“Eurovision -2012” yaxınlaşdıqca, bütün Bakı bu beynəlxalq mahnı yarışmasının ovqatına qatılır. Müsabiqənin Baş Sponsoru olaraq Azercell Telekom “Eurovision-2012” ərəfəsində də artıq bir sıra maraqlı və əyləncəli təşəbbüslər, sürpriz və hədiyyələr vəd edən unudulmaz tədbirlər həyata keçirməkdədir. Belə ki, mayın 19-da Dənizkənarı Milli Parkda “Eurovision Village”-ın açılışı olacaq. 

Dənizkənarı Milli Parkda yerləşən Kukla Teatrının arxasındakı ərazidə fəaliyyətini gerçəkləşdirən “Eurovision Village”-də Azercell şirkəti öz xüsusi səhnəsini təqdim edir. “Eurovision- 2012”-nin Baş Sponsoru Azercell Telekom MMC müsabiqə həftəsində hər gün Bakı sakinləri və qonaqlarımız üçün əyləncəli proqramlar, sürpriz dolu tədbirlər təşkil edəcək. Həmin günlər ərzində Azercell səhnəsində həm yerli ifaçılar, həm də müxtəlif ölkələrdən olan “Eurovision” ulduzları öz ifaları ilə qonaqları sevindirəcək. 

Qeyd edək ki, “Eurovision Village” ərazisinə giriş tam sərbəstdir. Azercell hər kəsi “Eurovision- 2012” həyəcanına qatılmağa, istirahətlə yanaşı əylənməyə, həm də çoxsaylı müsabiqələrə qatılıb hədiyyə qazanmağa dəvət edir.