Bu yaxınlarda sosial şəbəkələrdə Rus və Azərbaycan bölmələrinin mübahisəsini qızışdıracaq bir yazı gördüm. Rusdilli saytların birində bir nəfər digərlərini Rusdillilərə qarşı sərt tədbir görməyə çağırırdı.



Məşədi İbad demişkən “İmanımı yandırmayım”. Bu daha çox təxribata oxşayırdı. Amma, təxribat olsa da, olmasa da, danılmaz faktır ki, Azərbaycan Rus - Sovet müstəmləkəsinə çevrildiyi gündən indiyədək, Rusdillilərlə Azərbaycandillilər arasında bəzən gizli, bəzən də açıq rəqabət var.



Səsləndirilən arqumentlər biri digərini kökündən uzaqlaşmaqda günahlandırır, digərləri isə qısqanclıqda və geridə qalmaqda günahlandırır. Mən öz adıma bu arqumentlərin heç biri ilə razı deyiləm. Təməl mövqeyim bundan ibarətdir ki, Rus dilini məhdudlaşdırmaqdansa öz dilimizi inkişaf etdirək, öz dilimizdə nələrsə yaradaq.Yerdə qalan məsələlər öz həllini tapacaq.



Bu məsələ daha çox sosial psixoloji məsələdir.Bizim də işimizin - marketinqin vitrin arxasında sosial psixologiya dayandığı üçün bizləri maraqlandırmaya bilməz. Rusdillilik və Azərbaycandillilik məsələsinin bizə aid olan, amma çoxları tərəfindən diqqətdən qaçan bir tərəfi var. Bu yazımda elə həmin "bir tərəfə" aydınlıq gətirməyə çalışacam.




Beləliklə ....


Emosional hədəf kütləyə rasional mesaj


Azərbaycanda Rusdillilər



Bu barədə tam dəqiq məlumat olmasada, təxmini bilgilərə görə Azərbaycanda Rusdilli (Rus Dilində düşünən) əhalinin sayı 130 000-dir. Bu say ölkə əhalisinin çox az faizini təşkil etsə də, özündə gəlir və təhsil səviyyəsi yüksək olan şəhərli əhalisini cəmləşdirir.Haşiyəyə çıxaraq qeyd edim ki, Rus dilini bilən əhali müxtəlif dərəcələriylə birlikdə sayca 2 milyon ətrafındadırlar.



Ana dili və dünya görüşü



İndi keçək mətləbə.Heç kəsə sirr deyil ki, ana dili insanın milliyətindən asılı olmayaraq, onun dünya görüşünə, davranışlarına və xasiyyətinə ciddi təsir edən faktordur. Bu faktorun çox ciddi olduğunu sübut etmək o qədər də çətin deyil. Ana dilində (millətindən asılı olmayaraq) alınan təhsil, ədəbiyyat dilinin özünün harmoniyası, insanın günlük həyatında qərar alma mexanizmində riçaqlara sahibdir. Qeyd edim ki, yuxarıda qeyd edilən faktor mütləq deyildir.Yəni, kütlədəki əksəriyyətə aiddir.



Dostoyevskiy, Tolstoy, Lermontov tərbiyəsi ilə böyüyən, düzgün cümlə qurmağı o insanlardan öyrənənlərlə, Fizulinin, Vahidin, Səmədin, Haqverdiyevin tərbiyəsi ilə böyüyən, onların yazıları ilə leksikonunu genişləndirən insanların dünya görüşləri fərqlidir. Hələ bu iki fərqli tipajları, Nichshe, Feud, Hegeli tərbiyəsi alanlarla müqayisə etsək tamam fərqli nəticələr ala bilərik :) Məhs elə bu səbəbdəndir ki, bir ailənin bir məktəbin iki ayrı bölməsində təhsil almış uşaqları arasında dünya görüşü fərqləri vardır.



Rasionalizm və Emosionalizm



Yazının bu yerində yəqin ki, bu sual ağlınıza gəlir "eeeee?" və ya "ииии?". Yuxarıda bəhs etdiyimiz mövzunun bizə aid hissəsi ondan ibarətdir ki, mənim əzizlərim, Rusdillilər dünya görüşü və tərbiyə etibari ilə daha çox rasional insanlar olurlar. Azərbaycandillilər isə əksəriyyət etibari ilə emosional olurlar. Bir qədər emosional, bir qədər də oriyentalist. Axı biz şərq insanlarıyıq. Yenə də haqlı olaraq yuxarıdakı sualları verməyə davam edirsinizsə?



