Yaponiyanın Panasonic şirkəti cari maliyyə ilinin ikinci yarısında tələbatın azalması və yerli pul vahidi yenin məzənnəsinin artması fonunda şirkətin yenidən qurulmasını uğurla həyata keçirmək məqsədilə daha 8000 nəfəri işdən azad etməyi planlaşdırır. İlk yarımildə şirkət artıq 8871 nəfəri işdən azad edib, qalan 8000 nəfər isə 31 mart 2013-cü ilədək ixtisar ediləcək.



Şirkətin mətbuat xidmətindən bildirirlər ki, Panasonic şirkətin yenidən təşkilini sürətləndirmək niyyətindədir, halbuki 765 milyard yen (9,6 milyard dollar) məbləğində illik ziyanın əldə edilməsi ilə bağlı proqnoz hələ də qüvvədə qalır.



Bununla belə, Yaponiya istehsalçısının səhmlərinin dəyəri bu gün 38 il ərzində minimal səviyyəyə enib. Şirkət son il ərzində artıq 39 min nəfəri və ya ştatın 11 faizini işdən kənarlaşdırıb.



Müstəqil ekspertlər qeyd edirlər ki, Yaponiyanın Panasonic, Sony, Sharp və Toshiba şirkətlərinin problemləri oxşardır. Belə ki, bu şirkətlərin hamısı Koreya və Çin istehsalçıları ilə rəqabət fonunda satışların azalmasından, işçilərin ixtisar edilməsindən və illik rekord itkilərdən şikayətlənirlər.