İlk yarmarka 14-cü əsrdə müasir Almaniyada ərazisində saksonlar tərəfindən keçirildiyi deyilir. Yerli özünü idarə təşkilatlarının təşəbbüsü ilə keçirilən bu tədbirin 2 mühüm məqsədi vardı. Birinci növbədə kənd təsərrüfatı məhsullarının nümayişi, tədavülünün sürətlənməsi, daha sərfəli tədarükçülərin tapılması və s. digəri isə milad bayramının ruhuna uyğun olaraq insanların birlikdə və mehriban mühitdə toplaşmasını təmin etmək.


Zaman keçdikdə yarmarkaların məzmununda dəyişikliklər baş versə də ümumi mahiyyətin dəyişməz qaldığının şahidi oluruq. Dini dəyərlərin daha da möhkəmlənməsi isə yarmarkaların mahiyyəti də milad üzərində möhkəmlənməyə başlamışdır. Müasir dövrümüzdə isə milad yarmarkaları format olaraq bütün dünyada yeni il öncəsi keçirilən ənənəvi tədbir halını almışdır.


Bütün bayramlarda olduğu kimi milad bayramının da mahiyyəti bütün ailənin birlikdə maraqlı vaxt keçirməsidir. Müasir dövrümüzdə dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. Urbanizasiyanın sürətlənməsi isə öz növbəsində ailə bağlarına fəsadsız ötüşə bilməz. Bu formatda olan yarmarkalar məhz bu ehtiyacın qarşılanması yönündə ciddi amildir. Həm böyüklər, həm də balacalar üçün birlikdə maraqlı və faydalı vaxt keçirmək imkanı ilə yanaşı, həm də ümumi, təmsil etdiyinin icmanın həyatında rol oynamaq imkanı təqdim edir.


Dünyanın böyük əksəriyyətinin milad təqvimi üzərindən vaxtlarını idarə etməsi bu prosesdə mühüm rol oynamaqdadır. Bu həm də yerli şirkətlər üçün mühüm fürsət deməkdir. Yerli bələdiyyələr turizm şirkətlərini cəlb edərək yarmarkarları daha cəlbedici etməyə çalışırılar. Təsadüfi deyil ki, milad yarmarkaları ölkələrin turizm gəlirlərində ciddi paya sahibir.


Azərbaycanda 6-cı ildir keçirilən “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasının əsas mahiyyəti ümumi ənənədən xüsusi ilə fərqlənmir. Mahiyyət yenə də bayram əhval ruhiyyəsi, mehribanlıq, şəfqət və ticarət amilidir. Lakin xüsusi ilə qeyd edilən bir məqam var. Milad yarmarkası formatında olsa da təməlində xeyriyyə faktoru dayanır. Əldə olunan gəlir Nərgis Fondu tərəfindən körpələrin müalicəsi və əməliyyatlarına sərf edilir.


Bizim yarmarkaya səyahətimiz zamanı ilk təəssürat məhz dekorasiyadan başladı. Hətta ərazisinə daxil olmamışdan öncə orda başqa bir aləm və təcrübə ilə qarşılaşacağımız təəssüratı yaranırdı. Bu isə əvvəlki illərlə müqaisədə təşkilatçıların “Təmas Nöqtələri Qanunlar”ını daha çox diqqətdə saxlamasının ən bariz nümunəsidir. Xüsusi ilə qeyd etməliyik ki, yarmarka daxilində gəzinti zamanı gəldiyimiz qənaət konseptual yanaşmaya önəm verildiyini göstərməkdə idi.


Ümumilikdə əvvəlki illərə nisbətən planlılıq və sistemlilik hiss olunur. Ərazidəki təmizlik isə digər dövrlərlə müqaisədə daha aydın sezilirdi. Bu baxımdan Amapola Exclusive Events şirkətini yuxarıda sadaladığım bütün məqamlar üzrə təqdir etmək lazımdır. Doğurdan da ciddi və fərqli iş ortaya qoya biliblər.


Amma mövzumuz bu deyil. Yarmarkada street food konseptinə uyğun olaraq, snack və fast-food tipli qidaların daha çox maraqla qarşılandığının və istehlak olunduğunun şahidi olduq. Ümumilikdə isə qida və içkilərin satışını həyata keçirən köşklərin önündə daha çox insanların dayandığının şahidi olursunuz.


Başqa bir məsələ uşaqların əyləncəsidir. Yarmarkanın giriş hissəsində şam ağacı, hədiyyə dolu xizək və ən vacib atribut olan Şaxta Baba uşaqların, ailələrin ən çox şəkil çəkdirdiyi məntəqələrdir. Yeri gəlmişkən, Şaxta Babanın əsl Şaxta Baba olduğuna biz də inanmaq üzrə idik. Bu təbii ki, zarafatdır. Bu ilki baba çox inandırıcıdır. Təkcə Şaxta Baba yox, yarmarkadakı bütün personajlar öz aktivlikləri və inandırıcılıqları ilə əvvəlki illərdəki personajlardan xüsusi ilə seçilirlər.


Xüsusi ilə vurğulamaq istədiyim məqam yarmarka iştirakçılarının, yəni köşk icarə etmiş şirkətlərin mövzuya daha həssas və diqqətli yanaşmasıdır. Aydın şəkildə hiss olunur ki, iştirakçılar sadəcə iştirak etmək üçün yox, həm də aktiv şəkildə qonaqları məşğul etməyə çalışırlar. Bu çox yaxşı haldır. Mütəmadi həyata keçirilən daddırma kampaniyaları, seqmentə yönəlik fərdi yanaşmaların tətbiqi, viral aktivliyin edilməsi kimi addımlar buna misal ola bilər. Müşahidələrim onu göstərir ki, 2018 və həm də 2019-cü ilin trendi olan KOL bu ilki yarmarkada əvvəlki illərə nisbətən yarmarka iştirakçıları tərəfindən daha aktiv istifadə olunacaq.