Aprelin 6-da “Park İnn Azərbaycan” mehmanxanasında Bakıda ilk dəfə olaraq “Azərbaycanda mobil biznes imkanları” mövzusunda konfrans keçirildi.


Azərbaycanın ilk mobil biznes portalı olan “Mobiz.az”-ın təşkilatçılığı ilə reallaşan konfransda Azərbaycanda telekommunikasiya sektorunun inkişaf dövrü, ölkəmizdə mobil internetin mövcud vəziyyəti və perspektivləri, internet bazarı, mobil tətbiqlər dükanı, təhsil sahəsində mobil texnologiyalardan istifadə, mobil internet istifadəsi və s. mövzularda çıxışlar dinlənilmiş, mövzu ətrafında müzakirələr aparılıb.


Konfransda Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda, digər ölkələrin nümayəndələri də iştirak etmişlər. Mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələrinin də iştirak etdiyi tədbirdə “Nokia”, “Microsoft”, “Beeline”, “Azerfon”, “Bakcell”, “Timwe”, “General Mobile”, “Apple” kimi nüfuzlu şirkətlərin nümayəndələri ekspert qismində qatılıblar.


Tədbiri ilk olaraq giriş sözü ilə açan layihənin təsisçisi Məmməd Kərimov konfransın əhəmiyyətindən və ölkəmizdə bu sahədə perspektivlərdən danışdı . O bildirdi ki: "Hazırda bütün dünyada mobil texnologiyalara keçid prosesi sürətlə davam etməkdədir. Bu proses Azərbaycandan da yan keçmir. Artıq bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Bu konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistemli bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaqdır".


Daha sonra Azerfon şirkətinin İnformasiya Texnologiyaları üzrə Baş Direktoru Xəyyam Həsənli "Azərbaycanda mobil internetin mövcud vəziyyəti və perspektivləri" mövzusunda təqdimatla çıxış etdi.


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə öz çıxışında Azərbaycanda internet bazarının ümumi mənzərəsi, problemləri və bu problemlərin mobil internetdən də yan keçmədiyi kimi məsələlərə toxundu.


"Mobil tətbiqlər bazarında yeni trendlər" mövzusunda təqdimatla çıxış edən Gökhan Eser ( CEO/Timwe Türkiyə) bu konfranla Azərbaycan telekommunikasiya sektorunda bir tarix yazıldığını dilə gətirdi.


Konfransın daha bir spikeri Ramin Musayev (CEO Apple Azərbaycan ) isə mobil tətbiq dükanları ilə bağlı statistik göstəriciləri də diqqətə çatdırdı.


Mediada mobil tətbiqlərin istifadəsi məsələləri ilə bağlı Aznetdə bir çox uğurlu layihələrin rəhbəri Elnur Baimov danışdı. Baimov, həmçinin, bildirdi ki, mobiz.az saytının təşkil etdiyi bu konfrans eyni zamanda sektorda təcrübə mübadiləsi, fikir müxtəlifliyi üçün də imkan yaradır.


Daha sonra ardıcıllıqla təhsil sahəsində mobil texnologiyalardan istifadəyə dair təqdimatla Muzaffer Gölcü (CEO/ General Mobile Türkiyə), Beeline Gürcüstanın mobil cihaz satışı strategiyası barədə, Mobil İnternet istifadəsi ilə əlaqədar isə Sammy Boakye (COO / Sazz) çıxış etdilər.


3 hissədən ibarət konfransda, həmçinin, ayrı-ayrı panel müzakirələr də aparıldı. Panel müzakirələrdə I hissədə: Əfllatun Hüseynov (DigitalBrand), Osman Gündüz (AİF), Məmməd Kərimov (Mobiz.az), II hissədə: Mark Zirka (Bakcell), Gökhan Eser (Timwe), Rəşad Əliyev (Barcamp/Hackathon Azərbaycan) ,Elnur Baimov (News.az), III hissədə: Şaiq Muradov ( Weboxu), Muzaffer Gölcü (General Mobile), Tamuna Jikia (Marketinq direktor / Beeline Gürcüstan) və Ramin Musayev (CEO Apple Azərbaycan ) telekommunikasiya sahəsinə dair maraqlı mövzulara toxundular. Konfrans tədbir iştirakçılarının sualları ilə davam etdi.