Facemark.az Xəqani Səfərovun "Şərikliyin şərtləri" adlı yeni yazısını təqdim edir!


Biznesin ən təməl məcburiyyətlərindən biri də ortaqlıq, şəriklik, birgə iş görməkdir. Mən bu mövzular haqqında danışanda Quranda danışılan bir əhvalatı xatırlayıram. Kəhf surəsi 65–82-ci ayədə bəhs edilən bu hekayədə mənə görə birgə iş görmək, ortaq olmaqla bağlı ən təməl və işlək dərslər var.


Əhvalat Hz. Musa ilə Xızır peyğəmbər arasında olan bir yol yoldaşlığından danışır. Düzdür, Quranda bir başa Xızır peyğəmbərin adı çəkilmir. Ayədə “Öz dərgahımızdan mərhəmət (peyğəmbərlik) əta etdiyimiz və elm (qeybə dair bəzi biliklər) öyrətdiyimiz bəndələrimizdən biri” kimi qeyd edilir. Ancaq ümumi islam mətnlərində bu adamın Xızır peyğəmbər olması güman edilir.


Hz. Musa və Xızır peyğəmbərin əhvalatı


Deməli, Hz. Musa Xızır peyğəmbərlə yola çıxmaq istəyir. Xızır peyğəmbər də deyir ki, sən mənə dözə bilmərsən. Səbrin çatmaz. Çünki mən zahirən qadağan olunmuş bir işlər görə bilərəm və sən bunları gördükdə etiraz edəcəksən. Səbr edə bilməyəcəksən. Hz. Musa da deyir ki, söz verirəm ki, səbr edəcəm. Xızır peyğəmbər də deyir ki, nə görsən səbəbini sənə izah etməyincə məndən heç bir şey soruşma. Beləcə razılaşıb yola çıxırlar.


Bir az yol gedirlər bir gəmiyə rast gəlirlər. Xızır peyğəmbər o gəmininin bir-iki taxtasını çıxarır və gəminin içinə bir az su girməyə başlayır. Bu hadisəni görən Hz. Musa çox təəccüb edir və Xızır peyğəmbərə qəzəblənir. Deyir ki, sən nə edirsən?!. Bu gəmi kasıb insanların gözünü tikdiyi yeganə ruzi qapısı idi. Onu deşib suya batırırsan.


Bu vaxt Xızır peyğəmbər ona əvvəldə dediyi sözləri xatırladır. Hz.Musa da unutduğunu deyib üzr istəyir.


Sonra onlar yola davam etdirlər. Qarşılarına bir oğlan uşağı çıxır. Xızır dərhal o uşağı öldürür. Hz. Musa dəli olur. Və Xızır peyğəmbərə yenidən etiraz etməyə başlayır. Deyir ki, sən çox pis adamsan. Məsum və günahsız bir uşağı öldürməklə çox böyük bir günah elədin.


Bu vaxt Xızır peyğəmbər ona yenə əvvəldə dediyi sözləri xatırladır. Deyir ki, mən sənə demişdim ki, sənə səbəbini açıqlamamış məni ittham etmə, heç nə soruşma. Hz. Musa da yenə unutduğunu deyib üzr istəyir. Yollarına davam edirlər.


Onlar gəlib bir məmləkətə çatırlar. Çox ac olurlar. Kimə deyirlərsə heç kim onlara yemək vermir. Sonra orada bir divarın aşacağını görürlər. Xızır peyğəmbər o divarı yenidən hörür və buna görə heç bir qarşılıq istəmir. Hz. Musa da deyir ki, niyə orada gördüyümüz işə görə bir az muzd istəmədin?!.


Elə bu sözdən sonra Xızır peyğəmbər Hz. Musa ilə aralarında yol yoldaşlığının bitdiyini deyir və baş verənlərin hikmətlkərini açıqlaryır.


Məsələn, deyir ki, gəmi o insanların göz tikdiyi yeganə çörək qapısı idi. Orada bir zalım padişah var idi. Bütün gəmiləri yığırdı. Mən o gəmini zədələdim ki, padişahın adamları gələndə bu gəmini deşilmiş görüb aparmasınlar.


Uşaq böyüyüb həddi-buluğa yetişəndə kafir olacaqdı. Ata-anasını da azğınlığa və küfrə sürükləyəcəkdi. Allah onlara daha xeyirli övlad verəcək.


Divara gəldikdə isə, o, şəhərdə olan iki yetim oğlanın idi. Altında onlara çatası bir xəzinə vardı. Əgər divar aşsaydı onlar xəzinəni tapa bilməyəcəkdilər. Divarı bərpa etdim ki, xəzinələrini tapsınlar.


Bunun kimi bütün hadisələrin hikmətini açıqlayır və Hz. Musa ilə yolunu ayırır.


Bu hekayə bizə nəyi anladır?


Mənə görə bu hekayədə ortaq olmaq, bir yerdə iş görməklə bağlı təməl mesajlar var.


1. Uzun bir yol getmək istəyirsənsə bir yol yoldaşına ehtiyacin var. Tək getmək sürətli olsa da uzun olmur.


2. Yola çıxdığın adamlarla yolun lap əvvəlində yaxşı şərtləşməlisən. Aydın və açıq şərtləri hər iki tərəf qəbul edib yola çıxmalıdır. Hətta İslam Peyğəmbəri şəriklik şərtlərinin təkidlə yazılı olmasını vurğulayıb.


3. Yolda tərəflərdən biri yolun başındakı şərti poza bilər. Buna görə onunla yolu ayırmaq olmaz. Əvvəlcə ona şərtləri bir də xatırlatmalısan. Əgər unutduğundan və ya bilməməzdikdən etdiyini desə onunla yoluna davam etməlisən. Bunun kinini saxlamamalısan.


4. Yola çıxdığın adamın yolda etdiyi səhvin keyfiyyətinə baxmaq lazımdır. Əgər taktiki səhvdirsə (əməliyyat səhvi) onu normal qəbul etmək lazımdır. Yox, əgər starteji səhvdirsə (yolun əvvəlindəki sərti zədələyən səhvdirsə) oturub danışman, xatırlatman lazımdır.


5. Taktiki səhvlər ortaqlığı zədələyə bilməz. Ortaqlığı zədələyən strateji və ya niyət səhvləridir.


6. Əgər əvvəldəki şərtləri sənin xatırlatmana rəğmən 3 dəfə pozsa, onda onu bağışlamamalısan və yolunu ayırmalısan.


7. İş ortağıdakı əsas məsələ onun yaxşı adam olub-olmaması deyil, işi bacarıb- bacarmamasıdır. Çünki Hz. Musa əslində pis insan deyildi. O özü də bir peyğəmbər idi. Amma şərtə riayət edə biləcək bacarığı yox idi.


8. Hər şeydən əvvəl iradə və səbr göstəməyi bacarmalısan. Yol uzundur, məqsədə çatmaq üçün yol yoldaşını tez tərk etməməlisən.


Quran bizə deyir ki, ortağınla xoş davranmaqla uzun yol gedə bilərsən. Bir-birinəz qarşı xoş niyyətdə və xoş gümanda olmalısınız.


“Yaxşılıq etməklə və pis əməllərdən çəkinməklə bir-birinizə kömək edin, düşmənçilik etməklə yox. Allahdan qorxun” (Maidə surəsi, 2-ci ayə)


Ardı var…