Ölkəmizdə poçt markalarının çapını və yayımını təşkil edən Nəqliyyat, Rabitə və Yüksək


Texnologiyalar Nazirliyi “Azərmarka” MMC-nin yaradılmasından 25 il ötür. “Azərmarka” 14 iyul


1992-ci ildə yaradılıb. Amma Azərbaycanda markanın yaranma tarixi daha qədimdir.


Ölkəmizdə ilk marka 1919-cu ildə çap edilib və Azərbaycan əsgərinə həsr olunub.


1992-ci ildən isə filateliya sahəsi ölkəmizdə daha uğurla inkişaf etməyə başlayıb. Beləliklə,


həmin dövrdən müxtəlif mövzulara aid 1140 poçt markası, 14 növ markalanmış, yüzlərlə növ


markalanmamış poçt zərfləri hazırlanaraq satışa çıxarılıb.


Azərbaycan Respublikasının müstəqilliyinə, dövlət atributlarına, iqtisadi inkişafına, fauna və


florasına, milli bayramlarına, görkəmli siyasi-ictimai xadimlərinə, beynəlxalq əhəmiyyətli mühüm


tədbirlərə, Qarabağa aid poçt markaları çap olunaraq dövriyyəyə buraxılıb. Eyni zamanda, həmin


markaların beynəlxalq aləmdə də yayımı təşkil edilib.


Bundan əlavə, beynəlxalq təşkilatlar və dünyanın 12 ölkəsi ilə birgə 17 poçt markası da


dövriyyəyə buraxılıb.


Ölkəmiz gənc dövlət kimi marka buraxılışına müstəqillik illərində başlamasına baxmayaraq,


ötən qısa müddət ərzində dünya filatelistləri arasında Azərbaycan poçt markalarına böyük


maraq yaranıb. Azərbaycanın poçt markaları bu gün dünyanın bir çox ölkələrində, o cümlədən


Rusiya, Fransa, Almaniya, İngiltərə, Çin, İsrail, İspaniya və Belçikada keçirilən ümumdünya


filateliya sərgilərində uğurla nümayiş etdirilir.


Bundan başqa, Azərbaycan Filateliya İttifaqı ilə birlikdə Bakıda çox uğurla 4 Milli filateliya


sərgiləri keçirilib.


Fəaliyyəti dövründə “Azərmarka” müxtəlif ölkələrdə keçirilən beynəlxalq filateliya


sərgilərində uğurlu iştirakına görə onlarla qızıl medal və diplomlarla təltif edilib.


1919-cu ildən bu günədək Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış bütün


markaların, radiomarkaların, “Birinci gün” zərflərinin, markalanmış zərflərin və poçt kartlarının,


xüsusi ştempellərin nümunələrini özündə əks edirən 8 kataloq nəşr edilib.


Bu dövrdə “Heydər Əliyev və Azərbaycan rabitəsi”, “Azərbaycan rabitəsi müstəqillik


dövründə 1991-2001” adlı kitablar və “İçəri şəhər” haqqında, “Azərbaycan dövlət müstəqilliyinin


20 illiyi” ilə əlaqədar, “Azərbaycan gömrük muzeyinin xəzinəsi”, “Eurovision Bakı-2012” mahnı


müsabiqəsinə , “Qarabağ poçt markalarında” mövzusuna və “Birinci Avropa oyunları”na həsr


edilmiş markalardan ibarət kitablar hazırlanaraq çap olunub.


Ötən müddət ərzində Ermənistanın işğalçı hakimiyyəti tərəfindən uydurma “Dağlıq


Qarabağ respublikası” adından buraxılmış markaların qanunsuzluğu barədə Ümumdünya Poçt


İttifaqının (ÜPİ) Beynəlxalq bürosu tərəfindən bir neçə sirkulyar qərar qəbul olunaraq ÜPİ-nin


üzv ölkələrinə göndərilib. Eyni zamanda, üzərində işğalçı Ermənistan hakimiyyəti tərəfindən


uydurma “Dağlıq Qarabağ Respublikası” adından buraxılan marka olan bütün məktub


korrespondensiyalarının qəbul edilib işlənməsinin yolverilməzliyi rəsmi olaraq onlara bildirilib.


Qeyd edək ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmrinə


əsasən “Azermarka” MMC-nin bir qrup əməkdaşı yubiley münasibəti ilə səmərəli fəaliyyətinə


görə təltif olunub.