2017-cu il fevralın 6-dan 10-dək Moskva şəhərində 24-cü "ProdEkspo-2017" beynəlxalq qida, içki və onların istehsalı üçün xammal sərgisi keçirilmişdir.


Gilan FMCG-nin İctimaiyyətlə Əlaqələr üzrə şöbə rəhbəri Tamilla Abdullayevanın bildirdiyinə görə "Bu il Gilan Holding növbəti dəfə uğurla "ProdEkspo-2017" sərgisində iştirak edib və sərgidə öz iki brendi ilə, "Hazzard" və "Bağdan"la təmsil olunub.


"ProdEkspo" sərgisi dünyanın ən böyük sərgilərindəndir və dünyanın ən iri ərzaq şirkətlərinin liderləri onun iştirakçıları arasındadır. Hər il 90000 kv.m sərgi sahəsininde 67 ölkədən 2000-dək iştirakçı toplanır və öz məhsullarını təqdim edir. Sərgi iştirakçıları ərzaq bazarının əsas oyunçularıdır. Bu il də dünyanın 90-dan artıq ölkəsindən 55000-ə yaxın mütəxəssis iştirak edib.


Gilan FMCG nümayəndələri nüfuzlu sərgi və müzakirə meydançası kimi özünü tanıdan bu irimiqyaslı forum çərçivəsində işgüzar tədbirlər, rəngarəng və məzmunlu proqram keçirib. Gilan FMCG ixrac üzrə direktoru Yusif Axundov və Gilan FMCG Rusiya nümayəndəsi Sənan Nəsibov tərəfindən 15 ölkədən olan alıcılar ilə 60-dan çox görüş keçirilib.



Yaxında Gilan Holding "GULFOOD 2017" ərzaq sərgisində iştirak etməyi planlaşdırır. Bu sərgi fevralın 26-dan martın 2-dək BƏƏ-nin Dubay şəhərində keçiriləcək. Sərgidə Gilan Holdingə məxsus olan "Bağdan", "Chipsim" və "Hazzard" brendlərinin təmsil olunması planlaşdırılır.