05 dekabr 2011, Bakı : Azərbaycanın aparıcı sığorta şirkətlərindən biri olan “Qarant Sığorta” AİESEC-in təşkilatçılığı ilə tələbələrə təlim keçib. Müxtəlif universitetlərin 70-ə yaxın tələbəsi “time – management” mövzusunda keçirilmiş təlimdə iştirak etmişdilər. Təqdimat və sual-cavab formatında keçirilən seminarın əsas məqsədi tələbələrə iş vaxtının planlaşdırılmasında və layihələrin formalaşdırılmasında peşəkar bacarıqlarını artırmaqdı.


Tələbələrə təlim keçən “Qarant Sığorta” şirkətinin İnsan Resursları Departamentinin direktoru Ayan Bünyatzadə işgüzar fəaliyyət zamanı vaxtın bölüşdürülməsi, işlərin prioritetliyinə görə ayrılması, analizlərin edilməsi və layihələrin formalaşdırılması haqqında seminar iştirakçılarını məlumatlandırmışdı.


“Biz “Qarant Sığorta” şirkəti olaraq hər zaman gənclərə, ən əsasda tələbələrə dəstək oluruq. Bildiyimiz kimi çox vaxt insanlar işgüzar fəaliyyət zamanı öz işlərini planlaşdıra bilmirlər, eləmirlər və ya sonraya saxlayırlar. Bu da öz növbəsində işin keyfiyyətində öz mənfi təsirini göstərir. Ona görə biz istədik ki, artıq gənc yaşlarında tələbələrə keyfiyyətli iş qurmaq və məsuliyyətli bir işçi olmaq üçün bu kimi peşəkar vərdişləri öyrədək” – deyə A. Bünyatzadə bildirmişdi.


Qeyd edək ki, bu “Qarant Sığorta” şirkətinin tələbələr ilə birinci işi deyil. Şirkət bundan əvvəl tələbə mübadiləsi çərçivəsində Rumıniyalı tələbəni şirkətdə təcrübə keçmək üçün qəbul etmişdi.


Xatırladaq ki, “Qarant Sığorta” Şirkəti 2007-ci il noyabrın 27-də fəaliyyətə başlayıb və ölkənin ən iri holdinqlərindən biri hesab olunan “ZQAN Holdinq”-ə daxildir. Şirkət həm fərdi, həm də korporativ müştərilərə 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət təklif edir.