Genişzolaqlı şəbəkələrin inkişaf məsələlərini öyrənən Broadband Forum sənaye təşkilatının qiymətləndirməsinə görə, genişzolaqlı internet istifadəçilərinin əksəriyyəti - 61,5 faizi veb-səhifələrə DSL texnologiyası vasitəsilə daxil olur. 19,5 faiz bunu kabel bağlantısı ilə edir, 16 faiz optik-lifə (FTTx) üstünlük verir.
Şirkət ekspertlərinin qiymətləndirməsinə görə, 2011-ci ilin üçüncü rübünün sonuna dünyada genişzolaqlı internet istifadəçilərinin sayı 581 milyon nəfəri ötüb ki, bu da ötən rüblə müqayisədə 3,08 faiz, 2010-cu ilin analoji dövrünə nisbətdə isə 12,89 faiz çoxdur, DayliComm yazır.
Xatırladaq ki, bir az əvvəl iSuppli şirkətinin ilkin qiymətləndirmələrinə görə, 2011-ci ilin sonuna dünyada 600 milyona yaxın sürətli internet abunəçisi olub. Analitiklər 2012-ci ilin sonuna onların sayının 676 milyona çatacağını proqnozlaşdırıblar.
Bundan başqa, Broadband Forum ekspertlərinin fikrincə, yaxın vaxtlarda internetə çıxış üçün perspektivli texnologiyalardan biri - sürəti 1 giqabit/saniyəyədək təmin edən G-Pon (Gigabit Passive Optical Network) texnologiyası olacaq.