Gedəcəyin ünvanı əvvəlcədən bil, yolunu özün taparsan! Azərbaycan iqtisadiyyatı neft bazarındakı kəskin təklif artıqlığı və tələb qıtlığı nəticəsində yaranan ucuzluğa görə narahat olub. Rəhbərlik başını itirib. Sahibkarlar şok keçirir, amma sabaha ümidlə yaşayır ki, bəlkə düzəldi. Düzəlməyi də budur ki, neftin qiyməti qalxsa, ölkəyə təzədən valyuta axacaq. İnsanlar bunu gözləyir. Amma səhv edirlər. Bunu unudun! Neft yaxın vaxtlarda qalxmayacaq. Bir də ki, bizdə neft də qalmayıb, axı. Bəs bizi nələr gözləyir?



Bizi nələrin gözlədiyi daha çox aparılacaq makroiqtisadi siyasətdən asılı olsa da, bundan asılı olmayan trendlər də mövcud olacaq. Trend-mirend diyib camaatı çaşdırmaq istəmirəm. Yəni olaylar da olacaq. Yenə də, ən yaxşısını Allahın bildiyini unutmadan, başlamaq istiyirəm. Böhran, həm də imkandır. Ən sadəsi ona görə ki, insanın başı çətin vəziyyətə düşəndə daha yaxşı işləyir. Çətin vəziyyətdəyiksə, deməli, bəzimizdə böyük olan, bəzimizdə kiçik olan beynimiz daha yaxşı işləyəcək. İkincisi isə, insanın başı ac olanda da daha yaxşı işləyir. Bütün bunları nəzərə alıb ola biləcəkləri sadalamağa çalışacam.



1. Qida sektoru özünün idxaldan asılılığını minimuma endirəcək. Xaricdən gələn mallar xarici valyuta ilə olduğundan, baha başa gələcək. İnsan oğlu da yeməyə məhkum olduğundan yeməkdən imtina edə bilməyəcək və çıxış yolu axtaracaq. Çıxış yolu isə budur ki, yerli istehsal olan kənd təsərrüfatı malları önündə hər hansı bir xarici mal əngəli qalmayacaq və yerli malların bazara çıxışı yenidən genişlənəcək. Əgər, imkanınız varsa, kənd təsərrüfatına girişin. Qazanarsız.



2. Turizm sektorunun önəmi daha da artacaq. Qida sektorundakı yerliyə yönəlmə trendi turizmin inkişafına kömək edəcək. Bu yerli mallar, bazarda ucuzluq yaradacaq. Bu da restoran, kafe və digər iaşə xidmətlərinin ucuz və rəqabətə davamlı olmasına kömək edəcək. Otellər ucuzlaşacaq. Bunlara icarə haqqlarının enməsi də yardım edəcək. Buna digər bir məsələ da təsir edə bilər. Əgər, dövlətimiz ağıllı hərəkət eləsə. Bu, Türkiyədən və Misirdən imtina edən rus turistlərin heç olmasa bir hissəsini ucuzluq, viza rahatlığı və tez-tez həyata keçirilən çarter reysləri ilə ölkəmizə cəlb etməkdir. Əgər, kiçik otel fason bir şey tikməyə imkanınız varsa, tikin. Qiyməti, atanızın da qiymətini üstünə gəlmədən təyin etməyiniz şərti ilə, uğur qazanarsız.



3. Turizmin yan sahələrində də inkişaf ola bilər, əgər dövlət turizmə "stavka" eləsə. Camaşırxana, atraksiyon, tarixi abidələr, yerli sənətkarlıq nümunələri kimi "niş" bazarlar də inkişaf edəcək. Buna da investisiya qoymağa dəyər. Amma hələ indi yox.



4. Tekstil və yüngül sənaye əvvəlkindən daha sürətlə inkişaf edəcək. Çünki insan ac qala bilmədiyi kimi, lüt də gəzə bilmir. Bu sadəcə utanmaqla bağlı deyil. Xaricdən mal gətirmək artıq sərf eləmiyəcək. Kiçik tekstilçilər yerli istehsala keçməyə cəhdləri artıracaq. Bu da 10-15 il sonra, yerli geyim brendlərimizin çoxalmasına, bəlkə də, dünya bazarına çıxmasına yardım edəcək.



5. Ümumilikdə ticarət sektoru çox zəifləyəcək. Alıb-satmaq dövrü, özünü istehsal edib-satmaq dövrü ilə əvəz edəcək. Artıq nə yoğurdum nə yapdım, hazırca kökə tapdım zamanı keçir. Həm yoğuracaqsan, həm yapacaqsan, bax onda qazanacaqsan.



6. Tikinti sektoru ağır xəstəliyə düşəcək. Onun sağalması, illər alacaq. Tikinti materialı istehsal edən və satan firmaların çoxu bağlanacaq. Tikinti bir də sağlam iqtisadiyyat qurulduqdan sonra dirçəlməyə başlayacaq.



7. Lüks (luxe) bizneslərin ruhuna fatiha.



8. Vaxtında pulu olub obyekt alanlar var idi ha, qocalanda obyekti yaxşı qiymətə verib dolanmaq istəyənlər, onlar qocalacaqlar, obyekti də verəcəklər, amma daay yaxşı qiymətə yox. Onların dövrü getdi, bir də vəziyyət düzələnə



9. İşçi qüvvəsi yaranmışdı, neft dövründə. Yadınızdadı? Bir az bilirdilər, amma özlərini çox yuxarıdan aparırdılar. Real qiyməti 1000 manat idisə, 2000 istəyirdilər. Bax, onlar 500 manata iş axtaracaqlar. Onları 2 il sonra nominal 400-ə 500-ə tuta bilərsiz. Bir zamanlar "defisit" olan ucuz işçi, bundan sonra problem olmayacaq. Çinə rəqib gəlirik.



10. Bəzi "ağıllılar" var idi. Özünə umac ova bilmirdi, başqasına əriştə kəsirdi. Bundan da pul qazanırdı, konsultasiya adı ilə. 2 il sonra onların özünə də baxarsız, biznesinə də. Artıq boş sözə heç kim pul verməyəcək. Xaricdən nəsə gətirib satmaq dövrü də arxada qaldığından, onların vəziyyəti "rusca" olacaq.



11. Məmur biznesləri əl dəyişdirəcək, ya da bazardan çıxacaq.



12. Manat daha da "öləcək". Dua edin ki, "məmməd", "şirvan" dövrünə qayıtmayaq.



13. Əsl savad dövrü indi gəlib. Təhsil önəm qazanacaq. Pulla qiymət yazdırmaq, "tapış" dövrü tarixə qovuşacaq. Təhsil Azərbaycanda ən öncül sahələrdən birinə çevriləcək.



14. Ölkədən savadlı adamların xaricə axını başlayacaq.



15. Bankların sayı kəskin azalacaq. Banklara onsuz da olmayan inam, lap itəcək. Bankdakı pullar bizneslərə gələcək.



16. Azərbaycan tranzitdən pul qazanmağa çalışacaq. Buna uyğun sahələr də inkişaf edəcək.



17. İndi ölkədə gördüyünüz parklar, fasadlı binalar get-gedə solacaq. Yenidən təmir edilməyəcək. Post-sovet dövründəki kimi indi də post-neft simasını alacaq.



18. İqtisadi islahatlar başlasa, monopoliyalar yığışdırılsa, təlatümlər yaxın zamanlarda baş verməyəcək. Ən azı 7-8 il sakitlik yaratmaq olar.



P.S Yenə də ən düzünü Allah bilir.