Son günlərin çox danışılan mövzularından biri (xüsusən biznes və startup mühitində) Türkiyənin online yemək sifarişi saytı "Yemeksepeti.com"un alman şirkət “Deliveri Hero” tərəfindən 589 milyon dollara satın alınmasıdır. 14 illik fəaliyyət, 3 il öncəki 44 milyon dollarıq investisiya, gündəlik 75 min online sifariş və s. göstəriciləri ilə əlbəttə ki, belə bir uğurlu satışın olacağını gözləmək olardı. Mənim bu hadisədə diqqətimi çəkən isə başqa bir məqam oldu. Təxminən bir ay öncə Nevzat Aydının (Yemekcepeti.com’un "CEO"su) çıxışını dinləyirdim.



Adam Boğaziçi Universitetini bitirib gedir "ABŞ"a, San-Fransisko Universitetinə qəbul olur. Lakin 2001-ci ildə Universiteti yarımçıq qoyub Türkiyəyə qayıdır və "Yemeksepeti.com"u yaradır. Həmin vaxt Türkiyədə belə bir xidmət sahəsi yaratmağın (onlin yemək sifarişi) böyük bir hadisə olduğu 589 milyonla sübut olundu. Stiv Cobsun məşhur Stanford Universitetindəki çıxışını bir çoxları dinləyib yəqin ki. Stiv də qeyd edir ki, bir semestr təhsil aldıqdan sonra oxuduğu kollecdən ayrılmaq qərarı verir. Con Rokfeller 16 yaşında təhsilini atıb biznesə girişir. Eynşteyn, Çörçill, Linkoln, Henri Ford… siyahını xeyli uzatmaq olar. Bütün dünyada tanınan, uğurları ilə dünyanı heyran edən yüzlərlə insan var ki, təhsilini yarımçıq qoyub və ya ümumiyyətlə ali təhsil almayıb.



Maraqlıdır, bəs bu insanlar necə olur ki, uğur qazanır? Düşünürəm ki, əsas səbəblərdən ikisi aşağıdakılardır:



1. Həmin insanların motivasiya (və özünətəzyiq) qüvvəsi digərlərindən daha güclü olur: Təsəvvür edin ki, ali məktəbdə oxuyursunuz və hansısa işə başlamaq üçün ali məktəbi tərk etmək haqda qərar verirsiz. Bu, ətrafınızda səs-küyə səbəb olacaq normal olaraq. Ailə üzvləri, qohum-qonşular dəli/ağılsız olduğunuzu düşünəcək. Bunun əvəzində ssiz neyləməlisiniz? Başladığınız işdə uğur qazanaraq onlara dəli və ağılsız olmadığınızı sübut etməlisiniz. Demək, artıq ekstra bir itələciyi qüvvə var. Sizinlə eyni vaxtda oxşar işə başlayan bir neçə nəfər təsəvvür edin, onlar isə bu işi görə-görə həm də təhsil alır (və ya işləyir). Problemlərlə qarşılaşdıqda, çıxılmaz vəziyyətə düşdükdə onlar deyəcək, “cəhənnəm olsun, alınmadı, neyniyim?!”.. İşin daşını atıb başqa işə keçəcək və ya keçə bilməyəcək. Siz isə onların dediyini deyə bilmirsiniz. Çünki, 1) sizə ağılsız deyilməsini qəbul edə bilmirsiniz; 2) onlar işi atıb təhsilə/öz işinə davam edir, siz axı edə bilmirsiniz, məhz bu işə görə siz təhsili atmısınız, indi necə ondan geri çəkilə bilərsiz?! Bu təzyiq (və ya motivasiya deyək) təhsili yarımçıq qoyanları başladığı işdən bərk-bərk yapışmağa təhrik edir. Və praktikada da görürük ki, uğur qazanan şirkət sahibləri adətən dəfələrlə müflis olan, dəfələrlə işini batırıb, dirçəldən insanlar olur. Tomas Edison 5-ci, 10-cu, 15-ci cəhddə əlindəki işi atıb getsəydi lapma nə vaxt kəşf olunacaqdı, Allah bilir…



2. Təhsili bitirənlər özünü həyatda tәsdiqlәmiş hiss edir və bunun verdiyi rahatlığa aldanırlar: Təhsili bitirib diplomu əlinə alan insan həyatda mühüm bir missyanı yerinə yeyirdiyini düşünür. “Diplomu da aldım, artıq iş tapacam, daha yüksək zirvələrə doğru addımlayacam”… Bu özgüvənlə insanın həyatdan gözləntisi daha optimistik olur, daha rahat hərəkət etməyinə səbəb olur. Təhsil almayan və ya yarımçıq saxlayan insan isə (təbii ki, az bir qismi) əksinə, həyatda özünü təsdiqləmək istəyir. Artıq təhsil olmadığına görə bu, iş, biznes həyatında uğur qazanmaqla mümkün ola bilər. Ona görə də təhsil alanlara nisbətdə daha çox çırpınırlar, həyatla daha güclü mübarizə aparırlar.



Təbii ki, bu yazıda məqsədim gəncləri təhsildən uzaqlaşdırmaq deyil :) Amma əgər hər dəfə ağlınıza gələndə gözlərinizi parıldadan, ürək döyüntülərinizi artıran bir ideyanız, fikriniz varsa, mütləq onun arxasınca gedin. Bura Azərbaycandı, burda mümkün deyil deməyin, istəyəndə Azərbaycanda da olur, ABŞ’da da, Türkiyədə də. Cəhd edin, əzm göstərin, iradə nümayiş etdirin, lazım gəlsə təhsili yarımçıq qoyun, amma o ideyanızın arxasınca gedin! Bu haqda növbəti yazımda yuxarıdakı siyahıya ilk sizin adınızı yazım :)