Blogun ilk yazısını yazarkən nədən başlayacağımı çox fikirləşdim və belə qərara gəldim ki, məni ən çox narahat edən turoperatorlarımızın 3 mühüm problemi barədə yazım.Beləliklə,başlayaq.Turoperator istənilən insanın müxtəlif(istirahət, biznes, shopping və s.) ehtiyaclarını təmin etmək üçün turizm xidmət programları hazırlayan və onları müxtəlif kanallarla satışa çıxaran şirkətdir.Hər bir sahədə olduğu kimi,turizmdə də sadəcə işini yaxşı görən, professionallığa daha yaxın olanlar alıcılar tərəfindən tərcih edilirlər. Lakin, bəzi problemlər var ki, turoperatorlarımızı professional görüntüdən uzaqlaşdırırlar.Mən bu problemlərin məni ən çox narahat edən 3-nü qeyd edəcəm.
1.Paket Tur problemi: Paket tur xarici ölkələrdə ən geniş yayılmış,daha çox satılan və turistin rahatçılığını daha çox təmin edən bir turizm xidmətidir. Paket tur zamanı turistə bir tur üçün lazım olan hər bir xidmət turun tərkibinə daxil edilir və vahid qiymətlə turistə təqdim olunur. Bu alıcı üçün daha rahatdır. Ən azından vaxt baxımından qazanır, həm də paket tur dünya praktikasında belədirki, xidmətləri ayrı-ayrı almaqdan daha ucuz başa gəlir ki, bu da alıcı üçün faydalıdır.
Qonşu Türkiyədə demək olar ki, əksər turoperatorlar yalnız paket turlar təklif edirlər. Belə ki, tur qiymətinin daxilinə həm uçuş,həm transferlər, həm otel, həm bələdçi, həm sığorta, həm də daha bir çox xərclər daxil edilir. Lakin bizdə isə, əksər vaxtlarda aviabilet və ya transferlər tur qiymətinin daxilində verilmir.
2.Dil problemi. Diqqət edirsinizsə yerli turoperatorların əksəriyyətinin internet səhifəsinə daxil olduqda bizi rusdilli bir sayt qarşılayır. Bunun belə olmasını heç cür əsaslandıra bilmirəm.Turoperatorların nümayəndələri müxtəlif müsahibələrdə bunun səbəbinin Bakıdakı rusdilli əhalinin turoperatorlara daha çox müraciət etməsi ilə əlaqələndirirlər. Ola bilsin ki,bu belədir. Amma sadə bir fakt deyim: Bu gün Bakıda yaşayan rusdilli əhali ümumi əhalinin çox kiçik bir hissəsini əhatə edir. Əksər rusdilli insan Azərbaycan dilini də orta səviyyədə bilir.Aydındır ki, Azərbaycan dilində edilmiş hər hansı tur təklifini də anlayacaqlar.Amma rus dilində minimum bilik səviyyəsi olmayan azərbaycanlılar həddən artıq çoxdur.NİYƏ HƏDƏF KÜTLƏNİZİ DARALDASINIZ Kİ?-Təklifi Azərbaycan dilində verdikdə həm yerli əhali,həm də rusdilli əhali rahat anlaya bilər. Beləcə hədəf kütləsi genişlənər.Bir də ki,bura Rusiya deyil dostlar:) Rus dilini ikinci dil seçimi kimi qoymaq daha məqsədəuyğundur. Bu baxımdan, www.turizm.az –ı nümunə kimi göstərə bilərik.
3.Emosiyasızlıq problemi.
Turizm-emosiyadır,duyğudur. Alıcı tur seçmək üçün turoperatorun internet səhifəsinə daxil olduğu andan etibarən saytda elə bir aura yaradılmalıdır ki, o artıq özünün tura gedəcəyi ölkədə olduğunu xəyal etsin. Mən bizim turoperatorların internet səhifəsinə daxil olduqda heç bir emosiya, duyğu əldə etmirəm. Buyurub baxın, siz olsanız hansı turoperatordan alış edərdiniz? Canlı rənglərlə, gözəl yazı ilə, lazımi bütün alətlərlə (online bron və s.) bəzədilmiş buradan mı? (türk turoperatorudur)
Yoxsa heç bir özəlliyi olmayan,vergi borcları siyahısına oxşayan tur təklifləri edən burdan mı?
Düzdür deyə bilərsiniz ki,bizə əsas onların təklif etdiyi xidmətin keyfiyyəti, peşəkarlıqları lazımdır. Lakin, mən düşünürəm ki, elə turoperatorların web-səhifəsi onların peşəkarlıqlarının güzgüsüdür.
Bəs turlarımıza emosiyanı necə qataq?- Bunun 3 sadə yolu var:
-Saytda, broşürlarda və s.də keyfiyyətli vizual effektlərdən geniş istifadə etmək (mükəmməl rəng çalarlığı,destinasiyaların mükəmməl görüntüləri və s.). Bu xüsusiyyətdən uğurla istifadə edən Azərbaycan turoperatorlarından www.visittour.az –ı misal gətirmək olar.
-Saytda hər hansı bir təklifi qoyanda çalışıb həmin təklifdə tur ediləcək ölkələrin ən maraqlı tanıtım videolarını da paylaşmaq
-Ən əsası qüsursuz bir copywriting... Məsələn,Türkiyənin ETStur agentliyinin etdiyi kimi:
Sizcə də turlarımıza emosiya qatmanın zamanı gəlməyibmi?