Facemark.az "Avrora" MMC-nin maliyyə meneceri, Vergi və Mühasibatlıq Zirvəsinin spikeri Simnar Paşazadə ilə müsahibəni təqdim edir!


1. Simnar bəy, salam. Bildiyimiz kimi 11 mart tarixində keçiriləcək Vergi və Mühasibatlıq Zirvəsində spiker olaraq çıxış edəcəksiniz. Hansı panel və mövzu üzrə olacaq çıxışınız?


- Salam. Çıxışım “Mühasibatlıq və Rəqəmsallaşma” panelində olacaq, mövzum isə “Maliyyə uçotunda bilinməyən səhvlər və doğrular” olacaq.


2. Ən çox hansı spikerin çıxışı sizin üçün maraqlıdır?


- Ən çox Davud Məmmədovun çıxışını səbirsizliklə gözləyirəm. Davud bəylə eyni şirkətdə 3 il çalışmışıq və ondan həm praktiki, həm də mənəvi çox şeylər öyrənmişəm. Əvvəlki zirvələrdə də, çıxışları həmişə maraq doğurduğuna görə ən çox onun çıxışını gözləyirəm.


3. Zirvədə daha hansı şəxsləri spiker və ya moderator olaraq görmək istərdiniz?


- Fikrimcə, bu sahənin ən təcrübəli və tanınmış şəxsləri artıq zirvəyə ya spiker, ya da moderator kimi dəvət olunub, ona görə əlavə olaraq hansısa spiker və ya moderator kimi görmək istədiyim xüsusi bir şəxs yoxdur.


4. Sizcə, ölkəmizdə bu kimi tədbirlərin keçirilməsinin faydaları nələrdir? Şirkətlər necə faydalana bilərlər?


- Əslində bu tipli tədbirlərin keçirilməsinin bir çox faydaları var, məsələn:


1) Tədbirdə iştirak edən şəxslər maliyyə dünyasının tanınmış və təcrübəli şəxslərindən yeni biliklər əldə edir, bildiklərini möhkəmləndirir, həm mütəxəssislərlə, həm də tədbirin digər iştirakçıları ilə əlaqələr (networking) yaradırlar.


2) Tədbirin spikerləri və ya moderatorları tərəfindən isə bunu qeyd edə bilərəm ki, həmin şəxslər ya öz şirkətlərində, ya da özəl müəssisələrdə yüksək vəzifə tutmuş şəxslərdir, onlar da öz növbəsində bu zirvədə iştirak edənlərin arasından özlərinə uyğun namizədlər də tapa bilərlər.


3) Müəssisələr isə öz daxili proseslərini inkişaf etdirmək və təkmilləşdirmək üçün müraciət edəcəyi mütəxəssislərlə tanış ola bilər və gələcəkdə onlarla iş birliyi qura bilərlər.


5. Növbəti illər üçün hədəfləriniz barədə məlumat verə bilərsinizmi? Növbəti illərdə şirkətinizi hansı yeniliklər gözləyir?


Mən hazırda “Avrora” MMC şirkətində çalışıram. "Avrora" şirkəti Azərbaycanın ən böyük 3 qida təchizatçılarından biridir. Növbəti illərdə şirkətin həm istehsal cəhətdən, həm də distributorluq tərəfdən portfelə yeni məhsulların və malların əlavə olunacağı və qida sektorunda daha böyük paya sahib olacağını gözləyirəm.


Növbəti illərdə özümün hədəfləri arasında başladığım CFA sertifikasiyasını tamamlamaq və "Avrora" şirkətinin Maliyyə bölməsini dünya standartları səviyyəsinə gətirmək yer alır.



Təşəkkür edirik!