PR mütəxəssis qonşu ölkənin özəlliklərini açıqlayır. 2009-cu ildə Gürcüstan mediasında Azərbaycan çayının keyfiyyətsiz olması ilə bağlı məlumatlar yayılmağa başladı. Hətta TV kanalların birində bu məsələ bir proqram mövzusu da olmuşdu.



Ekspertlər danışaraq bizim çayların standartlara cavab vermədiyini söyləmişdilər. Ortada bir qara PR hücumunun olduğunu sezmək mümkün idi. Həmin vaxt Gürcüstana çay ixrac edən Azərbaycan şirkətlərindən birinin nümayəndəsi məsələni yerində araşdırmaq üçün Tbilisiyə gəlmişdi.



Gürcüstanda çalışan azərbaycanlı media nümayəndəsi kimi bizimlə də görüşüb fikrlərimizi öyrənmişdi. Həmin şəxsə gürcülərlə bağlı bildiyimiz bəzi məlumatlar vermişdik. Biznesdə işə yarayacaq informasiyalar idi. Daha sonra şirkət bəzi addımlar atdı və qara PR nəticəsidnə itirdiyi bazarı yavaş-yavaş yenidən qazanmağa başladı. Yeni addımlarda bizimlə danışan zaman qeyd etdiyimiz məsələlərin də nəzərə alındığını hiss etmək olurdu.



Bu şirkətə dediyim və demədiyim məsələləri bu yazıda qeyd edəcəyəm. Gürcüstanda biznes fəaliyyəti ilə məşğul olanlara faydalı olar. Mövzu ilə bağlı oxuduğunuz bu sayca ikinci yazımda əvvəla, gürcülərin fərqli olduqlarını xatırlatmaq istəyirəm. Gürcüstanda şirkət açan azərbaycanlılar və ya bu ölkədəki Azərbaycan şirkətinin önəmli şöbələrinə rəhbərlik edən şəxslər mütləq xalqın özəlliklərini nəzərə almalıdır. Satış, PR, reklam, marketinq mütəxəssisləri bu milli xüsusiyyətlərin önəmini gözəl anlayar.




İçki zövqü. Mövzunu çayla başlamışkən, dərhal əlavə edim ki, gürcülər çay içməyi bir o qədər də sevmirlər. Daha çox kofeyə üstünlük verirlər. Az qala bizim gün ərzində içdiyimiz su və çayın cəmi qədər kofe içirlər. Amma o ölkədə çay satmaq istəsəniz bunu orada yaşayan yarım milyona yaxın gürcüstan azərbaycanlılarına təklif edə bilərsiniz.




Tənbəldirlər. Gürcü milləti səhər yuxudan durmağı sevmir. Bu səbəbdən iş saatı adətən 10:00-dan tez başlamır. Daha çox işləyən xalqlara isə “onlar pulgir xalqdı, pul üçün rahatlıqlarını pozurlar” deyirlər. Rahatlıqlarına hər şeydən çox önəm vermələrindən bir neçə sektor istifadə edə bilər. Məsələn xidmət sahəsi. Ən üstün xidməti göstərən kafe və restoranlar müştəri sarıdan korluq çəkməzlər. Ən dadlı yemək verən restoranı yox, yeməyi daha rahat yeyə biləcəkləri yerə üstünlük verirlər. Həmçinin sizin kafe nə iləsə fərqlənməlidir.




Eksklüzivlik həvəskarları. Eksklüzivlik gürcülərin həyatlarının hər sahəsində önəm verdiyi amildir. Bu, xüsusiyyətləri mebel alarkən də ön plana çıxır. Gürcülər tez-tez mebel dəyişən deyillər. Ümumiyyətlə, az ev əşyaları alırlar. Amma alacaqları mebel çox özəl quruluşa və mümkündürsə çox funksiyaya malik olmalıdı. Hələ bu mebel istehsalçısının Azərbaycan şirkəti olduğu məlumdursa işiniz daha da çətindir. Daha çox seçilməlisiz.




Tez yaşda evlənirlər. Ev əşyalarından danışmışkən, tez yaşda evləndiklərini qeyd etməliyəm. Yəni, evlənəcək şəxslərə xitab edən mebellər daha çox 17-22 yaşlarında gənclərin zövqünə uyğun olmalıdır. Bunu Gürcüstanda ev inşa edən və ya ev təmiri ilə məşğul olan Azərbaycan şirkətləri də nəzərə almalıdır. Artıq illərdi içində yaşadıqları evi isə az hallarda təmir edərlər. Bu işə pul xərcləməyi sevmirlər. Ondansa yaxınları ilə restoranda, klubda dincəlməyə və əylənməyə daha çox xərcləyirlər.




