Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin Tətbiqi və Tədrisi Mərkəzi “KATV1” şirkəti ilə birlikdə peşəkar video mütəxəssisləri və video blogerlərin hazırlanması üzrə təlimlərə başlayır.
Facemark.az-a nazirlikdən verilən məlumata görə, bu məqsədlə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin multimedia studiyasının bazasında “KATV1” şirkəti ilə birlikdə “Myvideo Academy” layihəsinə start verilir.
Layihənin məqsədi video texnologiyalar sahəsində daha çox mütəxəssisin hazırlanması, onların peşəkarlığının artırılması və video blogerlik peşəsinin təbliğidir. Keçirilən təlimlərdə iştirakçılar tanınmış təlimçilərdən dərslər alacaq, real multimedia studiyasında praktiki dərslər keçəcək, tanınmış şərhçilər və blogerlərin master dərslərində iştirak edəcəklər.
Layihə çərçivəsində iştirakçılar müxtəlif televiziya kanallarında təcrübə keçməklə yanaşı, özləri video materiallar hazırlamaq imkanı əldə edəcəklər. Təlim iştirakçıları video süjetlər çəkəcək, onları montaj edəcək və “myvideo.az” portalında hazırladıqları süjetləri təqdim edəcəklər. Layihənin əsas özəlliyi təlimləri uğurla başa vuran iştirakçıların “KATV1” şirkətində və yaxud digər tərəfdaş təşkilatlarda iş qazanmaq imkanı olacaqdır.
Bu layihə sayəsində ölkəmizdə video texnologiyalar sahəsi üzrə peşəkar mütəxəssislərin hazırlanmasına töhfə veriləcək.
Təlimlərin proqramı ilə İKT-nin Tətbiqi və Tədrisi Mərkəzinin rəsmi internet səhifəsi olan www.iktlab.az saytında tanış olmaq mümkündür.