Bu günlərdə iş gününün sonunda liftdə gənc kuryer ilə çox qısa amma maraqlı söhbətimiz oldu. Yuxarı mərtəbələrdən düşürdü və lift 8-ci mərtəbədə açılanda çaşıb çölə çıxırdı, məlum oldu ki, o da 1-ə düşür. Liftin "ən pis vaxtı" olduğundan bir neçə mərtəbədə onun dayanması mənə bu oğlanın 19 yaşının olmasını, bu işə cəmi 3-4 gün öncə başlamasını, kollecdə qiyabi oxumasını və həvəsli olmasını öyrənmək ilə yanaşı, mənim də ona az da olsa motivasiya verməyimə imkan verdi. Söz vermirəm ki, bu yazının liftdə 8-dən 1-ə qədər düşəcək vaxta oxuya biləcəksiniz.



1. İlk iş kimi kuryer olmağın üstünlüyü – Biz 5-ci Education UK sərgisindən öncə oktyabr ayında gənclər arasında karyera sorğusu keçirdik. Sorğu haqqında ayrı bir yazımız olacaq. Suallardan 2-i belə idi ki, "Britaniyada təhsil aldıqdan sonra Azərbaycan və ya xaricdə hansı 3 şirkətdə işləmək istəyirsiniz?" Hər bir sualın özünün 3 cavab variantı var idi. Qısası potensial olaraq 500 yerli, 500 xarici şirkət və təşkilat variantından ümumilikdə 100-dən də az şirkət adı qeyd edilmişdi. İş mühiti funksiyalarından xəbərsiz olmaq bir tərəfə, gənclərin şirkətlər haqqında belə az məlumatsız olması onları məqsədyönlü etmir. Axı Azərbaycanda BP hər il uzağı 100 nəfəri işə götürə biləcək. Bu həm də işəgötürənlərin də HR brendinq məsələsinə önəm verməmisidir. Kuryer olan gənc isə yüzlərlə şirkəti qapıbaqapı gəzir və əgər düşüncəlidirsə iş dünyasını müşahidələrilə öyrənə bilir.



2. Nə işi görsəniz mütləq həvəsli olun – Bəzən gənclər işsizlikdən uzun müddət əziyyət çəkirlər. Onlara iş təklif olunanda deyirlər mən ömrümdə filan işi görmərəm. Bu pis yanaşma deyil, amma insan ümumiyyətcə deyir ki, mən 2-dəyəm ancaq 10-a çatanda həvəsli olacam, heç inanmağım gəlmir ki, 10-a çatanda belə bu insanlarda gözlədikləri həvəs olsun. Sonradan onlar "arzuladıqları" işə başlayanda da nədənsə şikayət edirlər, həvəssiz olurlar. Böyük uğurlar kiçik proseslərdəki uğurlardan ibarətdir. İnsan xırda işlərdən zövq almırsa böyük işlərdə də həvəssiz ola bilər. Bu gənc kuryer işində həvəsli görünürdü. Gənclərə tövsiyyə edirəm ki, ilk işlərində mütləq həvəsli olsunlar.



3. Ofisdə işə başlamamışdan öncə – Ümumilikdə isə bir çox uğurlu insanların ilk işi kuryer, bağ-bostana baxan, sürücü, ofisiant olub. Bu normaldır. Axı proporsional olaraq bu işlərin sayı daha çoxdur və az bilik və bacarıqla olan insanları məhz bu işlərə qəbul edirlər. Şəxsən mənim özümün ilk işim 1 ilə yaxın restoranda ofisiant işləmək olub. Gecə 4-ə qədər də işlədiyim vaxtlar olub ki, səhər tezdən 8:30-da dərsə getməli olmuşam. Amma bu 10 il öncə olsa da daima o günləri yadıma salıram və gələcəkdə işim nə qədər komfort olsa da bu keçmişdən sadəcə zövq alacam və çalışacam ki, o günlər çəkdiyim əziyyəti qiymətləndirim. Belə işlərdən başlamağın təbii ki, ən böyük üstünlüyü həm də belə işləri görənləri gələcəkdə daha rahat idarə edə bilmək deməkdir. Unutmayın, əksər hallarda əziyyət çəkən, çəkməyəndən daha qədirbilən olur.



Hər bir gənc üçün, xüsusən də 1-2 il iş təcrübəsi olmayan gənclər üçün doğurdan da iş tapmaq çətindir. Xüsusən də, hazırki böhran şəraitində. Ona görə də nə qədər fürsət var, işləməyə başlayın, "Mado"da, "McDonald’s"da ofisiant kimi, kuryer kimi yetər ki, düşüncəli, həvəsli olasınız və əziyyət çəkib xoş günə çıxanda onu qiymətləndirə biləsiniz.