Patriotdurlar. Ölkələrini, onun təbiətini, simvollarını, tarixi şəxsiyyətlərini çox sevirlər. İstehsal etdiyiniz məhsulların loqosunda, adında, qablaşdırılmasında gürcü milli elementlərinə yer versəniz bu xalqın qəlbinə (dolayısıyla, cibinə) daha tez yol taparsınız.



Kreativ insanlardırlar. Məişətdən tutmuş iş həyatına qədər hər sahədə öz yaradıcılıqlarını işə salırlar. Ev heyvanları saxlamağı sevirlər. Az qala, hər evdə it və ya pişik görə bilərsiniz. Bəzən körpə övladlarına göstərmədikləri qayğını həmin heyvanlara göstərə bilirlər.



Qiraətçidirlər. Azərbaycanlılarla müqayisədə daha çox qəzet, kitab oxuyurlar. Şirkətiniz barədə məlumatları, PR məqalələrinizi, imic reklamlarınızı, məhsul tanıtımlarınızı qəzetlər vasitəsilə çox asan həyata keçirə bilərsiniz. Kitablar vasitəsilə isə “product placement”iniz bizimlə müqayisədə daha operativ və daha geniş auditoriyaya yayılacaq.



TV-lərin təsiri. Həmçinin televiziya proqramları vasitəsilə həyatlarına daxil ola bilərsiniz. Məsələn, şovinistliklərinə rəğmən, son illər türk seriallarına maraq xeyrli artıb. Bu filmlər o qədər məşhurdur ki, artıq insanların həyat tərzinə də təsir edə bilir. Bu, özünü geyim tərzində, yemək zövqündə, evlərinin dizaynında filan özünü açıq göstərir.



İnnovativdirlər. Hər növ yeniliklərə bizdən daha açıq xaldırlar. Adət etdikləri ilə yeni arasında qaldıqda ən az bir dəfə yenini seçib yoxlamağı xoşlayırlar. Bu xasiyyətləri bazara yeni girən, yeni məhsulalr çıxaran Azərbaycan şirkətlərinin işinə yaraya bilər. Yetər ki diqqət çəkə bilsinlər və ilk dəfədən özlərini bəyəndirsinlər.




İşsizlik. Siyasi dəyişikliklərdən sonra Gürcüstanda işsizlik geniş yayılıb. Şirkətlər bundan istifadə edib özlərini həm də iri işə götürən qurum kimi tanıtsalar xalqın rəğbətini qazana bilərlər. Məsəl üçün hər il “ən çxo vergi verən şirkət” kimi özünü tanıtmaqdansa “filan qədər gürcüyə iş verən şirkət” kimi tanıtsalar simpatiya qazanmaq şansları daha çox olar. Çünki, birinci halda xəbəri eşidib “deməli ölkəmizdən çox pul qazanırlar ki, vergini də çox verirlər, özümüz qazana bilmərik o pulu?!” kimi fikrlər çox söylənilib. Həm də ölkənin ən öndə gedən ictimai fiqrularından eşitmişəm bu ifadələri.




Azərbaycana qısqanc yanaşma var




Gürcüstanda təhsil aldığım instutda dərs deyən şəxslərin əksəriyyəti Avropadan və ABŞ-dan dəvət olunmuş müəllimlər idi. Çox az bir hissəsi yerli təlimçilər idi. Onlardan biri – Amerikada təhsil almış gürcü xanım müəllim iqtisadiyyatdan dərs keçirdi.



“Tükənən və tükənməyən sərvətlər” mövzusunu izah edərkən Azərbaycan neftini misal gətirdi: “Baxın, məsələn, Azərbaycanda böyük miqdarda neft var. Bu gün bu ölkə neftinin sayəsində varlıdır və inkişaf edir. Amma neft tükənən sərvətdir. Tezliklə bitəcək və Azərbaycan kasıblayacaq. Gürcüstan büdcəsi isə əsasən tükənməyən sərvətlər hesabına dolur. Bu sayədə biz (Gürcüstan) yavaş-yavaş, amma güvənli addılarla irəliləyirik. Azərbaycanda neft bitəndə bölgənin ən güclüsü Gürcüstan olacaq”.



ABŞ-da təhsil almış gürcü müəllim bunu deyərkən sevincini və Azərbaycana olan qısqanclığını gizlətmirdi. Və daha sonra o hissi demək olar ki hər gürcüdə gördüm. Bunları bilərək (ən azı PR-ında nəzərə alaraq) iş görən şirkət Gürcüstanda daha dayanıqlı olar.



Vüqar Baba


vugarbaba@gmail.com