Facemark.az Xəqani Səfərovun "Allah biznesdə olmağımızı, işləməyimizi istəyirmi?" (davamı) mövzusunda köşə yazısını təqdim edir!


Qeyd etiyimiz kimi bizim əlimizdə iki mühim data var idi.


1. Kamilləşməyə gəlmişik


2. Çoxlu rollarımız var


Nəticə kimi də çıxırdı ki, biz bu rollardan istifadə edib kamilləşməliyik.


Ümumiyyətlə, kamilləşmə üçün lazımi ən mühüm alət kamilləşməli olan şeyin funksiyalardan tam istifadədir. Əgər bir şey bir şey üçündürsə, o şeyi o şey üçün istifadə etməsən kamilləşməz. Məsələn, əgər qaşıq yemək yemək üçündürsə, onu çubuq kimi istifadə eləsən qaşıq öz kamili hədəfinə çatmaz. Və ya biz əlimizdəki hansısa smart telefonun yüzlərlə funksiyası olduğu halda ancaq “zəng gəlsin - zəng getsin” kimi istifadə etsək, o telefon smart telefon kimi kamilli hədəfinə çatmır. “nəziy adaptorlu Nokia”dan fərqlənmir. Ən kamil smart telefon o adamın əlindədir ki, o smart telefonun mümkün daha çox funksionallığını istifadə edir. Təsəvvür edin ki, filan qədər pul verib bir “iphone 14” alırsan, ancaq onu 20-30 manatlıq bir telefonun funkusiyaları çərçivəsində istifadə edirsən. O “iphone 14” “iphone 14”dürmü? Əlbəttə yox. O “iphone 14” “nəziy adaptorlu Nokia”dır.


Eynilə də insan da belədir. İnsan çox üst səviyyədə bir çox istedad və funksiyalarla bu dünyaya gəlib. (Biz insanı ən gözəl şəkildə yaratdıq! Tin sürəsi 4-cü ayə).


Bizim daxili dünyamızda kələm kimi qat-qat düzülmüş istedadlar vardır. Biz bu istedadları açdıqca kamilləşirik. Hər qatda bundan daha yaxşı ola bilməz desək də növbəti qat açılanda əvvəlkinin çox kiçik olduğunu anlayırıq. Bu səbəbdəndir ki, bəzən mənəvi mərtəbədə çox yuxarıda olanlar, aşağıda olanlara təəccüb edər, aşağıda olanlar isə yuxarıda olanları anlamaz. Riyaziyyatdan doktorluq etmiş biri 4-cü sinif şagirdinin asan bir misalı edə bilməməsinə təəccüblənər, 4-cü sinif şagirdi isə riyaziyyat doktorluğunun belə nə olduğunu anlamaz.


Bəs insanın rolları nə üçündür? Biz niyə birinin atası, birinin oğlu, birinin qızı, birinin qardaşıyıq? Cavab çox sadədir - Bu istedadlarımızı açmaq üçün. Biz bu rollarda ola-ola müxtəlif istedadlarımızı inkişaf etdiririk. Ancaq maraqlısı odur ki, bütün istedadlar bir rolumuzla açıla bilmir. Necəki, bir smart telefonun zəng istedadı zəng vurmağa adam olanda, şəkil çəkmək istedadı şəkilməli şəkil olanda, location istedadi getməli yer olanda açılırsa insanda da belədir. Bütün istedadlar bir rolla açıla bilmir, müxətlif rollarla açılır.


Məsələn, insanın dost kimi rolunda birlik, həmrəylik, çox istəmək kimi istedadları inkişaf etdirilə bilər, ancaq məhəbbət, eşq, şəfqət kimi istedadını inkişaf etdirmək üçün bir fürsəti yoxdur. Çünki bu istedadlar dost rolunda yox, daha çox başqa rollarda, məsələn, həyat yoldaşı rolunda açılır. Ata rolu isə başqa istedadlara qulluq edir. Ata kimi şəfqət, idarəçi, böyüklük və s. kimi istedadını kamilləşdirə bilirsən. Misallar fərqli də ola bilər - əsas mənadır. Mənada budur ki, insanın bütün istedadlarını açmaq üçün bir çox roldan istifadə edilməlidir.