Marketinq kommunikasiyalarında kodlaşdırılma və mesajlama





Axı Siz məndən də yaxşı bilirsiz ki, hədəf kütləyə vermək istənilən söz, mesaj kodlaşdırılaraq verilir və o kodlaşdırılmadan müxtəlif təsirlərlə və dərəcələrlə başa düşülmə əmələ gəlir. Nəinki marketinq - reklamçılıq, kodlaşdırılma və mesajlaşma məsələsi gündəlik həyatımızda da qarşımıza çıxır. Yuxarıdakı cədvəlin günlük həyatda əyani sübutunu aşağıdakı şəkildə təsəvvür etmək mümkündür.





Sıralamadan da görüldüyü kimi məni maraqlandıran heç də Gabriela xanımın həftə sonu hansı işlərlə məşğul olacağı, asudə vaxtının olub olmaması deyil, mənim hədəfim flört etməkdir və bu istəyimi Gabriela xanıma kodlaşdırılmış şəkildə ifadə edirəm. O da mənə cavabında:



a) Əgər Kodlaşdırılmış mesajımı qəbul edirsə "Aha istəsək boş vaxtım olar deyir"


b) Təklifə neqativ yanaşsa "Çox təəssüf, nə həftə sonu, nə də başqa zaman mənim vaxtım olmur" deyir”


c) Mesajımı deşifrə edə bilməsə (ki bu halda günah məndə olmuş olur, demək ki, yaxşı kodlaşdırmamışam) "Hə vallah nənəmgilə gedəcəm, ordan da gəlib qavları yuyajam, sonra da ........"



Əzizlərim məhs elə "c) variantın"a düşməmək üçün biz hədəf kütlənin öz dili, öz tərzi ilə ona müraciət etməliyik, yəni ki, mass kampaniyalar zamanı Azərbaycandilli kütləyə xalqın daha çox emosional qərarlar verdiyini nəzərə alıb onların başa düşəcəyi şəkildə, yəni emosional mesajlar vermək lazımdır. Bir zamanlar çalışdığım avtomobil distribyuterində maraqlı statistika ilə qarşılaşmışdıq.



Saytın Azərbaycan dilli bölməsinə girişlər interfacedən sonra avtomobilin görüntüsü, daha sonra qiymət bölümündən ibarətidisə, Rusdilli bölümündə hər məlumatla maraqlanma faizinə şahid olurduq. Məqalə hazırlanarkən avtomobil və mənzil satışında çalışan bir neçə dostlarımla sözü gedən mövzunu müzakirə etdim. Mənzil alarkəndə Rusdillilər Azərbaycandillilərdən fərqli davranışlar göstərirlər. Mələsən: Rusdilli binanın liftindən şirkətin daha əvvəlki binalarında işin təslimat vaxtına qədər hər bir detalla ayrı-ayrı məlumat toplamağa çalışırsa, Azərbaycandilli Prestij və qiymət barədə suallar verir.



Sözümün canı



İndi isə gələk bu dil məsələsinin bizim peşəmizə təsirinə. Əvvəla onu deyim ki, mənə görə Rasional insanla, Emosional insan arasında pis və ya yaxşıdır kimi bir düşüncəm yoxdur. Hər biri ayrı-ayrılıqda bir model və tərzdir. (Mənim özümə gəldikdə isə tipik emosional alıcıyam). Amma və lakin, yazımın əvvəlində demişdim axı Azərbaycanda yaşayan Rusdillilərin sayı az olsa da, bu insanlar yüksək ali təhsillidir və sosial cəmiyyətimizin yüksək postlarındadır.



Elə o cümlədən də,bir qədər qlamura meyilli reklam sahəsində, bu insanlar özləri əksər hallarda rasional olduqları üçün şirkətləri üçün hazırladıqları mesajlar da rasional olur.Avtomobili pis-yaxşı bildiyim üçün, o bölmədəki radio spotlar dəfələrcə diqqətimi çəkib. Məsələn: xxx at gücü, xxxx məhdud sayda və s. Səbəbini bilmədən müzakirə etdiyimiz nümunələrdən biri də, Türkiyənin reklamları ilə bizim reklamların müqayisəsidir. Ən çox deyilən şeylərdən biri də "Bizdə nə isə çatmır". Məncə bizdə çatmayan şeylərdən biri elə emosionallığın özüdür.