Bir müddət öncə, daha dəqiq, may ayında Instagram biznes profilini istifadəyə verəcəyi haqda məlumat yaymışdı. Artıq bütün istifadəçilər öz profillərini biznes profilə çevirə bilərlər. Başqa sözlə desək, indi Instagram da Facebook kimi oldu – şəxsi profil ayrı, biznes profili (səhifəsi) ayrı. Biznes profili barədə Instagramın ilk açıqladığı vaxtlarda o barədə bloqumda da yazı yazmışdım.
Instagram Biznes Profili nədir?
Instagramın adi (şəxsi) profilindən fərqli funksionallılığı və imkanları olan, biznes sahibəri üçün əlavə üstünlüklər verən profildir. Verilən yeni imkanlarla siz Instagram səhifənizdə baş verənləri analiz edə bilirsiniz.
Biznes profilinin üstünlükləri:
Şəxsi profilən fərqli olaraq biznes profilində paylaşımların statistikasını daha detallı görmək mümkündür ki, bu da məlumat toplanması və növbəti addımların daha effektiv atılması üçün faydalıdır. Məsələn, şəxsi profildə siz paylaşdığınız fotonu bəyənənlərin (like) sayını görürsünüzsə, biznes profilindəbəyənənlərlə (like) yanaşı, neçə nəfərin gördüyünü (reach), neçə dəfə görüldüyünü (impression) də bilirsiniz. Həmçinin paylaşımlarınıza reaksiya verən insanların yaş həddini, cinsini, ərazi üzrə statistikasını və s. görə bilirsiniz.
Artıq Instagram reklamı Instagram’da!
Instagram Biznes profilinin əsas üstünlüklərindən biri də Instagramda reklam yaratmaq üçün birbaşa Instagram tətbiqi üzərindən bunu etməyin mümkünlüyüdür. Instagramda reklam edən dostlar bilir ki, indiyədək Instagramda reklam kampaniyası yaratmaq üçün Facebook Reklam Panelindən istifadə etmək lazım idi. Artıq Instagram Biznes profili sizə imkan verir ki, birbaşa Instagramın mobil proqramında istədiyiniz paylaşımınızı reklama qoyasınız.
Şəxsi profili Biznes profilinə necə çevirmək olur?
Bəs şəxsi profili Biznes profilinə necə çevirmək lazımdır? Bu, texniki cəhətdən çox sadədir. Aşağıda addımları yerinə yetirsəniz rahatlıqla öz profilinizi Biznes profilinə çevirə bilərsiniz:
Instagram profilinizə daxil olursunuz. Yuxarıda sağda mövcud olan “Options” (Setting) hissəsinə klikləyirsiniz. Verilən seçimlər arasından “Swith to Business Profile” düyməsinə klikləyirsiniz.
Açılan səhifədə sizə Instagram Biznes profili haqda məlumat verilir. “Continue” düyməsinə klikləyin, Facebook-la qoşulmağınısı istəyəcək. Instagram Biznes profili yaratmaq istəyirsinizsə mütləq Facebooksəhifəniz olmalıdır. “Login with Facebook” düyməsinə kliklədikdə admin olduğunuz səhifələr çıxacaq və onlardan istədiyiniz birini (məntiqlə Biznes profili etmək istədiyiniz şirkətin/qurumun/fəaliyyət sahəsinin Facebook səhifəsini) seçməyinizi istəyəcək.
Səhifəni seçib təsdiqlədikdən sonra əlaqə vasitələri qeyd etmək istəyir (Əfər facebook səhifənizdə qeyd etmisinizsə ordan avtomatik seçib, doldurur). Göstərilən 3 əlaqə növündən (telefon, e-mail, ünvan) azı birini qeyd etməlisiniz. Onu da doldurub təsdiqlədikdən sonra Instagram sizə “Welcome” deyir, yəni Xoş gəldiniz! :)
Bundan sonra yuxarıda Statistika ikonu görəcəksiniz. Həmin ikona kliklədikdə profiliniz haqda ətraflı məlumat əldə edə biləcəksiniz. Həmçinin hər paylaşımın üzərinə kliklədikdə də həmin paylaşım haqqında ayrıca statistikaya baxa biləcəksiniz.
2012-ci ildə Facebook-un Instagram-ı almasından sonra Zükerberq bu sosial şəbəkədə də biznes modelini işə salmağa başladı və tez-tez biznes sahibləri üçün faydalı olacaq dəyişikliklər, yeniliklər etməyə davam edir. Azərbaycanda Instagram istifadəçilərinin sayı 750 mindir və sürətlə artmaqdadır. Ona görə də biznesiniz üçün (əgər hələ açmamısınızsa) Instagram biznes profili açın və bu sosial platformanın verdiyi imkanlardan istifadə edin!