“Business Insight” şirkəti “İstehlakçının inam indeksinin (Consumer confidence index, CCI) müəyyən edilməsi ilə bağlı növbəti sorğusunu həyata keçirib.


Facemark.az-a şirkətdən verilən məlumata görə, sorğu 2019-cu ilin 01 fevral-15 fevral tarixləri arasında Azərbaycanın 9 iqtisadi rayonunda 20-70 yaş arası 1401 nəfər arasında keçirilib.


Sorğu nəticəsinə görə, son 12 ay ərzində ailənin ailə vəziyyətini əks etdirən index hazırda 91,7-ə bərabər olub: “Təhlillər göstərir ki, bir öncəki illə müqayisədə bu index 3,4%-ə qədər azalıb. Bu azalma keçən 12 ayda aillələrin maddi vəziyyətinin pisləşdiyini deyənlərdən qaynaqlanır”.



“Business Insight”in apardığı sorğunun nəticəsinə görə, ailələrin maddi vəziyyəti mal və xidmətlərin alışına stimul verməkdə davam edəcək:


“Cari sorğu nəticəsinə görə, ailənin maddi durum gözləntisi 127,4-ə bərabər olub. Ailələrin maddi durum gözləntisi əvvəlki ilə nisbətən 10,6 index azalıb. Bu azalma önümüzdəki 12 ayda ailəsinin maddi gözləntisinin daha neqativ olacağını düşünənlərin sayının artması ilə müşahidə olunur. Lakin bu meyar üzrə istehlakçı inam indexi normadan 27,4 qədər çoxdur, yəni pozitivdir. Bu isə o deməkdir ki, ailələrin cari maliyyə vəziyyəti gələcək 12 ayda ölkə üzrə mal və xidmətlərin alışına stimul verməkdə davam edəcək”.


“Sorğu nəticəsində məlum olub ki, əhalinin pul yığmasını özündə ehtiva edən faktorlar, ən azından onların qavrayışına görə, kifayət qədər çoxdur və bu qavrayış əhalini xərcləmələrində ehtiyatlı davranmağa və pul yığmağa sövq edir”, - deyə araşdırmada qeyd olunub.


Sorğunun nəticəsinə görə, vətəndaşların pul yığımı artıb bu isə pul kütləsi bilavasitə əhalinin əlində cəmləşməsinə səbəb olur:


“Elə bu səbəbdən də vətəndaşların gələcək 12 ayda pul yığımını özündə əks etdirən index ötən illə müqayisədə bu il 10,6 qədər artaraq 79,5-ə çatıb. Bu isə o deməkdir ki, keçən ilin anoloji dövrü ilə müqayisədə dövriyyədə olan nağd pulun fiziki həcmi azalmağa doğru davam edəcək. Mənfi məqam ondan ibarətdir ki, pul kütləsi bilavasitə əhalinin əlində cəmləşir, yəni heç bir hesaba və biznesə yatırılmış olmur. Nəticədə deflyasiyanın yaranmasına nisbətən də olsa, şərait yaratmış olur”.


Respondentləri bazarlarda müşahidə olunan bahalaşma da narahat edir: “Bazarlarda müşahidə olunan bahalaşma narahatlıq doğurur. İstehlak qiymətlərinin dəyişməsini əks etdirən index hazırda 11,4 bərabərdir. Bir öncəki ilin eyni dövrü ilə müqayisədə bu index 2 dəfəyə qədər, yəni 20,2 index azalıb”.



Aparılmış tədqiqat nəticəsində, ölkə üzrə inam indexinin cari göstəricisi 81,6 müəyyən edilib, bu da qaydalara görə, aşağı göstərici hesab olunur. Ölkə üzrə keçən ilin eyni dövrü ilə müqayisədə 5,6 bal azalıb.



Bu sorğu sayəsində əhalinin gələcəyə, gəlirlərinin stabilliyinə nə dərəcədə əmin olduqları, alış-veriş üçün xərclərə hazır olub-olmadıqları təyin edilib. Belə hesab edilir ki, iqtisadiyyat nə qədər yaxşı inkişaf edərsə, istehlakçı indeksi də bir o qədər yüksək olmalıdır. Və əksinə, vəziyyət nə qədər pis olarsa, əhali də bir o qədər puluna qənaət edəcək.


Qeyd edək ki, hesabat “Business İnsight” şirkəti tərəfindən hazırlanıb. Şirkət 21 illik beynəlxalq təcrübəyə malikdir.