“Biznesdə qadınların gücü” layihəsi çərçivəsində qadın sahibkarlar üçün təlimlər davam edir. Sənaye, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində fəaliyyət göstərən 23 qadın sahibkar üçün fevral ayında “Bakı KOB evi”ndə müxtəlif mövzularda təlimlər təşkil olunub.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında bildirib.


Bu təlimlər “Biznes psixologiyası”, “Şirkətin inkişafında sistemləşmə və markalaşmanın önəmi”, “Biznes planın hazırlanması və investorların cəlb olunması”, “Satış danışıqlarının aparılması” mövzularını əhatə edib. Təlimçi-ekspertlər Zahid Adıgözəlov, Sakit Səmədov, Niyazi Abbasov və Azad Qəhrəmanovun iştirakı ilə keçirilmiş təlimlərdə müvafiq mövzularda məlumat verilib, qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb.


Növbəti mərhələdə layihə iştirakçısı olan qadın sahibkarların müxtəlif istiqamətlərdə sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri ilə görüşləri təşkil ediləcəkdir.


Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Rabitəbank” ASC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və "Marsol" MMC-nin dəstəyi ilə həyata keçirilən layihənin məqsədi ölkə iqtisadiyyatında qadın sahibkarların rolunun və işgüzar fəallığının artırılmasına dəstək olmaqdır. Layihənin sonunda iştirakçıların təqdim etdiyi ən yaxşı 3 layihənin maliyyələşdirilməsinə dəstək göstəriləcək (1-ci yer 5000 manat, 2-ci yer 3000 manat və 3-cü yer 2000 manat).