Həyatımızın istənilən zamanında insan olaraq müəyyən vəzifələrimiz var. Dünyaya gəldiyimiz andan artıq ilk vəzifəmiz meydana gəlir. Övlad oluruq. Orta məktəbə getməyə başladıqdan sonra ailəmizi müəyyən mənada təmsil etməyə başlayırıq ki, bu vaxtdan etibarən daha 2 yeni vəzifə ilə tanış olmuş oluruq. Şagird və ailəmizi kənarda təmsil edən təmsilçi. Daha sonra təhsil başa çatdıqdan sonra iş həyatına atılırıq. Burada biz həm özümüzü, həm işdəki vəzifəmizi həmçinin üçüncü şəxslər qarşısında şirkətimizi təmsil edirik. Ailədə ata oluruq, əmi, dayı , dostlar, ikinci dərəcəli qohumlar qarşısında bəzi vəzifələrimiz. Əlbətdəki sosial vəzifələrimizi də unutmamalıyıq. Unutduğum başqa vəziflələrimiz varsa üzrlü hesab edin. Məqsədim vəzifələrimiz və onların təsnifatlarının izahatı deyil.
Keçək mətləbə. Bildiyimiz kimi, insanın özünü idarə etməsində ən vacib orqanımız beynimizdir. Beynimizlə malik olduğumuz bütün maddi varlıqlarımızı idarə edə bilirik. Bundan başqa qeyri-maddi olub maddi varlıq kimi də qəbul edəcəyimiz bəzi sahib olduqlarımızda beyin tərəfindən idarə olunur. Yuxarıda qeyd etdiyim həyat vəzifələrimiz və karyera vəzifələrimiz də daxil olmaqla bütün işlərimizi isə biz mənəvi beynimizlə dərk edib yerinə yetirməliyik. İnsan resursları sahəsində çalışan psixoloqların fərqli dillərdən tərcümədə “mənəvi beyin” adlandırdığı kəliməni biz xalq dilində ən çox “vicdan” adlandırırıq. Bu isə peşəkar iş həyatında “məsuliyyət” adlandırılır. Fikrimcə isə tək iş həyatında deyil həyatımızın hər bir mərhələsində “məsuliyyət” var və olmalıdır.
Bizə etibar edilən hər vəzifədə tam məsuliyyətini dərk etməklə həmin vəzifədə uğurlu ola bilərik. İstər övlad kimi, istər valideyn, istərsə də iş adamı kimi vəzifəmizin məsuliyyətini tam anlamasaq demək ki, işimizi də tam yerinə yetirmirik və orada olmağımız yalnışdır. Buna bir çox nümunələr gətirmək olar. Bir neçə misal:
Futbol komandasında 11 nəfər mübarizə aparır. Əgər onlardan biri “mən olmasam guya nə olacaq və ya niyə özümə əziyyət verim, məndən başqa neçə oyunçu var” düşüncəsi ilə yanaşarsa həmin komanda artıq 10 nəfərlə oynayır deyə bilərik. Ən acınacaqlısı isə odur ki, bir komanda belə düşüncəli bir deyil bir neçə nəfər ola bilər.
Bir istehsalat şirkəti. Anbar fəhlələrindən biri hər hansı xammal qutusunu gecikdirməklə istehsalatın bir neçə dəqiqə və ya saatlıq gecikdirə bilər. Bu isə şirkətin büdcəsinə böyük məbləğli zərbədir.
Pərakəndə satış sektoru. Satıcı və ya kassir bir başa şirkətin imicini təmsil edir. Edəcəyi hər hansı bir yalnış hərəkətə görə şirkət cavabdehdir.
Bəlkədə fikirləşmək olar ki, bu tip düşüncədə olan insanları əvəzləməklə hər şeyi həll etmək olar. Bu məsələnin ən asan həll yoludur deyə bilərəm. Amma ilk başdan ailədə övlada, şirkətdə personala məsuliyyətin aşılanmasını başqa bir və ya bir neçə şəxsin məsuliyyətidir. Bəli, bu bir zəncirvari bağlılıqdır. Əgər valideyn övladına, müdir personalına qarşı olan məsuliyyətini dərk etməzsə əsl problemlər buradan qaynaqlanar. Yenə də hər bir halda hər şey insanın özündən asılıdır.
Seçim öz əlimizdədir. Çalışaq həmişə “mənəvi beynimizi” istifadə etməyi unutmayaq.