməyi və kreativ olmağı öz missiyası hesab edirsə, bu mövqedə onu dəstəkləmirlərsə, ruhdan düşməməli, yeni iş yeri aramalıdır ki, orda özünün yaradıcılıq potensialını tam həcmdə reallaşdıra bilsin.
Heç şübhəniz olmasın ki, kreativi qiymətləndirməyənlərə nisbətən yaradıcı fəaliyyətə üstünlük verən şirkət rəhbərləri daha çoxdur. Özünüzə sadiq olun, sifarişlə mövqe və alışqanlıqlarınızı dəyişməyin, dəyişə biləcəyiniz mühitə can atın. Şəxsi təcrübəmlə dediklərimin doğru olduğunu təsdiq etmişəm və yenə də təsdiq edə bilərəm.
Dinamiklik, həmişə axtarışda olmaq istəyi , hər şeyə yaradıcı münasibət heç kəsə peşmanlıq gətirməyib. İnsan bildiyi işi, kreativ alətlərlə gerçəkləşdirən zaman özü də uğur qazanır və ətrafdakıları da öz fəaliyyətinə yaradıcı mövqedən yanaşmağa ruhlandırır. Belə halda çeviklik, şəraitdən öncədən uyğun çıxış yollarını tapmaq üçün manevr edə bilmək bacarığı məhz yaradıcı marketoloqu başqalarından fərqləndirir.
Marketoloq, əgər narahat insan və tapdanmamış cığırla gedən peşəkardırsa, onun qələbəsinə qohum çıxanların sayı çox olacaqdır, amma uğursuzluq anında yalqız qalacağının perspektivini də unutmamalıdır. Bu həyatda bütün yollara gül-çiçək səpələnməyib. Bəzi uğursuzluqlar daha böyük uğurların müəllimi və astanasıdır.
Heç kimi boyat pirojkiləri sevmir. İdeya da belədir. Daim yenilənməlidir. Elə ki, ideya mühərrikləri-kreativ insanlar tənbəlləşirlər və ya investorlar onların ideyalarından doyurlar, mürgüləməyə başlayan dünya iqtisadiyyatı böhran mərhələsinə qədəm qoyur. Böhran iqtisadiyyatdan deyil, tənbəl beyinlərdən, ideyalardan uzaq düşən naftalinli marketoloqlardan başlayır, dünya tarixini irəli aparan narahat beyinlərdir, kreativ idarəçilərdir və yaradıcı insanlardır.
Diqqətəlayiq olan ixtira edilən yeni cihazın özü deyil, o cihazın zəruriliyini əsaslandıran, gərəkliliyini və zəruriliyini həm araşdırmalarla, həm də, fəhmi ilə sübut edən, yeni məhsulun bazara çıxarılmasını səsi xırıldayana kimi israrla tələb edən kreativ marketoloqdur. Onun yenilikçi ideyaları və novator ruhudur.
Bir halda uğurun gələcəyi ekspertlərdə şübhə doğurmur. Belə ki, kreativliklə çeviklik, yaradıcılıqla dinamika birləşən yerdə bazara yeni ruh gətiriləcəyi labüddür. Marketoloqun yaradıcı təfəkkürü müasir ticarətin mühərrikidir, hərəkətverici qüvvəsidir.
Çünki o, yeni zamanın marketoloqudur. Kreativ insandır, narahat idarəçidir, bazarın ab-havasının anında duyan və son dövrün trend texnologiyasının gələcəyinə inanan mütəxəssisdir. Əks halda zamanın nəbzini tuta bilməzdi, dinamikliyə və gərginliyə tab gətirə bilməzdi.
Məhz marketoloq pul qazandırır. Onun fəaliyyəti sayəsində bazar qızışır, köpüklənir, köpük olan yerdə qəpik, qəpik olan yerdə manat, manat olan yerdə dünya valyutası vardır.
Bazara atılan yeni kreativ isə yeni pul kütləsi yaradır. Deməli, kreativ marketoloq pul kütləsinin qaynağıdır. Onun qədrini bilmək lazımdır. Onun bacarığından ustalıqla faydalanmaq müdrik firma rəhbərlərinin nadir özəlliyidir.
Yaradıcı insan təxəyyülünü işə salır, təfəkkür məhsulu olaraq yeni ideyanı meydana atır. İstehsalçı ideyanı maddiləşdirir. Məhsul bazara çıxarılır, satılır, sahibinə pul, marketoloqa qurur və ad-san bəxş edir.
Marketoloqlar böhranda dara çəkilmirlər, sınağa çəkilirlər. Bu çətin zaman kəsimi, böhran sunamisi, fırtınası, qasırğası əsil kreativ marketinqin uğur savaşıdır. Ən çətin məqamlarda ən güclülər və ən zəiflər üzə çıxırlar.
Kreativ marketoloqlar savaş əsgərləridir. Onlar qələbəyə acdırlar.
Teymur Məmmədov,
Kreativ direktor,
Adver.az