Sosial şəbəkə istifadəçilərinə bu ad "Kaymu" yaxşı tanışdır: "Facebook"da dayanmadan reklam olunan alış-veriş səhifəsi. Amma bu qədər də bəsit deyil. Daha dərinə getdikdə, "Kaymu"nun sosial şəbəkələrdə səhifə açıb məhsulunu satanlardan, lap elə onlayn ticarət saytlarından daha fərqli olduğunu görürük. Bəs nədir bu fərq? Qısa bir statistikaya göz atsaq, görərik ki:





- https://www.facebook.com/kaymu.azerbaijan səhifəsində 60 mindən yuxarı fan var.


- http://www.kaymu.az/ saytında 20 mindən artıq üzv qeydiyyatdan keçib.


- Üzvlərdən 2500-ü aktiv olmaqla, 3000-dən çoxu satıcıdır.


- Ay ərzində 5 mindən artıq sifariş olur.


- 50 mindən artıq məhsul təqdim edilir.


- və bütün bu göstəricilər 1 ildən də az bir vaxtda əldə edilib.




Dünyanın ən geniş internet inkubatoru olan Rocket Internet-in üzvlərindən biri, 25-dən artıq ölkədə fəaliyyət göstərən Kaymu-nu özəl edən, sürətli inkişafına səbəb olan nədir? Əvvəla, Kaymu onunla fərqlidir ki, reklamları sosial şəbəkələrdə getsə də, internet saytı olsa da, ana məqsədi bu şəbəkələrdə olmayanlara dəstək verməkdir. Çünki Dünya Bankının investorluğu ilə Rocket İnternetin həyata keçirdiyi bu layihə bir növ sosial xarakter daşıyır. Alıcılarına yetişməkdə böyük çətinlikləri olan satıcı kütləsi məhz Kaymu-dan faydalanır.



Kaymu internetdən başı çıxmayan, yalnız ticarətlə məşğul olan insanlara işlərini asanlaşdırmaqda, məhsullarına alıcı tapmaqda kömək edir. Və bu alıcılar, əsasən, gözüaçıq, qiymətdə güzəştə getməyən, vaxtını yolda və tıxaclarda itirmək istəməyən internet istifadəçiləridir. Amma Kaymu satılan məhsulları sadəcə öz sayt və şəbəkəsində yerləşdirməklə kifayətlənmir.



Satıcılara internet, e-ticarət barədə təlimlər keçir, məhsullarının cəlbedici təqdimatı, qiymət siyasəti barədə tövsiyələr verir. Bundan başqa, Kaymu yerləşdirdiyi məhsulların reklam və promouşnunu sayt və geniş auditoriyaya malik sosial şəbəkəsində təşkil edir. Bu da satıcılara məhsullarını məhz öz alıcılarına çatdırmaqda kömək edir. "Kaymu"dan satıcı kimi hər kəs faydalana bilsə də, əsas hədəf kimi xırda pərakəndəçiləri seçməyinin müxtəlif səbəbləri var.



Qızğın rəqabət, insanların vaxt qıtlığı, alış-verişə getmək yolundakı tıxaclar öz yerində. Daha aktual səbəblərdən biri yüksək icarə haqqı səbəbindən xırda pərakəndəçilərin mağaza üçün böyük yer götürmək imkanının olmaması və əllərində olan məhsulların hamısını müştərilərin görə biləcəyi şəkildə yerləşdirə bilməməsidir. Çox zaman bu satıcılar mağazaları üçün aşağı icarə haqqına malik ucqar yerlər seçirlər və bu da onlara müştəri tapmaqda xeyli çətinlik yaradır.



Kaymu öz biznesinə başlamaq istəyən, lakin hələ geniş istehsalı olmayan yaradıcı insanlara da üfüqlər açır – onlar yaratdıqları əl işlərini Kaymu saytı vasitəsilə təbliğ edə və sata bilərlər. "Kaymu"da satış üçün yerləşdirilən məhsulların qiymət sərhəddi yoxdur. Amma satıcılar nəzərə almalıdırlar ki, Kaymu-ya daxil olan daha sərfəli qiymətə məhsul axtaranlardır. Bütün bunlar Kaymu-nun marketinq təlimlərində satıcılara deyilir.



Kaymu satış elanları versə də, satılan məhsulların keyfiyyətinə özü cavabdehlik daşımır. Çünki satılan məhsullar Kaymu-nun deyil, hər biri müxtəlif satıcılarındır. Lakin Kaymu məhsul tələblərini satıcılara çatdırır. Ona görə də Kaymu ticarət platforması olsa da, müştərilərin etibarını saxlamaq məsuliyyətini də öz üzərindən atmır. Çünki Kaymu-ya gələn satıcı da, alıcı da işin peşəkarların əlində olduğuna əmindir.