Uoll-stritdə yaxşı tanınmış Repo zəmanəti artıq avtomobillərin alqı-satqı müqaviləsinə də xüsusi bənd şəklində əlavə olunacaq. 
Bu cür zəmanət verən diler öhdəsinə götürür ki, istifadəsində sadə qaydalara əməl olunduqda həmin avtomobili bir il ərzində ilkin dəyərindən əvvəlcədən müəyyən edilmiş məbləği çıxaraq geri alacaq. Çıxılan məbləğ faizlə ifadə olunur. Hər növbəti il avtomobilin geri alınma dəyəri eyni miqdarda azalır. Bu cür zəmanət adətən 3-5 il ərzində qüvvədə qalır. 



Reponu Trade-indən və ya barterdən fərqləndirən əsas cəhət yeni markanın seçiminə heç bir məhdudiyyət qoymaması və pulun nağd ödənilməsidir.
Müxtəlif dilerlər modelin xüsusiyyətindən asılı olaraq müxtəlif modellərə müxtəlif şərtlərlə zəmanət verirlər. 
Avtomobil bazarı inkişaf etmiş ölkələrdə geniş yayılan bu təcrübə Azərbaycanda ilk dəfə 10% illik tariflə Mazda CX-5 avtomobilinə tətbiq ediləcək. Beləliklə, Mazda CX-5 sahibləri rəsmi dilerdən alınmış avtomobili dilerə geri sata biləcəklər. İstifadənin ilk ili ərzində avtomobilin dəyəri 10% azalacaq. İkinci il 10% (cəmi 20%), üçüncü il daha 10% (cəmi 30%) azalma olacaq.
Avtomobil sahibi avtomobilini istədiyi yerdə və qiymətə sata bilər. Bu mümkün olmadıqda isə, o, avtomobili aldıqdan 1 il sonra əvvəlki qiymətdən ən çoxu 10% çıxmaqla yenidən dilerə satacağında əmin ola bilər. 
İl ərzində cəmi 10% dəyər itkisi avtomobil bazarı üçün xas göstərici deyil. İkinci əl avtomobil bazarına nəzər yetirsək, 1 il istifadədən sonra yeni avtomobilin qiymətinin onun ilkin dəyərindən 20-25% az olması görünür. Dilerin və bazarın təklif etdiyi qiymətlərdəki fərqi Mazda Azərbaycan Mərkəzinin satış direktoru aşağıdakı kimi şərh etdi: “Yeni maşının il ərzində qiymətdə 20-25% faiz itirməsi orta göstəricidir. Bazarda il ərzində qiymətində həm 15%, həm 40% itirən modellər mövcuddur. Dilerin müəyyən modelə qiymətinin il ərzində 10%-dən çox düşməyəcəyinə zəmanət verməsi onun satılan modeldən əminliyini nümayiş etdirir”.



Dilerin nümayəndəsi gələcəkdə bu zəmanətin Mazda 3Mazda CX-9 avtomobil sahiblərinə də verilməsinin planlaşdırdıqlarını söylədi. 
Bu imkandan istifadə etmək üçün avtomobilə yalnız rəsmi servisdə xidmət göstərilməli, il ərzində ən çoxu 20 000 km yol qət edilməli, həmçinin avtomobilə zərər dəyməməlidir. 
Avtomobildə xarici və daxili zərərlər olduğu halda da Repo zəmanəti verilir. Lakin bu zaman bir qədər fərqli qiymət şərtləri tətbiq olunur. 
Repo zəmanəti lizinq və ya kredit vasitəsilə alınan avtomobillərə də şamil edilir.