Bu gün Barselonada Mobile World Congress 2012 - dünyanın iri mobil sənaye sərgisi və mobil rabitə rəhbərlərinin, satıcı və sahiblərinin konqresi rəsmən start götürür.
WMC 2012-də Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov, eləcə də ölkənin mobil rabitə operatorlarının nümayəndələri iştirak edirlər.
Qarşıdakı il üçün mobil texnika istehsalçılarının işini ənənəvi olaraq stimullaşdıran tədbirdə 1,4 mindən çox şirkət və istehsalçı iştirak edir. Sərgidə mobil innovasiyalar, əyləncə, əlavələr, açıq mobil sistem və internet-texnologiyaların nümayiş olunması ilə yanaşı, bir sıra nəhəng korporasiya rəhbərlərinin çıxışları, habelə sahə üzrə seminarlar, forumlar və sessiyaların keçirilməsi planlaşdırılır.
Sərgi ərəfəsində əksər istehsalçılar 2012-ci ildə istehsala buraxılacaq yeni qurğularını artıq nümayiş etdiriblər. Bu il mobil qurğu istehsalçıları diqqətlərini yüksək məhsuldarlığa malik böyük ekranlı ikinüvəli və dördnüvəli smartfonlara yönəldiblər.
Bundan başqa, Barselonada Microsoft korporasiyasının Windows 8 əməliyyat sisteminə həsr edilən böyük təqdimat keçirəcəyi də gözlənilir.


Bu gün Barselonada başlayan World Mobile Congress 2012 sərgisində istehsalçılar dünyanın mobil texnologiyalar sahəsindəki yeniliklərini nümayiş etdirilər. Belə ki, Sony şirkəti Xperia P və Xperia U smartfonlarını təqdim edib. Bu aparatlar Ericsson şirkəti ilə birgə müəssisə ləğv edildikdən sonra nümayiş olunan ilk aparatlardır.
Hər iki smartfon ikinüvəlidir (prosessorun takt tezliyi 1 giqahers təşkil edir), lakin bir qədər bahalı Xperia P 4 düymlü, nisbətən ucuz Xperia U isə 3,5 düymlü ekrana malikdir. Smartfonlar simsiz NFC rabitə çipi ilə təchiz edilib. Xperia P modelindəki kameranın təsvir ölçüsü 8, Xperia U-nun 5 meqapiksel təşkil edir. Xperia P videonu1080p təsvir ölçüsündə çəkə bilir.
Hər iki telefon Android 2.3 mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyir, lakin istehsalçı sonradan ƏS-nin versiyasını 4.0-dək yeniləyəcəyinə söz verir.
Aparatların tədarükü cari ilin ikinci rübündə başlayacaq. Smartfonların pərakəndə qiymətini Sony hələ ki açıqlamayıb.

Tayvanın HTC şirkəti yeni One istehsal xəttindən olan 3 smartfon nümayiş etdirib. Onların arasında əsasını Nvidia Tegra 3 platforması təşkil edən dördnüvəli One X modeli də var. HTC One X modelinin ekran ölçüsü 4,7 düym, təsvir ölçüsü 1280x729 pikseldir.
Qurğuda simsiz NFC rabitə çipi və 8 meqapiksel təsvir ölçülü kamera yer alıb.
Şirkət nümayəndələri qeyd edirlər ki, sözügedən aparat operativ çəkilişə uyğunlaşdırılıb: əlavənin işə salınmasına 0,7 saniyə, kameranın fokuslaşdırılmasına 0,2 saniyə vaxt lazımdır.
HTC smartfonun pərakəndə satıcılara tədarükünə apreldə başlayacaq. Aparatda dərhal Android 4.0 mobil əməliyyat sistemi quraşdırılacaq. Bundan başqa, qurğu Sense 4.0-dən – HTC-nin qrafik istifadəçi interfeysinin yeni versiyasından istifadə edəcək.

Çinin Huawei istehsalçısı da dördnüvəli Ascend D Quad smartfonunu nümayiş etdirib. Aparatda Çin şirkətin istehsalı olan K3V2, dördnüvəli ARM-prosessorundan ibarət platformadan istifadə edilir. Şirkət smartfonu “dünyada ən sürətli” adlandırır. Ascend D Quad modelinin ekran ölçüsü 4,5 düym, təsvir ölçüsü 720x1280 piksel təşkil edir. Smarfon Android 4.0 ƏS ilə işləyir. Aparatın arxa panelində quraşdırılmış 8 meqapikselli kamera yerləşdirilib, Lenta yazır.