2017-ci ildə Rusiyada smartfonların satışları dollarla ifadədə 36%, rubla ifadədə isə 19% artıb.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “GfK”nin təhqiqatında deyilir. Söhbət isə müvafiq olaraq 6,5 milyard dollar və ya 382 milyard rubl artımdan gedir.
2017-ci ildə ədədlə ifadədə qonşu ölkədə smartfonların satışı 9% artaraq 28,7 milyona çatıb. Bu isə son üç il ərzində qeydə alınmış ən yüksək göstərici hesab olunur.
GfK-da vurğulanır ki, dördüncü rübdə bazar son üç ildə ilk dəfə ötən illər səviyyəsində müsbət dəyişiklik göstərib. Həmin dövrdə satışların həcmi 6% artaraq 8,4 milyon ədədə çatıb. Söhbət rubla ifadədə 128 milyard rubl, 2,2 milyard dollardan gedir.
Başqa bir təhqiqatda isə göstərilir ki, 2017-ci ildə Rusiyada smartfonların satışları 382 milyard rubl deyil, 388 milyard rubl artıb. Ədədlə satışların isə 28,8, və ya 29 milyon olduğu qeyd olunur.
Ekspertlər isə deyir ki, bazar üç aparıcı markanın arasında rəqabətin hesabına artır. Bunlar məşhur modellərində qiymət endirimlərinə gedən “Samsung”, “Apple” və “Huawei”dir. 2018-ci ildə isə smartfonların ədədlə satışında 5% artımın olacağı proqnozlaşdırılır.