Facemark.az Xəqani Səfərovun "Mükafat və Cəza" adlı yeni yazısını təqdim edir!


Mükafatlandırma və cəza vermə, idarəetmədə çox vacib alətlərdən hesab olunlar. Quran məntiqində də baxanda görürük ki, mükafatlandırma və cəza paralel olaraq qeyd edilib. Belə əlimdə xüsusi data yoxdur, amma təxminimə görə deyə bilərəm ki, Quranda mükafatlandırma sözü cəzadan daha çox çəkilib. Bilmirəm burada hansı hikmət var. Belə anlayıram ki, Allahın rəhməti daha çox olduğu üçün mükafatlandırma daha çoxdur qeyd edilib. Ancaq paralel cəzaların da sayının elə də az olmaması faktı var. Məncə, Allah Quranda bizə öyrədir ki, cəza da, mükafatda paralel vacib alətdir. Hər ikisi quşun qanadları kimidir. Ancaq biri ilə quş uça bilməz.


Əlbəttə düzünü Allah bilir. Lap elə birinci gün də demişdim ki, burada yazdıqlarım hansısa həqiqi dini məlumatı əks etdirməyə bilər, mənim öz anladıqlarımdır.


Gəlin əvvəlcə Quran məntiqində mükafatlandırma hadisəsini gözdən keçirək.


Mükafatlandırmanın məqsədi nədir?


Mükafatlandırma ilə bağlı ayələri oxuyub burada məqsəd nədir deyə baxanda bir necə cavab gəlir adamın ağlına. Birinci odur ki, mükafatlandırma ədalətdəndir. Yəni düz olan bir əməldir. Ancaq bu cavab adamı mükafatın məqsədi baxımından qane etmir. Bu daha çox mükafatı verənin necəliyini ilə bağı suala cavab verir. Tam olaraq mükafatın məqsədini açmır.


Ancaq ayələrə çox incə baxanda görürsən ki, mükafatlandırma bağlılığı yaratmaq və artırmaq üçündür. Bir növ Allah insanları haqq yola, Özünə bağlamaq üçün mükafatlardan danışır. Belə desək yanılmarıq ki, Qurana görə mükafatlandırmanın məqsədi bağlılıq yaratmaqdır.


Şirkətlərdə bu məqsədlə motivasiya etməlidirlər. Motivasiya işçidə xoşluq yaratmaq üçün deyil, şirkətə bağlılıq yaratmaq üçün edilməlidir.


Kimi mükafatlandıraq?


Quranda mükafatdan danışarkən daha çox iki xüsusi işi görəni mükafatlandıracağını deyir. Onlardan biri imtahan olunub imtahandan keçənlər, digəri isə yaxşı iş görənlərdir. “Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır”. (Bəqərə surəsi, 112-ci ayə)


Burada o anlaşılır ki, ümumiyyətlə yaxşı iş görənləri, imtahandan keçənləri mükafatlandırmaq vacib nüanslardandır. Rəhbər yaxşı iş görən işçisini mütləq mükafatlandırmalıdır. Yaxşı işin əvəzini verməmək idarəciliyə xələl gətirir. Allah deyir ki, “Biz yaxşı əməl sahiblərinin mükafatını zay etmərik” (Əraf surəsi, 170-ci ayə)


Ancaq burada vacib nüanslardan biri də budur ki, mükafat üçün yaxşı iş görmək, imtahandan keçmək vacibdir. Yəni səbəbsiz mükafatlandırma ədalətli hesab edilmir. İnsan təbiətindən irəli gələrək səbəbsiz, imtahansız, yaxş iş görmədən mükafat alan insanın “nastroykası” pozulur. Beləliklə biz o işçini itiririk. Mən hər zaman təlimlərdə məsləhət görürəm ki, ilk 2-3 ayda işçiyə heç bir mükafat, bonus, əmək haqqı artımı etmək olmaz. Çünki adaptasiya dövrünü tam keçməmiş işçi mükafatlananda korlana bilir. Bunun işçinin özü ilə heç bir əlaqəsi yoxdur. Bu insan təbiətinə ziddir.


