Bakı metrosunun əksər stansiyalarının QR bilet sistemi ilə əhatə olunması prosesi bu ilin sonuna kimi yekunlaşa bilər.



Facemark.az “Report”a istinadən xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki.



Metro sözçüsü bütün turniketlərin adıçəkilən sistemə qoşulma prosesinin gələn ilin martına kimi başa çatmasına dair təşkilatçı müəssisə qarşısında texniki tapşırıq qoyulduğunu diqqətə çatdırıb: “Metropolitendə mövcud olan 356 turniketin hər birinin QR bilet sisteminə qoşulması ilə bağlı nə texniki, nə də proqram təminatı baxımından hər hansı problem yoxdur. Məsələ burasındadır ki, onların bu sistemə inteqrasiya olunması ilə bağlı aparılan işlər ancaq gecə saatlarında, yəni metroda sərnişin olmayanda həyata keçirilə bilər. Bununla belə bu ilin sonuna kimi əksər stansiyaların QR bilet sisteminə quşulacağını gözləyirik”.



Xatırladaq ki, bu gündən Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.