Azərbaycanda Hewlett-Packard (HP) şirkətinin 2011-ci ildə korporativ seqment üzrə biznesində artım 20 faizə yaxın təşkil edib. Bu barədə çərşənbə axşamı Bakıda jurnalistlərə НР şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak bildirib.
Onun sözlərinə görə, həmin seqmentlər üzrə alış əsasən kiçik və iri server həllərinin payına düşür. Korporativ seqmentdən fərqli olaraq istehlak seqmenti özünü kifayət qədər yaxşı göstərməyib.
"Ümumilikdə, Qazaxıstan bazarı istisna olmaqla, MDB-nin digər ölkələrinin bazarlarında durğunluq hiss olunub. Ukrayna və Belarus bazarlarında durğunluq daha ciddi şəkildə özünü göstərir. Bizim üçün ötən ilin noyabrından başlayan birinci rübdə Azərbaycan bazarı müsbət nəticələr nümayiş etdirməyə başlayıb və çox güman ki, bu tendensiya ilin sonunadək saxlanacaq", - R. Kozak deyib.
2011-ci ildə şirkətin bütün dünya üzrə bazarında artım cəmi bir faiz təşkil edərək 127,3 milyard dolları ötüb. R. Kozakın sözlərinə görə, bu məbləğdən MDB ölkələrinin payına cəmi bir faiz düşür.
HP şirkətinin Azərbaycandakı biznesinin ümumi artımı isə ötən ilin yekunlarına əsasən təxminən 11 faiz həcmində qiymətləndirilir.
HP Azerbaijan şirkətinin nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun dediyinə görə, HP-nin praktiki olaraq bütün seqmentlərdə çox stabil artımı mövcuddur və misal üçün şirkətin Azərbaycan bazarında satdığı Wi-Fi həlləri bu gün praktiki olaraq Bakının bütün iri hotellərində istifadə edilir. HP-nin biznesinin gələcək inkişafının perspektivli istiqaməti, həmçinin "buludlu infrastruktur"un qurulması üçün həll seçilib.
"Biz Azərbaycanın bank sektorunda Blade Matrix "buludlu həll"ini tətbiq etmişik. Bu, HP üçün əsas prioritet istiqamət olan Cloud sisteminin əsas inkişaf platformasıdır. Biz banklarla kifayət qədər sıx işləyirik, sifarişçilərimiz və tərəfdaşlarımızla seminarlar keçiririk. Ona görə də bu, bizim getdiyimiz elə həmin trenddir və biz bütün dünyada, o cümlədən, Azərbaycanda Cloud əlavələrin böyük inkişafını görürük", - Hacıəlibəyov bildirib.
Onun sözlərinə görə, bu gün HP Azerbaijan "buludlu həllər"in tətbiqi ideologiyasını təklif etdiyi bir sıra idarələrlə danışıqlar aparır. Azərbaycan MDB-də "buludlu” infrastrukturun qurulması üçün HP həllərinin alınmasında addım atan ilk ölkədir. Bu il şirkət Azərbaycan bazarına yeni Superdome2 məhsulunu çıxarıb. O, artıq Azərbaycanın Azercell Telecom mobil rabitə operatorunun şəbəkəsində tətbiq edilib.