Qarşıdan hamının səbrsizliklə gözlədiyi yay fəsli gəlir. Və hər kəsin çox güman yayda axışacağı yeganə yer var - Dəniz :)
Azərbaycanda yay fəslinin uzun çəkməsi (günəşli günlərin sayının çoxluğu) yay sezonu üçün iş idealarını da daha uzun müddətdə həyata keçirməyə imkan yaradır. Lakin, çox təəssüfki, yay sezonu üçün dənizkənarı iş ideyaları yox səviyyəsindədir. Bizdə ideyalar sadəcə kafe, plaj şortları və sadəcə su halqası satışı ilə kifayətlənir. Halbuki, dənizkənarında sezonluq olaraq həyata keçiriləbiləcək o qədər geniş iş fikirləri var ki...




Bu iş fikirlərindən biri də Dənizkənarı Açıq Hava Sinema Festivalı keçirməkdir. Xarici praktikada həddən artıq uğurlu və rentabelliyi yüksək olan bir iş fikri kimi tanınan OpenAirCinema çox əminəm ki, Azərbaycanda Mərdəkan və ya Novxanı çimərliklərinin birində tətbiq edilərsə çox uğurlu olar. Sadəcə gözlərinizi yumun və dəniz kənarında, dalğaların həzin səsinin müşayiəti ilə, sərin bir yay axşamında, əlinizdə sevdiyiniz çərəzlər, ən sevdiyiniz filmləri izlədiyinizi xəyal edin. Gözəldir, elə deyil? Və ya gözlərinizi yummağa da ehtiyac yoxdur aşağıdaki şəkillərdən də iş fikrinin nə olduğu barədə özünüzdə təsəvvür yarada bilərsiniz.



Bu iş fikri indiyə qədər Azərbaycanda həyata keçirilməyib və təbii olaraq da rəqib yoxdur. Son illər Azərbaycanda cinema mədəniyyəti formalaşıb və cinemalara axışanların sayı artmaqdadır. Deməli potensial müştəri kütləsi hazırdır. Sadəcə işi həyata keçirmək və tanıtımını öncədən güclü aparmaq lazımdır. Əmin olun ki, cinemaya ömründə getməyən adam belə ən azı bir dəfə açıq havada film izləmə zövqünü yaşamaq üçün sizin müştəriniz olacaq.




Beləliklə:

İş Fikri - Dənizkənarı açıq hava sineması
Uyğun Məkan - Əslində parklarda da bu iş fikri reallaşdırıla bilər amma mən dəniz kənarı olmasının lehinəyəm.Seçim sizə qalıb.
Mahiyyət - Mərdəkan və ya Novxanıda(çünki,əsas axın olan və infrastruktur baxımından inkişaf etmiş çimərliklər bunlardır) dəniz kənarında təqribi 1000 kv .m bir ərazi icarəyə götürülür, festival ərazisinə üzü dənizə tərəf 300-400 nəfərlik oturacaqlar düzülür, hər gün seçilmiş bir mükəmməl film (90 günə 90 film) saat 22-00 da nümayiş etdirilir. Yaxşı olar ki, filmlər-festivalın film siyahısı əvvəldən sorğu nəticəsində müəyyənləşdirilər. Çox güman ki, vizyon filmləri nümayiş etdirmək əlverişli olmaz dəniz sahilində, çünki məlum məsələ, açıq havadır bilet almayanlar da olacaq :)


Gəlir - Əsas gəlir təbii ki, biletlərdən olacaq. Biletin qiyməti çox güman 3-5 azn arasında dəyişməlidir. Biraz daha yaradıcı olsanız festival ərazinizdə dondurma, popcorn, meyvə suları - hətta daha da irəliyə gedərək MADO ilə müqavilə bağlayıb onların məhsullarını rəsmi olaraq dəniz qırağındaki festival ərazinizdə də sata bilərsiniz. Oturacaqlardan bir neçəsini divan şəklində edərək VİP kimi də təqdim edə bilərsiniz. Seanslarınızdan öncə reklam rolikləri də göstərə bilərsiniz. Yaradıcılıq sərhədsizdir. Təbii ki, bunlar da əlavə gəlir mənbələridir. Orta hesabla götürdükdə isə iş modelinin təxmini günlük gəliri əlavə xidmətlərinizə bağlı olaraq 1500-4000AZN arasında dəyişir. Festival isə 90 gün müddətində həyata keçirilir.





Avadanlığın alınması üçün isə uzunmüddətli araşdırmalarıma görə ən etibarlı və uyğun qiymətli şirkət Amerikanın Cinebox (www.openaircinema.us) şirkətidir. Şirkətin 500 nəfərə qədər tamaşaçı üçün nəzərdə tutulmuş Cinebox Pro 20x11 System (http://openaircinema.us/cinebox-pro/20x11-cinebox-pro-system) məhsulunu isə bəhs etdiyim iş modeli üçün ən ideal məhsul hesab edirəm. Qiyməti 16 000 $-dır. Ümumiyyətlə isə icazə alınması, Cinebox un gətirib ölkəmizə çıxarılması, oturacaqların sifarişi, yerin ilk ay üçün icarəsi və s .üçün xərcin təqribən 50 000-60 000 AZN-ə gəlib çıxacağı fikrindəyəm. Lakin iş fikrindən sadəcə aylıq gəlirin 45 000-120 000 AZN olduğunu və iş fikrinin 3 aylıq həyata keçiriləcəyini nəzərə alsaq kifayət qədər böyük gəlirin olduğunu deyə bilərik. Əgər daha ətraflı hesablamalar aparmaq istəsəz, bunu birlikdə edə bilərik hamidaghayev@gmail.com

Əsas bombaya gələk. Bu iş fikri marketinq aləti kimi də istifadə edilə bilər. Fikrimcə, bu iş fikrini sinemalarımızdan biri həyata keçirsə daha uğurlu olar. ParkCinema, Nizami kinoteatrı və 28 Cinema ən güclü namizədlərdir. Bir daşla bir neçə quş vurmağı hansı sinemamız istəməz ki?

- Həm ölkəmizdə həyata keçirilən maraqlı, genişmiqyaslı bir ilklərdən olması baxmından layihəni həyata keçirən cinema kimi, xəbər lentlərində, sosial şəbəkələrdə geniş müzakirə olunacaq. Bu iş fikrinin marketinq baxımından dəyərləndirilməsi idi. Məsələn deyirəm, 28 BEACH CİNEMA kimi bir brend qolu da yarada bilərsiniz :)


-Böyük gəlirli iş modeli.
-Ən əsası dövrümüzün əvəzolunmazı - Rəqabətdə Üstünlük. Əmin olun ki, əgər cinemalarımızdan hansısa bu ideyanı həyata keçirsə digərləri ilə rəqabətdə ən azı 5-6 addım önə keçəcək.



Təsəvvür edin və ideyanı bəyəndinizsə təcili çalışmalara başlayın, çünki yaya az qalıb :)