2017-ci il hardan girib aprelin sonuna çatdı bilmədim heç. Maşallah, aktivliklərimiz çox oldu. Bu aktivliyi şirkətlərə də aid etmək olar. Bildiyiniz kimi hazırkı iqtisadi şərait şirkətlərimizi çevik olmağa və ən əsası yaradıcı olmağa təşviq edir. Təbii ki, bu gedişatla ayaqlaşan da olur, olmayan da. Biz də bu bazarın içində olduğumuzdan az-çox müşahidə edib situasiyanı qiymətləndirə bilirik. İlk öncə onu deməliyəm ki, gözləmədiyim halda bir çox şirkətlər nəinki hazırkı duruma adaptasiya olub, hətta yaxşı mənada maneələrin üzərinə “hücuma keçib”. Bu çox sevindiricidir.



Yadınızdadırsa, “Böhrandan Yeni Dövrana” kitabında biz böhranın faydalı tərəflərini sadalayanda kreativliyi xüsusi vurğulamışdıq. Bəli, rəqabət bir az dərinləşən kimi biz daha yaradıcı oluruq, olmağa məcburuq. Çünki sahilə çıxmaq bir tərəfə, hələ suyun üzündə qalmaq üçün son müştərimizin qəlbinə gedən ən təsirli yolları diqqətlə incələyib ona uyğun hərəkət etməliyik. Xüsusən də ən çox qiymət üzərindən rəqabət getdiyi bir vaxtda müştərini çox da təəccübləndirmək olmur. Büdcələr az, hədəf, gediləsi yol isə uzun. Kreativ o qədər güclü olmalıdır ki, onu Sizin əvəzinizdən həm də müştəriləriniz yaysın. Buna marketinqdə “womm effekti” də deyirlər. Məni bu gün bu yazını yazmağa həvəsləndirən də belə hadisələrdən biri oldu. Sevə-sevə öz düşüncələrimi Sizinlə paylaşacam.



Deməli, ənənəvi olaraq hər il Novruz bayramında onlarla şirkətdən təbrik açıqcaları, müxtəlif hədiyyələr alırıq. Elə özümüz də şirkət adından digər şirkətlərə eynisini edirik. Yəqin razılaşarsınız ki, son illər bu proses bir az da şablonlaşıb. Çox az bir qismi xüsusi olaraq konseptual olaraq hazırlanır. Bu Novruzda mənə Azər Türk Bank-dan da təbrik məktubu gəlmişdi. İlk fürsətdə açıb baxanda çox təəccübləndim. Çünki sadə bir açıqcada təxmini belə bir mətn yazılmışdı. Hörmətli filankəs, Sizə nəzərdə tutulmuş hədiyyə büdcəsi hesabına SABAH qruplarında təhsil alan müxtəlif universitetlərin 4-cü kurs tələbələrinin təqaüdü ödənilmişdir” Açıqcanın üstündə də yəqin ki, həmin tələbələrin şəkili idi. Sloqanları isə bir ayrı xoşuma gəldi – “Yaxşılıq edən kimi görünməyək, yaxşılıq edək görünməyək”. Yaxşı söz oyunu var mahiyyətinə uyğun. Kopirayterə halal olsun.



Dostlar, tam səmimi deyim ki, Azər Türk Bank bundan sonra mənim yadımda məhz bu aktivliyinə görə qalacaq. Bundan sonra gərək bundan da ötə nələrsə etsinlər ki, formalaşan təəssürat daha da möhkəmlənsin. Aşağıda mən Sizə təhsillə bağlı atılan bu gözəl addımın faydalarından yazacam. Amma ona qədər çalışdım yadıma salım ki, daha haralarda mən bu bankı görmüşəm.



İlk olaraq şəhərimizin çox yerlərində ancaq şirkətin loqotiplərindən ibarət outdoorlar görürdüm. Açıq deyim ki, bu o qədər də xoşuma gəlmirdi. Yəqin Siz də düşünürdünüz ki, necə ola bilər o qədər xərc çəkib reklam yeri alasan və orada ancaq öz loqotipin yayımlansın. Amma sonrakı işləri, ardıcıllığı görəndən sonra başa düşdüm ki, sistemli şəkildə iş planı var. Məsələn, az sonra milli dəyərlərimizin üzərində əks olunduğu plastik kartları gördüm. Sonra bir az da keçdi ölkəmizin ilk sosial media mükafatı olan BOMBA-da sponsor olaraq gördüm. Gedib hər hansı bir populyar verilişdə də ola bilərdilər. Amma daha faydalı bir proyektdə və ən əsası da geri dönüşünün çox çətin hesablana biləcəyi bir sahəyə dəstək oldular. Ən son isə yenə maarifləndirici xarakter daşıyan, ölkəmizin prioritet hesab etdiyi maliyyə savadlılığının artırlmasına xidmət edən “Maliyyə və İnvestisiya Forumuna” sponsor oldular. Nəinki sponsor, hətta bir çox işlərdə təşkilatçılar qədər əziyyət də çəkirlər. Proseslərin içində olan biri kimi bunu şəxsən təsdiq edə bilərəm.



Azər Türk Bank hazırda mövcud bankların əksərinin çətin vaxtlar yaşadığı bir vaxtda, əhalinin banklara inamının zərər gördüyü ərəfədə bir növ onların da əvəzindən bu inamın bərpasına xidmət edir əslində.



İndi isə gələk tələbələrin təqaüdlərinin ödənilməsi məsələsinə. Bu hərəkətilə bank;



Hədiyyənin göndərildiyi bütün adamlarda xoş təəssürat formalaşdırdı. Nəzərə alsaq ki, həmin adamlar da bunu öz ətraflı ilə bölüşdü o zaman yayılma daha geniş olur. Hələ məni kimi bir çox dostlar da yazıb bu haqda



Son müştərilərdə yüksək faizlə kredit verib borclandıran qurum stereotipinin sınmasında rol oynadı



Təqaüd əldə edən tələbələr ömür boyu bankın gəzən reklamı olacaq



Həmin tələbələrin hər birinin gələcək uğurları bankla sıx assosasiya olunacaq



Xeyriyyə tədbiri şablonundan çıxaraq həqiqi faydalı bir KSM layihəsi nümunəsi göstərmiş oldu



Mən olsaydım bir-iki şeyi də fərqli edərdim. Məsələn, SABAH qruplarına deyil, digər qruplarda təhsil alan və təhsil haqqını ödəməkdə çətinlik çəkənləri cəlb edərdim. SABAH qrupları tələbələri nə də olsa digər tələbə yoldaşlarından ən azından daha yaxşı təhsil alma imkanına görə fərqlənirlər. Bir də təqaüd alan bütün tələbələrin fəaliyyətlərini mütəmadi izləyərdim. Yuxarıda yazdığım kimi onların gələcək uğurlarının rəhni məhz Azər Türk Bank ola bilər. Bank aktiv şəkildə onlarla maraqlansa, bu il-ildən möhkəmlənən loyallığa çevriləcəkdir.



Bir sözlə bankın Novruz hədiyyəsi sözün əsl mənasında hədiyyə oldu. Nümunəvi hədiyyə! Halal olsu