Necə mükafatlandıraq?


Allah Quranda mükafat aləti kimi nədən istifadə edir, nə ilə mükafatlandırır deyə baxsaq görərik ki, əsasən bunları qeyd edir: Cənnət, bağışlanmaq, iman, təqva, Allahın razılığı.


Bunları ümumiləşdirsək deyə bilərik ki, bunların hamısı qeyri-maddi mükafatlandırmadır. Allah maddi mükafatlandırma vermir. Bəlkə də hansısa ayədə var. Ancaq ümumi olaraq yoxdur. Bu o deməkdir ki, maddi mükafatlandırma qane edici bir alət deyil. Yəni qeyri-maddi mükafatlarla bağlılığı təmin etmək olur. Maddi mükafatlandırma bağlılıq yaratmaqda zəif qalır.


Həm də belə anlaşılır ki, insanın qeyri-maddi ehtiyacları daha dərin ehtiyaclardır. Gəlin, Quranda istifadə edilən mükafatlandırma alətlərini dünya həyatına tərcümə edək. Görək insanın hansı mənəvi ehtiyacları var.


Cənnət - rahatlıq ehtiyacı. İnsan rahat iş istəyir. Şirkət tərəfindən daha yaxşı şərait və rahatlıq təmin edilməsi onun üçün təməl ehtiyacı ödənən mükafatlandirmadır. Bağlılıq yaradır.


Cənnət - böyüyə çatma ehtiyacı. İnsanlar karyeralarında yüksəyə çıxacağı iş yerinə daha çox bağlı olurlar. Yüksək karyera vəd etməyən iş yeri çox da cəlb edici deyil.


Cənnət, bağışlanmaq - Xoşbəxt olma ehtiyacı. İnsan iş yerində xoşbəxt hiss etməlidir. İş yerinə “Yenə gəldim bu xarabaya” deyən işçi o iş yerinə necə bağlı olsun. İşçi işdə xoşbəxt deyilsə o şirkətə bağlı da ola bilməz.


Allahın razılığı - Təsdiqlənmə ehtiyacı. İnsan istəyir ki, gördüyü işlərdə özünü təsdiqləsin və bunun geri dönümünü alsın. İnsan özü təsdiqlədiyi iş yerinə daima bağlı olur. Çünki orada özü realizə edə bilir. Buda çox böyük mükafatdır.


İman və təqva - Güvən ehtiyacı. İnsan güvəndiyi yerə bağlı olur. Şirkəti işçilərin güvəndiyi bir yerə çevirmək lazımdır. Məsələn, insan yatıb, durub, yanındaki iş yoldaşlarının bir gündə xüsusi səbəb olmadan işdən çıxarıldığını görürsə şirkətə güvəni itir. Və ora bağlılığı olmur.


Göründüyü kimi, şikətə bağlılıq məqsədli mükafatlandırmada heç bir maddi ehtiyac yoxudur.


Əlbəttəki məqsədim maddi ehtiyacı kiçiltmək deyil. Amma araşdırmalar göstərir ki, insanların iş yerini seçmə, işləmə, iş yerinə bağlı olma səbəbləri arasında maddiyyat çox da ilk sıralar da deyil. Əksər vaxt insanlar qeyri-maddi səbəblərə görə şirkəti tərk edirlər.


Məsələn, Dr. Timothy Gardner tərəfindən aparılan "Why Workers Quit: The Factors That Predict Employee Turnover" araşdırmasında insanların işi tərk etmə səbəbləri sırasında əmək haqqı 5-ci yerdədir. Ondan qabaqda - iş yerindən razı qalmamaq, iş yükünün çox olması, iş yoldaşılarının və rəhbərliyin yaxşı olmaması, karyera imkanlarının olmaması kimi səbəblər dayanır.


Əgər Allah ömür və qüvvət versə gələn yazıda cəza sistemlərindən və onların məqsədlərindən yazacağıq.


Necə deyərlər ardı var…