Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan 2017” sərgisi keçiriləcək. Keçirildiyi illər ərzində sərgi Xəzəryanı regionda qida sənayesi üzrə aparıcı və irimiqyaslı təbdir mövqeyini daha da möhkəmləndirməyə müvəffəq olmuşdur.



Qida sənayesinin inkişafına təkan verən “WorldFood Azerbaijan” sərgisi bu sənaye sahəsinin peşəkarları üçün nəzərdə tutulub. Sərgi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.



Hər il keçirilən sərgidə Azərbaycan, Belarus, Belçika, İspaniya, İtaliya, Qazaxıstan, Latviya, Rusiya, Yunanıstan və digər ölkələrin aparıcı şirkətləri iştirak edəcək. Bu il Macarıstan sərgidə milli stendlə çıxış edir. 100% Şri-Lanka çayını istehsalçılarından ibarət şirkətlər qrupuna başçılıq edən “Şri-Lanka Ti Bord” Dövlət Çay Komitəsi isə ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edir.



Sevindirici haldır ki, bu il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz ixracatçıları sərgidə fəal iştirak edəcək. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında şokoladlı konfetlər, kolbasa məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz, çörəkxana və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.



Həmin tarixdə keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “IPACK Caspian 2017” sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.



Təşkilatçılar sərginin işi ilə yanaşı, Bakı Ekspo Mərkəzində qida məhsulları tədarükçüləri və pərakəndə ticarət şəbəkələrinin (PTŞ) nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Bu görüşlər zamanı iştirakçılar aparıcı pərakəndə ticarət şəbəkələrinin nümayəndələri ilə birbaşa danışıqlar apara bilərlər.



Keçirildiyi illər ərzində sərgi mütəxəssislərin ənənəvi görüşləri, eləcə də avadanlıq, məhsul və qida sənayesi üzrə xidmətlərin nümayiş etdirilməsi baxımından etibarlı platforma olduğunu doğrultmaqla yanaşı, yeni müştərilərin tapılması, işgüzar tərəfdaşlarla mövcud münasibətlərin möhkəmləndirilməsi və yeni satış bazarlarına çıxış üçün imkan yaradır. Sərgi haqqında ətraflı məlumatı, biznes görüşlər və elektron dəvətnaməni www.worldfood.az saytından əldə edə bilərsiniz.