Facemark.az Xəqani Səfərovun "Tərəzi misalı" adlı köşə yazısını təqdim edir!


Bugünki mövzu çox dərin, həssas və bunlar qədər də vacib və mühüm mövzudur. Mənə görə biznesin, işin, bəlkə də həyatın, insanlığın əsas prinsiplərindən birindən yazacam bu gün.


Allah müqəddəs kitabında insanlara mesajları bir neçə formada edir. Bu bir üslubdur. Bəzən dolayı mənada, bəzən birbaşa mənada, bəzən peyğənbərə xitabla, bəzən hekayələrlə, bəzən də, Allah demək istədiyini, üçüncü şəxsin adından bizə çatdırır.


Ancaq nə hikmətdirsə bəzi məsəlləri isə vasitəsiz, açıq aşkar, birbaşa mesaj şəklində qeyd edir Yaradan. Mənə elə gəlir ki, bu məsələlər o qədər mühüm bir əhəmiyyət kəsb edir ki, onu birbaşa bizə xitabla sözün kəsici mənasında qeyd edilib.


Quranın bir çox yerində tərəzidə (ölçüdə) aldatmağın pis bir hadisə olduğu ilə bağlı israrlı göstərişlər var. Məsələn, Şuəra surəsi 181-ci ayədə Allah, “(Tərəzidə) ölçüyə tam riayət edin və (insanların haqqını) əskik verənlərdən olmayın!” deyir.


Ölçüdə və tərəzidə aldatmaqla bağlı Allahın kitabında 10-dan çox göstəriş var. Bu nə məsələdir ki, Allah tərəzidə aldatma deyir? Tərəzi nədir ki, onda aldatmaq olmaz? Özü də bu ayələrin çoxu açıq, aşkar, vasitəsiz deyilib.


Bunu açıqlamaq üçün gəlin əvvəlcə tərəzidə aldatmaq prosesinin simulasiyasını gözümüzün qabağına gətirək. Tərəzidə aldatmaq hansı şəraitdə baş verir?


Bir nəfərə (müştəriyə) evində un lazım olur və gəlir mağazaya (satıcının yanına) un almağa. Satıcı da una bir qiymət müəyyənləşdirib - məsələn, bir manat. Müştəri fikirləşir ki, 3 kq un alsın və satıcıdan 3 kq un istəyir. Satıcı da tərəzi də aldadır. Yəni 3 manat alıb, 2 kq 800 qram un verir.


Bu səhnəni hermeneftik analiz etmək nə görürük:


1. Burada iki tərəf var.


2. Hər ikisinin də hədəfi var.


3. Hər ikisi də hədəfinə çatmaq üçün şərtlər irəli sürür və razılaşılır.


4. Bir tərəf razılaşmanı pozur.


Tərəzidə aldatmaq, yəni, nə? Bu yuxarıdakı proseslər. İndi götür bu düsturu biznesin hansı səhnəsinə qoyursan qoy, tərəzi misalını çəkmiş olursan. Ölçüdə iştirak etmiş olursan. Sadəcə tərəflər fərqlənir. Biznesin bütün tərəfləri arasında bu düsturlar işləyir. Satıcı - müştəri, müdir - işçi, işçi-işçi, şəriklər, biznes partniyorlar, tədarükçülər, debitorlar, kreditorlar və demək olar ki, hər kəs. Hər kəs tərəzi misalını yaşayır, hər gün, hər saat, hər ünsiyyətə girəndə. Müdirin işçiyə verdiyi sözü tutmaması elə tərəzidə aldatmaqdır, satıcının alıcıya malı söz verdiyi kimi çatdırmaması elə tərəzidə aldatmaqdır. İş ortağınla, partnyorunla razılaşmanı pozmağın elə tərəzidə aldatmaqdır. Borcunu söz verdiyin vaxta verməmək elə tərəzidə aldatmaqdır.


Bəs yaxşı tərəzidə niyə aldatmamalıyıq, bu şey niyə pisdir?


Sözsüz ən düzünü Allah bilir. Ancaq mən öz anladığım tərzdə bunun üçün 3 səbəb qeyd edəcəm.


Birinci səbəb:


Əlbəttə zahirdə baxanda burada bir haqq məsələsi var. Tərəzidə, ölçüdə aldatdığın zaman insanın haqqına girmiş olursan. Müasir psixoloqlara görə başqa insanların haqqını tanımaq özlüyündə insanın öz psixoloji inkişafı üçün ana təməllərdən biridir. İnsan mərkəzli psixolojiyanın banilərindən Carl Rogers deyir ki, insanın başqa bir insanın haqqını qoruması insanın özünün inkişafı üçün ən vacib nüansdır. (Bu haqda çox ciddi araşdırmalar var, ancaq mövzu bu olmadığına görə çox geniş toxunmuram. Bəlkə də bir mövzumuz elə insan haqları olar)


Quran məntiqinə görə də insanı aldatmaq, onun haqqına girmək olmaz. Çünki bu dünya əbədi deyil və biz lap bir dəfə qarşılaşdığımız insanla belə başqa vaxt - Allah qarşısında bir də üzləşəciyik. Ona görə aldatdığın adamın hesabını həm burada, həm də o birini dünyada verməli olursan. Onun haqqı səndən bu və ya digər formada alınacaq.


İkinci səbəb:


Allah Quranda tərəzi sözünü iki mənada işlədir. Birinci məna insanlara xitabən hansı ki, bu barədə danışırıq. İkinci məna isə özünə xitabən - Allahın tərəzisində ağır və yüngül gələnlər barədədir. (“Kimin (savab) tərəziləri ağır gələrsə, onlar əsil nicat tapanlardır” (Muminun surəsi, 102-ci ayə))


Allah özü də bizi ölçür. Ölçmək ilahi bir hadisədir. Məhz buna görə bu ilahi hadisəni düz eləmək lazımdır.


Üçünçü səbəb:


Quran deyir ki, nəticəsi gözəl olan işlər eləmək istəyirsənsə tərəzidə aldatma.


“Ölçdüyünüz zaman ölçüyə riayət edin və düzgün tərəzi ilə çəkin! Bu həm daha yaxşı, həm də nəticə etibarilə daha gözəldir. (İsra surəsi, 35-ci ayə)”


Allah deyir ki, tərəzidə aldatmasan nəticə gözəl olar. Nəticəsinin gözəl, davamlı olmağını istəyirsənsə işçini, müdirini, partniyorunu, ortağını aldatma, dürüst ol.


Bu mövzudan nə başa düşdük?


Bəs bizim işlərimiz nə vaxt nəticə etibari ilə yaxşı olmur? - Tərəzidə aldadanda.


İndi dönüb işlərimizə baxmalıyıq. Hazırda hansı işimizin nəticəsi bizi qanə etmir? Hansı işimiz nəticəsizdir?


Hansı işimizin nəticəsi gözəl deyilsə, orada tərəzidə qarşı tərəfdən kimisə aldadırıq.


Yaxşı, mən o işin tərəzisində kimi və necə aldadıram?


Vay halına çəkidə və ölçüdə aldadanların! O kəslər ki, özlərini insanlardan (bir şey) aldıqları zaman onu tam ölçüb alar. Onlar üçün ölçdükdə və ya çəkdikdə isə (onu) əskildərlər. Məgər onlar (öləndən sonra) diriləcəklərini düşünmürlərmi?! Özü də dəhşətli bir gündə?! O gün bütün insanlar (haqq-hesab üçün) aləmlərin Rəbbinin (Allahın) hüzurunda duracaqlar! (Mutaffifin surəsi, 1- 6-ci ayələr)


Ardı var…