Ancaq biz biznesi, iş mühitini, müdiri, işçini, iş dünyasını analiz edəndə görürük ki, bura çox böyük bir meydandır. İşləmək insan fəaliyyətinin ən üst mərtəbəsidir. İş mühitindəki rolunda insanın o biri rollarından fərqli olaraq daha çox istedadini inkişaf etdirmək üçün çox geniş bir meydan var. Məsələn atalıq insanı tam idarəçi kimi yetişdirə bilmir. Çünki, məsələn, övladın nə qədər pis olsa da onu “istən çıxara bilmirsən”. Ancaq iş mühiti insan fəaliyyətinin bütün istedadlarını açmaq üçün çox ciddi bir meydadandır. Burada insanın bütün istedadları açılır.


İş mühitində insan o qədər çox rəngarəng fəaliyyət edir ki, bütün istedadlarının qapısını döyməli olur.


Müştərinin xidmətində durursan, müxtəlif insanlardan mütəlif kaprizlər udmali olursan, borc alırsan, borc verirsən, ortağın səni aldadır, aldanırsan, maaşın vaxtı çatır maaşını vermirlər, maaşın vaxtı çatır insanlara maaş verə bilmirsən, birdən-birə işdən çıxarılırsan, gözləmədiyin halda bonus alırsan, istehsal edirsən, satırsan, alırsan, iş yoldaşınla yola gedirsən, getmirsən, maaşa görə dözürsən, müdirə dözürsən, işə dözürsən, sevinirsən, ağlayırsan, böyük bir komandanın bir parçası kimi hiss edirsən, evdə anana, bacına, qardaşına, yoldaşına göstərmədiyin səbri tanımadığın hətta bəzən zəhlən getdiyi adama göstərirsən, üzünə gülürsən, bəzən çox sevinirsən, vəzifən artır, maaşın artır başqa bir hislər yaşayırsan.


Milyonlarla hisslər və çoxlu-çoxlu istedadlarını üzə çıxarır iş mühiti. Başqa heç bir insan rolu bu qədər rəngarəng istedadları inkişaf etdirmək üçün bir meydan deyil. Ona görə deyirəm ki, iş mühiti, biznes insan fəaliyyətinin ən üst mərtəbəsidir.


Beləliklə mövzunun əvvəlində verdiyim suala cavabı vermiş olduq. Bəli, Allah bizim bizneslə, işlə məşğul olmağımızı istəyir. Allah bizim iş mühitində olmağımızı istəyir. Çünki, iş mühiti insan istedadlarını açır, insanın istedadları açıldıqca kamilləşir. İnsan kamilləşdikcə bu dünyaya gəlmə hədəfinə yaxınlaşmış, çatmış olur.


İşlədikcə biz kamilləşmə yolunda ən təsirli rolumuzda oluruq. Bir də işə gedəndə belə baxmaq lazımdır. Bu iş, bu bina, bu otaq, bu kompüter bu iş mühiti mənim istedadlarımı açır, məni kamilləşdirir. Məni Allahın məni bu dünyaya göndərdiyi hədəfə yaxınlaşdırır. Deməli, mən bəsit bir iş görmürəm, deməli, mən günümün əsas saatlarını boşuna keçirmirəm. Əgər bu iş mühitinin məndə inkişaf etdirdiyi istedadlara fokuslana biləsəm kamilləşəcəm. Düz yoldayam. Əslində mən işdə deyiləm, ibadətdəyəm. (İşləmək ibadətdir (Hədis).)


Bu qədər funksiyalarım olduğu halda niyə “nəziy adaptorlu Nokia” olum ki?!


Ardı var…